Müsəlmanlar
Siqayə

Siqayə

Sual: Siqayə nə deməkdir? Bunun həcc və Məkkə ilə bir əlaqəsi var? Xahiş edirəm, izah edin.

Cavab: Siqayə (السقاية) sözünün lüğəvi mənası sulamaq, suvarmaq, su qabı-parç-piyalə, sulamaq yeri, su işləri ilə məşğul olmaq deməkdir. Dini ədəbiyyatda isə aşağıdakı mənada işlədilir:

Məkkədə zəmzəm və su işləri ilə əlaqədar peşə – məkkəlilərin və həc günlərində Kəbəni ziyarət etmək üçün gələnlərin su ehtiyacının ödənməsi vəzifəsi.

Yeri gəlmişkən, siqayə sözü Quranda su qabı-piyalə mənasında Yusuf surəsinin 70-ci ayəsində, bir termin kimi də Tövbə surəsinin 19-cu ayəsində işlədilir.

Siqayə işi həzrəti İbrahim peyğəmbərdən bəri olub. Belə ki, o vaxt da Kəbəni ziyarət etmək məqsədilə Məkkəyə gələnlər Allah qonağı hesab olunurdular.

Həzrəti Muhəmmədə peyğəmbərlik verildiyi vaxt siqayə işi Abbas ibn Abdulmuttalibdə idi. Bu xidmət İslam dininin yarandığı vaxt da davam etdirilmişdir.

Hazırda isə Səudiyyə Ərəbistanı dövləti tərəfindən aparılan Məscidi-Həram işləri nəticəsində zəmzəm yerin altına salınıb. Odur ki, siqayə xidməti aradan qaldırılıb. Yəni, indiki dövrdə bu iş üçün xüsusi bir komitə yaradılmır. Oraya gələnlər rahatlıqla su ilə təmin olunduğu üçün buna ehtiyac qalmır.

QEYD: Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün Türkiyə Diyanət Vəqfinin nəşr etdiyi İslam ensiklopediyasının 37-ci cildinə müraciət edə bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.