Müsəlmanlar

Bir övlad öz ateist atası ilə nə cür rəftar etməlidir?

Sual: Atamın 62 yaşı var. Allahı inkar edir, ateistdir. Anam və mən dinə müvafiq qaydada yaşayırıq. Atam bunu bəhanə edib evdən getdi. Başqa bir qadınla evləndi. Ondan 1 uşağı da oldu. Anam atamdan heç bir şey tələb etmədən boşandı. İndi nə atam bizi görür, nə də biz onu. Ona qarşı ürəkdən soyumuşuq. Bu halda atam və onun tərəfindən olan qohumlarımızla (əmi, bibi və sairə) nə cür rəftar etməliyik? Dində bu barədə nə deyilir?

Cavab: Ananız atanızdan boşanıb. Odur ki, onun atanıza – keçmiş ərinə qarşı heç bir məsuliyyəti yoxdur. Siz isə atanızın oğlusunuz. Onun o biri qadından olan uşağı da sizin atabir qardaşınızdır.

Atanız dinin düşməni olsa belə, onunla əlaqəni kəsməyiniz günahdır. İstər onu sevin, istər də sevməyin, əgər atanız və qardaşınızın ehtiyacları varsa, onların dolanışıq xərclərini ödəyin. Bu, sizin cavabdeh olduğunuz bir məsələdir. Həm də bu, atanızın ürəyinin yumşalmağına səbəb ola bilər.

Allah Təala Quranda belə buyurur:

“Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla yaxşı rəftar et. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman, 31/15)

“Adını çəkərək bir-birinizdən nəsə istədiyiniz Allaha qarşı çıxmaqdan uzaq durun və qohumluq əlaqələrini kəsməkdən çəkinin!” (Nisa, 4/1).

“Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı dosta-yoldaşa, yol üstündə olana və sizə xidmət edən kəslərə yaxşılıq edin. Allah əlbəttə, özünü bəyənib lovğalıq edənləri sevməz” (Nisa, 4/36).

“Qohum-əqrəbaya, miskinə və müsafirə – yol üstündə olana haqqını ver. Əlində-ovcunda olanı əbəs yerə sağa-sola səpələmə!” (İsra, 17/26).

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1194.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.