Müsəlmanlar
Ata-anaya: “Uf!”, – deməmək əmri qaynanaya da aid edilir?

Ata-anaya: “Uf!”, – deməmək əmri qaynanaya da aid edilir?

Sual: Dərsinizə internetdən qulaq asan bir qadın soruşur: Quranın bir ayəsində deyilir ki, ata-ana sizin yanınızda qocaldığı vaxt onlara: “Uf”, - da deməyin. Görəsən, buna yanımızdakı qaynana və qaynata da daxildir? Yoxsa təkcə öz ata-anamızla belə rəftar etməliyik?

Cavab: Təbii ki, qaynata və qaynana gəlinin doğma ata-anası kimi deyillər. Ancaq bizim adət-ənənəmizə əsasən öz valideynləri kimidirlər. Allah bu məsələ ilə əlaqədar olaraq belə buyurur:

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!”. (İsra, 17/23)

Burada bəzi mühüm məqamlar var. Hər şeydən əvvəl qocalıq dövrü bir növ uşaqlıq kimidir. Uşağın üstünə qışqırırlar, amma qocaya bağırmaq olmaz. Çünki insan qocaldıqca uşaqlaşıb kövrəlir. Yasin surəsində belə deyilir:

“Kimə uzun ömür veririksə, onu xilqətcə (yaradılış baxımından) tərsinə çeviririk”. (Yasin, 36/68)

Deməli, yaşlı insanlara xüsusi hörmət göstərmək lazımdır. Çünki onlar həm böyük, həm də kiçikdirlər. Bir də görürsünüz ki, çox müdrik söhbətlər edirlər, bəzən də uşaq kimi mühakimə yürüdürlər. Bu çox təbii bir haldır. Allah da əmr edir ki, onlara uf da deməyin və onlara qarşı qayğıkeş olun. Yəni, maraq göstərin, onlarla maraqlanın və xoş sözlər deyin.

Bunlar bizim borcumuzdur. Qaynana və qaynata gəlinin ata-anası deyil. Bu məlumdur. Amma onlar onun ərinin ata-anasıdırlar. Elə isə həm ərinin razı qalmağı, ən əsası da Allah Təalanın rizası üçün onlara qarşı olduqca yaxşı hərəkət etməli, xoş üz göstərməli və qayğılarına qalmalıdır.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1570.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.