Müsəlmanlar
Fatihə surəsi neçə ayədir? Bismillah bu surənin 1-ci ayəsidir?

Fatihə surəsi neçə ayədir? Bismillah bu surənin 1-ci ayəsidir?

Sual: Fatihə surəsi neçə ayədir? Bismillahi-r-Rəhmani-r-Rəhim cümləsi bu surənin bir ayəsi hesab olunur. O biri surələrdə isə ayə sayılmır. Bu məsələni necə başa düşək?

Cavab: Bəli, Türkiyədəki Quranlarda “Bismillahir-Rəhmanir-Rəhim” ifadəsi Fatihə surəsində 1-ci ayə kimi qeyd olunur. Başqa ölkələrdə də bəzi nəşrlərdə vəziyyət belədir.

Hənəfi məzhəbi bu ifadəni Quran ayəsi kimi qəbul etmir.

Hənbəli məzhəbində də eyni fikirdə olanlar var.

Buna görə də bizim Hənəfi bölgələrimizdə namaz qıldıqda Fatihə oxunmazdan qabaq “Bismillahir-Rəhmanir-Rəhim” ifadəsini ucadan demirlər. İstər səsli namaz olsun, istər olmasın, bu sözü ürəkdən deyirlər, ucadan demirlər.

Şafeilər və Cəfərilər isə namazda bunu uca səslə deyirlər.

Bütün bunların səbəbi bu məsələyə dair gələn hədis rəvayətlərinin müxtəlif formada təhlilindən irəli gəlir.

Fatihə surəsinin 7 ayədən ibarət olması qətidir. Çünki Qurani-Kərimdə bunun belə olduğunu göstərən: “Səban məsani (o məsanidən 7)” ifadəsi var.

Fatihə surəsi bütün Quranı xülasə edən bir surədir. Ayələrinin sayının 7 olması da həm Quran, həm də hədislərə əsasən dəqiqdir.

“Bismillahir-Rəhmanir-Rəhim” ifadəsini Fatihənin 1-ci ayəsi hesab etməyənlər: “Sirata-l-ləzinə ənamtə aleyhim” ifadəsini 6-cı ayə kimi qəbul edirlər. Yəni, axırıncı ayəni 2 yerə bölürlər.

Qeyd edək ki, “Bismillahir-Rəhmanir-Rəhim”in Fatihənin 1-ci ayəsi olduğunu deyənlər çoxluq təşkil edirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.