Müsəlmanlar
İslam dinində içki içməyin dəqiq bir cəzası var?

İslam dinində içki içməyin dəqiq bir cəzası var?

Sual: İçki içməyin Quran və Sünnədə konkret bir cəzası var? Bəzi mənbələrdə qeyd olunur ki, Muhəmməd peyğəmbər və xəlifə Ömər içki içənlərə cəza kimi 40 şallaq və ya dəyənək vurdurublar. Bunlar düzdür?

Cavab: Cəzalar İslam hüququnda qisas, hədd təzir olmaqla 3 əsas qrupa ayrılır. Quran və mötəbər Sünnədə müəyyən edilən, qisas və diyənin (qanbahası) xaricində qalan cəzaları bildirən Fiqh (İslam hüququ) termininə hədd deyilir. Təzir isə hədd və qisas cəzalarından olmayan və ictihad vasitəsilə müəyyənləşdirilən cəzaları ifadə edir.

Qurana əsasən hədd cəzaları aşağıdakılardan ibarətdir:

1) Zina edənə 100 şallaq (qamçı, cəldə) vurmaq.

2) Namuslu (iffətli, həyalı) bir qadına zina etdiyinə dair böhtan atan şəxsə 80 şallaq vurmaq və əlavə olaraq, onun şahidliyini qəbul etməmək.

3) Oğrunun əlini kəsmək.

4) Silahlı qarət (soyğun, qəsb), yol kəsmək və quldurluq kimi cinayətləri edən şəxsləri öldürmək, onları asıb edam etmək, əl və ayaqlarının çarpaz formada kəsmək və ya sürgün etmək.

“Quran və Sünnədə içki içmək və sərxoş olmağın açıq-aydın formada qadağan olması ilə yanaşı, içki içən şəxsə həzrəti peyğəmbərin dövründə kəmiyyət və keyfiyyət baxımından bir-birindən fərqlənən cəzaların və əlavə cəzaların tətbiq olunması ((Buxari, Hüdud, 4; Əbu Davud, Hüdud, 35-36; Şövkani, 7-ci cild, s. 156-157.)) , xəlifə Əbu Bəkrin içki içənə 40, xəlifə Ömərin isə əshabələrlə apardığı məsləhətləşmələr nəticəsində 80 dəyənək vurdurması ((Əbu Davud, Hüdud, 37; Şövkani, 7-ci cild, s. 156-157.)) , bu cəzanın nə dərəcədə hədd cəzası hesab oluna biləcəyi ilə əlaqədar mübahisələrə də səbəb olmuşdur.

Hənəfi, Maliki və Hənbəli fəqihlərinin fikirlərinə əsasən içki içənə tətbiq olunan 80 dəyənək cəzasının hamısı hədd, Şafi, Zahiri və Zeydilərə əsasən isə ilk 40 dəyənək hədd, ikinci hissə isə təzir kateqoriyasına daxildir.

Hər iki tərəf də içki içənə 40 və yaxud 80 dəyənək cəza verilməsi məsələsində əshabələrin arasında həmfikirlik olduğunu irəli sürsə də, həzrəti peyğəmbər və raşidi xəlifələrin dövründə müxtəlif cəzaların verildiyini də nəzərə almaq lazımdır. Çünki bu vaxt belə bir nəticə alınır ki, peyğəmbərin tətbiq etdiyi cəzalar belə, təzir kateqoriyasına daxil edilə bilər.” ((Ətraflı məlumat üçün baxın: Ali Bardakoğlu, Diyanet İslam Ansiklopedisi, “Had” bəndi (Türk dilində), İstanbul, 1996, 14-cü cild, s. 548.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.