Müsəlmanlar

Araya vasitəçi qoyub dua etmək düzgündür?

Sual: Biz Allahdan bəzi böyük şəxslərin hörməti xatirinə duamızı qəbul etməsini istəyə bilərik? Məsələn, «Ya Rəbbi, həzrəti Mühəmmədin hörməti xatirinə və ya böyük övliyalar, şəhidlər və saleh bəndələrin hörməti naminə bizim dualarımızı qəbul et», - deyib dua etmək olar?

Cavab: Süleyman Çələbinin Mövlud əsəri kimi kitablarda bu cür dualar var. Lakin belə dua etmək olmaz. Bu məsələ ilə əlaqədar olaraq Hənəfi alimlərindən biri olan İbn Əbil-İzz belə deyir:

“İnsanın Allahdan başqasını öz duasının qəbul edilməsinə vasitəçi tutmağı və onunla təvəssül etməyi caiz deyil. O, əslində belə demək istəyir: “Filankəs sənin saleh bəndələrindən olduğuna görə mənim duamı qəbul et”. Bəs onun Allahın saleh bəndəsi olmağı ilə bu birisinin (dua edənin) duası arasında nə əlaqə ola bilər? Bu, duada həddi aşmaq deməkdir. Allah Təala buyurur:
“Rəbbinizə gizlicə və yalvarıb yaxararaq dua edin; O, həddini aşanları həqiqətən də, sevməz” (Əraf, 7/55)”.
Yuxarıda haqqında danışılan və bu qəbildən olan dualar sonradan uydurulub qondarılmış dualardır. Nə peyğəmbərdən (s. a. v.), nə əshabədən, nə tabiindən, nə də imamlardan bu cür dua nəql edilib. Başqa sözlə, onların heç birinin belə duası olmayıb! Allah onların hamısından razı olsun! Bu cür şeylər ancaq cahillərin və bəzi təriqətçilərin yazdığı tilsimlərdə olur. ((Əli ibn Məhəmməd ibn Əbil-İzz əd-Dəməşqi (vəfat tarixi hicri 792, miladi 1390-cı il), Şərhul-əqiətit-təhaviyyə, Beyrut, 1408/1988, I cild, s. 295-297))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.