Müsəlmanlar
Quran 23 ildə nazil olub, yoxsa 1 ayda?

Quran 23 ildə nazil olub, yoxsa 1 ayda?

Sual: Bizə belə öyrədiblər ki, Quran 23 ildə nazil olunub. Bəqərə surəsinin 185-ci ayəsində də deyilir ki, Quran Ramazan ayında endirilib. Bunu necə başa düşmək olar? Quran 23 ildə, yoxsa 1 ayda nazil edilib?

Cavab: Bəqərə surəsinin 185-ci ayəsində, eləcə də Duxan surəsinin ilk ayələri və Qədr surəsində deyilir ki, Quran Ramazan ayındakı mübarək bir gecədə (Qədr gecəsi) endirilib. Həmin ayələr aşağıdakı kimidir:

“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, haqqın açıq dəlillərini ehtiva edən və doğrunu səhvdən [haqqı batildən] ayrıan Quran o ayda endirilmişdir”. (Bəqərə, 2/185)

“Ha, Mim. O açıq-aydın kitaba and olsun ki, Biz onu mübarək bir gecədə endirdik. Çünki Biz xəbərdarlıq edənik. Həmin gecə hər hikmətli buyuruq ayırd edilir və dərgahımızdan bir əmrlə göndərilir”. (Duxan, 44/1-5)

“Şübhəsiz ki, Biz Quranı Qədr gecəsində endirdik”. (Qədr, 97/1)

Bu ayələrdə Quranın bir dəfədə deyil, Ramazan ayında və Qədr adlandırılan mübarək bir gecədə nazil edilməyə başlandığınından danışılır. Əks təqdirdə, səhvən bütöv Quranın bir gecədə endirildiyini düşünmək olar; ki, bu aşağıdakı ayəyə zidd bir fikirdir:

“Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik”. (Furqan, 25/32)

Əlavə olaraq bilinməlidir ki, Quran əvvəldən axıradək oxunduğu vaxt onun uzun bir müddət ərzində nazil edildiyini başa düşmək olur. Həm Məkkə dövrünə, həm Mədinə dövrünə toxunan ayələrə, eyni zamanda peyğəmbərimizin və əshabələrinin apardıqları mübarizə və iştirak etdikləri döyüşlər, kafir, münafiq və əhli-kitabdan olanların əməlləri kimi amillərin hamısı Quranın bir dəfədə endirilmədiyini göstərir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.