Müsəlmanlar
Ehram halında nəsə yemək-içmək və çimmək olmaz?

Ehram halında nəsə yemək-içmək və çimmək olmaz?

Sual: Quranda qeyd olunur ki, həcc ibadəti vaxtı qadağan olan şeylər cidal (mübahisə, münaqişə, dava-dalaş), füsuq (fasiqliq, günahkarlıq, yalan danışmaq, düz yoldan uzaqlaşmaq) və rəfəsdir (seksual məzmunlu şeylər). Amma bəziləri deyirlər ki, biz orada bəzi şeyləri öz-özümüzə haram edirik. Misal üçün, danışmaq, yatmaq və sairə kimi şeyləri. Bu nə dərəcədə düzgündür?

Cavab: Xeyr, belə bir şey yoxdur. Həcc ibadətində ehram halında olduğunuz vaxt yata da bilərsiniz, yeyib-içə də bilərsiniz, tərlədiyiniz vaxt çimə də bilərsiniz.

Ehram geyilən paltar demək deyil. O paltarı tamamilə soyuna bilərsiniz. Çünki o paltarı çıxartmaq ehram halından çıxmaq demək deyil.

Ehram niyyət edib təlbiyə ((Təlbiyə həcc və yaxud ömrə üçün ehrama girən şəxslərin oxuduqları zikrdir. O zikr belədir: Ləbbeyk Allahummə ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək.)) gətirərərk həcc ibadətinə başlamaq deməkdir. Məsələyə bu baxımdan yanaşdıqda məlum olur ki, ehram (ihram) harama girmək deməkdir. Misal üçün, namaz qılmağa başladığımız vaxt: “Allahu Əkbər!”, – deyib başlayırıq. Buna təhrimə təkbiri deyilir. Təhrimə insanın özünü harama daxil etməsi deməkdir. Buradakı haram ifadəsi ilə haram iş görmək deyil, əksinə, müəyyən qadağaları pozmamağı öz öhdəsinə götürmək nəzərdə tutulur. Başqa cür desək, namaza başlayan insan namazdankənar işlərlə məşğul olmağı özünə bir növ qadağan edir. Misal üçün, namaz üstündə ola-ola əlini uzadıb bir stəkan su götürmür. Eləcə də, ondan soruşulan bir şeyə cavab vermir. Bu, ehramlı olmaq deməkdir. Yəni, namazın qadağaları başlamış olur. Oruc tutmağa başladıqdan sonra yemək-içmək və cinsi əlaqə kimi orucu pozan şeylərdən uzaq durmaq da belədir.

Gəlin, aşağıdakı ayəyə nəzər yetirək:

“Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti) əsnasında (qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır.” (Bəqərə, 2/197)

Burada cinsi əlaqəyə aparan hər növ təhrik edici sözlər danışmaq  (rəfəs) da qadağandır.

Yuxarıda da qeyd etdiyimiz kimi, ehram halında olan bir insan başqaları ilə danışa bilər, yuyunmaq və yemək-içmək kimi işləri rahatlıqla görə bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.