Müsəlmanlar
Quranda şikəst doğulmaqla əlaqədar ayələr var?

Quranda şikəst doğulmaqla əlaqədar ayələr var?

Sual: Məlumdur ki, bəzi körpələr şikəst doğulurlar. Dində bu məsələ nə cür izah olunur? Quranda buna dair bir ayə var?

Cavab: Quranda birbaşa əlil doğulmaqla əlaqədar bir ayə yoxdur. Lakin ayələrdə bəzi  xüsusi və vacib məqamlar var. Belə ki, ayələrdə dünya həyatının bir hissəsi kimi imtahan üçün bəzi insanlarda bəzi fiziki qüsurlar olması vurğulanır. Ancaq bu qüsurlar həqiqi qüsur kimi qəbul edilmir. Allah buyurur ki, əsl eyib – həqiqi qüsur fiziki baxımdan görə bilməmək (karlıq, lallıq və sairə də bunlara daxildir) deyil; özünü haqqa qarşı bilə-bilə (qəsdən) görməməzliyə, eşitməməzliyə vurmaqdır.

“Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can [oğul-uşaq, övlad] və məhsul qıtlığı ilə imtahana çəkərik. [Ey peyğəmbər!] Səbr edənlərə müjdə ver!”. (Bəqərə, 2/155)

“Əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur”. (Həcc, 22/46)

Əlavə olaraq qeyd edək ki, Quranda fiziki cəhətdən qüsurlu olanlar üçün bir çox asanlıqlar var. Bununla bağlı ayələr belədir:

“Allaha və Onun Elçisi üçün (insanlara) öyüd-nəsihət verdikləri təqdirdə zəiflərə və (döyüşdə) vuruşmağa vəsait tapa bilməyənlərə günah yoxdur. Çünki yaxşılıq edənlərin əleyhinə bir yol (məsuliyyət) yoxdur. Allah çox bağışlayan və mərhəmət edəndir”. (Tövbə, 9/91)

“Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz)”. (Nur, 24/61)

“(Döyüşə getməməkdə) kora günah yoxdur, çolağa günah yoxdur, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, Allah onu altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər”. (Fəth, 48/17)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.