Müsəlmanlar

İçki satılan yerdən ayın-oyun almaq olar?

Sual: İçki satılan bir yerdən adi bazarlıq etmək olar? Yəni, içki deyil, çörək, qənd, yağ, pendir və sairə kimi şeylər almaq olar? Başqa bir sualım da var: Bir insan içmək məqsədilə deyil, yəni, başqaları içməsin deyə, alıb zibilə atmaq niyyəti ilə içki ala bilər? Bu insan belə etsə, xeyirli iş görər, yoxsa pis iş?

Cavab: Satıcının nəyi satıb satmadığı vacib deyil. Əsas sizin nə almağınızdır. Buna görə də market, mağaza və ya bufetində digər qida məhsulları ilə yanaşı, içki də satan bir nəfərdən bir şey almaq haram deyil. Lakin içki satışına etiraz əlaməti olaraq bazarlığınızı içki satmayan yerlərdən etsəniz, gözəl bir iş görərsiniz.

Allah Təala belə buyurur:

“Ey iman edənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız”. (Maidə, 5/90)

Uzaq durmaq arada məsafə saxlamaq deməkdir. Bu səbəbə görə peyğəmbər (s. a. v.) belə buyurub:

“Ənəsdən (r. a.) nəql olunan rəvayətə əsasən Allahın peyğəmbəri sərxoşedici içki ilə əlaqədar olaraq 10 nəfərə lənət yağıdırıb: “Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə (süzən, paylayan), satana, pulunu yeyənə, satın alana və satın aldırana”. (Tirmizi, Büyu, 59)

İçində içki də satılan yerlərdən alver edən şəxs yuxarıda sadalananların siyahısına daxil deyil amma Allahın “içkidən uzaq durmaq” barədə əmrini yerinə yetirmək üçün başqa yerləri seçməlidir. Belə edərsə, savab qazanar.

Digər sualınıza gələk. Bir müsəlmanın hansı məqsədlə olursa, olsun, içki almağı düzgün deyil. Çünki fiqh elminə əsasən Allahın haram etdiyi mallar alış-satışa qoyula bilməz. Buna görə də bir müsəlmanın belə bir iş görməyi əsla düz deyil!

İçkiyə qarşı mübarizə aparmaq əvəzinə içki içənlərlə mübarizə etmək və onlara bu məsələnin əslini başa salmaq lazımdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.