Müsəlmanlar

Quranı satmaq düzgündür?

Sual: Son vaxtlarda bəzi adamlar deyirlər ki, Quranı satmaq olmaz. İstər orijinalda, istərsə tərcüməsini. Buna sübut kimi Bəqərə 79 və Maidə 44-cü ayələri göstərirlər. Bu barədə nə deyərdiniz?

Cavab: Sualınızda qeyd edilən ayələrin Quranı satmaqla əlaqəsi yoxdur. Gəlin, həmin ayələrə birlikdə nəzər salaq:

“Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!” (Bəqərə, 2/79)

“Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” (Maidə, 5/44)

Ayələrdəki “satmayın” ifadəsi ilə nəzərdə tutulan budur:

Allahın müqəddəs kitabını, yəni, bir növ dini şəxsi mənafe və maddi maraqlar üçün istifadə etmək, Quran ayələrini lazım olduğu kimi deyil, istədiyi kimi şərh etmək, bir ayəni adamına görə oxuyub başqa ayələri oxumamaq, öz mövqeyini möhkəmləndirmək, özünü camaata şirin satıb bilikli kimi görünmək, heç kimin “xətrinə dəyməmək” və bunlara oxşar məqsədlərlə ayələri təhrif etmək.

Odur ki, Quran kitabını nəşr etmək və satmaq olar. Təbii ki, imkanı olan şəxslərin bu kitabı çap etdirib çoxaltmağı və təmənnasız paylamağı çox gözəl bir haldır. Amma dində belə bir şərt yoxdur. Çünki hər hansı bir kitab kimi Quranın nəşr və tərtibat işləri də zəhmət və maddi vəsait tələb edir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.