Müsəlmanlar
Qadınlar niyə iqamə demirlər?

Qadınlar niyə iqamə demirlər?

Sual: Qadınlar namaz qıdıqları vaxt nə üçün əvvəlcə iqamə gətirmirlər?

Cavab: Hənəfi məzhəbinin fikirlərinə əsasən qadınların tək başına və yaxud öz aralarında (dəstə halında) namaz qılqıqları vaxt iqaməni deməkləri məkruh hesab olunur.

Hənəfilər bu fikirlərini aşağıdakı hədislə əsaslandırırlar:

“Qadınlara azan da, iqamə də lazım deyil”. ((Beyhəqi, 1-ci cild, s. 408.))

Bu hədisin bir versiyası Əsma binti Əbu Bəkrdən (r. a.) mərfu hədis kimi, digəri isə Abdulla ibn Ömərdən (r. a.) mövquf olaraq rəvayət olunub. Alimlər Əsma hədisinin isnadındakı ravilərdən Əl-Həkəm ibn Abdullah ibn Sədin mötəbər (etibarlı) bir şəxs olmadığını, eləcə də onun hədislərinin nəzərə alınmadığını deyirlər. Əlavə olaraq Abdulla ibn Ömər hədisinin sənədindəki ravilərdən Abdullah ibn Əl-Eylinin də zəif bir ravi olduğunu bildirirlər. Ona görə də hər iki hədis zəif hədis kimi qəbul olunur. ((Kasani, Bədaiu-s-Sənai, təhqiq edib nəşrə hazırlayan Muhəmməd Muhəmməd Tamir, Muhəmməd Səid Zeyni, Vəcih Muhəmməd, 1-ci cild, s. 478.))

İmam Şafii və Əhməd ibn Hənbəl isə belə hesab edirlər ki, qadınlar iqamə gətirsələr, eybi yoxdur. Gətirməsələr də olar; bu da caizdir.

Aişə anamız barədə deyilir ki, o, əzan oxuyub və iqaməni deyib. Eyni zamanda qadınlara pişnamazlıq da edib. ((İbn Qüdamə, Müvəffəquddin Əbu Muhəmməd Abdulla ibn Əhməd, İbn Qüdamə Əl-Məqdisi, Şəmsəddin Əbul-Fərəc Abdurrahman ibn Əbu Ömər Muhəmməd ibn Əhməd, Əl-Muğni və-ş-şərhul-kəbir alə mətnil-muqni, Darul-fikr nəşriyyatı, Beyrut, 1984-cü il, 1-ci cild, s. 467, 582-ci fəsil.))

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.