Müsəlmanlar
Terror qurbanı olan əsgər şəhid hesab olunur?

Terror qurbanı olan əsgər şəhid hesab olunur?

Sual: “Allah yolunda olanlar” kimlərdir? İndi hamı özünün Allah yolunda olduğunu deyir. İndiki dövrdə vəzifəsini (xidmət) yerinə yetirərkən və yaxud ruzi qazanmaq üçün işlədiyi vaxt ölənlərə də şəhid deyilir. Görəsən, ölkənin müdafiəsində (döyüş və sairə) həlak olan əsgər, jandarma və polislər Allah yolunda öldürülmüş hesab olunurlarmı? Terror aktları zamanı həlak olan əsgərlər də şəhid hesab edilirlər?

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, Allah yolunda olmaq məsələsi insanın inanc (əqidə, iman) və hərəkətlərindən asılı olan bir məsələdir.

Səhv etmirəmsə, Xeybər döyüşü vaxtı belə bir hadisə baş verib:

“Muhəmməd peyğəmbər (s. a. v.) müşriklərlə qarşılaşdı və onlarla döyüşdü. Elə oldu ki, peyğəmbər (s. a. v.) geri çəkildi. Düşmən tərəf də geri çəkildi. Peyğəmbərin (s. a. v.) əshabələrindən bir nəfər tək başına düşmənin arxasınca düşüb qılıncı ilə onları vururdu. Bəzi adamlar dedilər ki, bu gün bizim heç birimiz onun döyüşdüyü kimi döyüşə bilmədi.

Bu sözləri eşidən peyğəmbər (s. a. v.) belə buyurdu:

“Amma o, cəhənnəmlikdir”.

Adamlardan biri dedi ki, mən onu izləyəcəyəm; görüm bu işin axırı necə olacaq? Sonra onunla birlikdə getdi. Həmin şəxs harada dayandısa, bu biri də orada dayandı. Sürətini artırdığı vaxt bu da onunla ayaqlaşmaq üçün sürətləndi. Birdən elə oldu ki, düşmənin arxasınca düşüb döyüşən şəxs çox ağır bir yara aldı. Dərhal ölmək istədi. Bunun üçün qılıncını yerə qoyub ucunu öz sinəsinə dirədi. Sonra bütün ağırlığını var gücü ilə qılıncın üstünə salıb intihar etdi. Yanındakı adam peyğəmbərin (s. a. v.) yanına gedib belə dedi:

“Mən sənin həqiqətən də, Allahın elçisi olduğuna şahidlik edirəm”.

Peyğəmbər (s. a. v.) ondan soruşdu ki, sənə nə olub?

Həmin adam sözlərinə belə davam etdi:

“Ey peyğəmbər, bayaq sən dedin ki, o adam cəhənnəmlikdir. Hamı buna təəccübləndi. Mən də demişdim ki, mən bu məsələylə maraqlanacağam. Odur ki, onun arxasınca düşdüm. Birdən o ağır yaralandı. Əgər Allah yolunda döyüşsəydi, səbr edərdi. O isə dərhal ölüb getmək istədi. Ona görə də qılıncının qəbzəsini yerə söykəyib ucunu sinəsinə dirədi. Sonra bütün ağırlığını qılıncın üstünə salıb intihar etdi”.

Bütün bunlar göstərir ki, əgər bir insanın əqidəsi təmiz və möhkəm deyilsə, Muhəmməd peyğəmbərlə (s. a. v.) birlikə döyüşdə iştirak etsə belə, Allah yolunda olmur.

Məlumdur ki, Təbuk səfəri Qurani-Kərimdə çox çətin bir səfər kimi təsvir edilir. Həmin döyüşdə münafiqlər də iştirak ediblər. Biz bunu Qurandan öyrənirik. ((Baxın: Tövbə surəsi, ayələr (təxmini): 38-39, 81, 83, 90-93, 102, 117-118.))

Deməli, bir insanın Allah yolunda olub olmamağı tamamilə onun öz inanc, seçim və qərarı ilə əlaqədardır. İstər terrora qarşı mübarizədə, istər döyüşdə, istərsə də başqa bir formada olsun, əgər insanın əqidə və məramı gördüyü işi Allah üçün görmək, Allahın əmr və qadağalarını – Onun dinini tətbiq etməkdirsə, şübhəsiz ki, öldüyü vaxt Allah yolunda ölmüş hesab olunur.

Qısa desək, bu məsələdə insanın öz inancı olduqca vacibdir. Bunu qiymətləndirən də Allah Təaladır. Mükafat və ya cəzanı da O verəcək.

Biz ancaq bu məsələləri Allahın qoyduğu qayda-qanuna əsasən şərh edə bilərik. Odur ki, insn gördüyü işi Allahın razılığını (riza) qazanmaq üçün görürsə və bu sahədə öldürülməyə belə, razı olur və həlak olursa, əlbəttə ki, Allah yolunda öldürülmüş hesab edilir.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabı da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3164.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.