Müsəlmanlar

Cəhmiyyə

Sual: Cəhmiyyə nə deməkdir? Bu söz nəyi ifadə edir?

Cavab: Cəhmiyyə sözü Cəhm ibn Səfvanın (ö. H. 128, M. 745-ci il) adından yaranıb. Bu şəxsin etiqada dair fikirlərindən təşkil olunmuş məzhəbə və bu məzhəbi mənimsəyənlərə cəhmiyyə deyilir.

Bu məzhəb, İslam tarixində “qədəriyyə” olaraq tanıdılır.  Cəhmiyyə məzhəbi müşəbbihə və mücəssiməyə qarşı bir reaksiya kimi meydana gəlib. Bununla belə, bəzi alimlərin fikrincə onun yaranmağında Hind fəlsəfəsindən irəli gələn süməniyyə və digər fəlsəfi cərəyanların təsiri də olub. Alimlərin əksəriyyəti isə qədəriyyə/cəhmiyyə məzhəbinin əmələ gəlməsində əsas faktorun, “Cəbriyyəçilik” olduğunu qeyd edirlər ki, bu fikrə biz də qatılırıq.

İnsanların başına gələnin əvvəlcədən Allah tərəfindən yazıldığını, onların alın yazısı olduğunu təlqin edən Cəbriyyəçilik düşüncəsini Əməvilər də müdafiə etmiş və bu düşüncə onların zülümlərini ört-bas edən ən böyük siyasi düşüncəyə çevrilmişdi. Elədiklərini Allahın üstünə atmaq zalım və günahkar müsəlmanlardan bir çoxuna sərf elədiyi üçün bu əqidəni müdafiə etməyə başladılar. Əslində əməvilərin əksəriyyəti üzdə İslamı qəbul etmiş kimi görünsələr də düşüncələri Məkkə müşriklərindən (xüsusiylə qədər məsələsində) bir elə fərqli deyildi. 

Əməvilərin təlqin etdiyi Cəbriyyə əqidəsinə yəni, Allah tərəfindən əvvəlcədən təyin edilmiş bir qədərin olmadığını irəli sürənlərə ilk qarşı çıxan, Mabed əl-Cüheyni (öl.H.80/M.699) olmuşdur. 

Mabed əl-Cüheyni[1], insanların öz davranışlarında tamamilə sərbəst olduqlarını irəli sürmüşdür. Sonradan onun bu fikirlərini Cəhm ibn Səfvan[2] davam etdirmiş və bu məzhəb “Cəhmiyyə” olaraq tarixə keçmişdir. Qədər məsələsində ən çox haqlı olaraq, əsaslandığı ayələrdən birisi belədir:

“Biz aranızdakı mücahidləri və səbr edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq.” (Muhəmməd, 47/31).

Bu məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün müstəqil mənbələrə, tarix kitablarına, eləcə də Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((7-ci cild, İstanbul, 1993, s. 233-236. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz. İnternet şəbəkəsindən də lazımi məlumatı almaq mümkündür.

Qədərlə əlaqəli oxşar sual-cavaba aşağıdakı linkən baxa bilərsiz:

Rəsulullahın dövründə qəza-qədərə iman necə idi?

[1] Mabəd əl-Cüheynini qətl edənin zülmü ilə məşhur olan Hallacı Yusuf olduğu rəvayət edilir.

[2] Cəhm b. Səfvanı qətl edənin Abdülməlik ibn Mərvan olduğu rəvayət edilməkdədir,