Müsəlmanlar
İnternet klub

İnternet klub

Sual: Bir müsəlman internet klub işlədə bilərmi? Bu məsələyə dində necə baxılır?

Cavab: İnsanların vaxt öldürməsi, pornoqrafik və erotik saytlara girməsi və əks cinslə əxlaqsız şeylər danışması üçün internet klub açmaq olmaz. Lakin əgər cavanları boş-boş gəzməkdən xilas etmək, çayxanalardan çəkib çıxarmaq və heç olmasa, faydalı bir işə istiqamətləndirmək niyyəti və fikri ilə olsa, bunu müəyyən qədər başa düşmək olar. Əslində bunda da olduqca diqqətli olmaq lazımdır. İnternet kluba gələnlərin qeyri-əxlaqi saytlara və qumar saytlarına daxil olmasının qarşısını almaq üçün mütləq lazımi tədbirlər görülməlidir.

Bizim fikrimizcə, çata da maneə qoyulmalıdır. Çünki çat insanlarda müalicəsi mümkün olmayan psixoloji narahatlıqlara, əxlaqsızlığa, əsl ad və şəxsiyyəti gizlətməklə yalançılığa, əks cinslərlə edilən əxlaqsız söhbətlərə, ailələrin dağılmasına və bu kimi hallara səbəb olur. Bir müsəlman belə tələlərə düşməməlidir.

Peyğəmbərimiz (s. a. v.) bildirib ki, insanların çoxu asudə vaxtlarını qiymətləndirmək məsələsində səhvə yol verirlər. Buna əsasən müsəlman bir şəxs öz boş vaxtlarını faydalı şeylərlə məşğul olmaqla keçirməlidir. Çatla məşğul olmaqla boş vaxtını faydasız şeylərə qurban vermək müsəlmana yaraşmaz. Başqa sözlə, belə mənasız işlərə vasitəçilik etməyə də yaxşı baxmaq olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.