Müsəlmanlar

Peyğəmbərə salavat demədən dua etmək olmaz?

Sual: Dua etməyə başlamadan əvvəl mütləq peyğəmbərimizə salatu-salam (salavat) gətirmək lazımdır? Deyilənə görə salavat oxumadan dua Allah Təalaya gedib çatmır. Bu nə dərəcədə düzdür?

Cavab: Namaz qıldıqdan sonra və yaxud da dua edildiyi vaxt duaya Allaha həmdü-səna və peyğəmbərimizə salavatla başlamaq şərt deyil, tövsiyədir. Bir hədis belədir:

Fəzalə ibn Übeyddən (r. a.) nəql edilir ki, o belə deyib: Rəsulullah (s. a. v.) məsciddə oturmuşdu. Bir nəfər gəlib namaz qıldı. Sonra belə dua etdi:

“Allahım, məni bağışla. Mənə mərhəmət et”.

Bunun üstündən peyğəmbər buyurdu:

“Ey namaz qılan, sən tələsdin. Namaz qılıb oturduğun vaxt Allaha layiq olduğu kimi həmd et, sonra mənə salavat və salam de, ardınca da hansı duanı edəcəksənsə, et”.

Sonra başqa bir nəfər də namaz qıldı. Namazdan sonra Allaha həmdü-səna edib peyğəmbərə salavat gətirdi. Başqa bir iş görmədi. Peyğəmbər o adama belə dedi:

“Ey namaz qılan kəs! Dua et, duan qəbul olunsun (müstəcəb olsun)”. ((Tirmizi, Dəavat, 65.))

Bəziləri deyirlər ki, peyğəmbərimizə salavat gətirməmiş dualar Allah qatına yüksəlməz. Onlar aşağıdakı hədis rəvayətini əsas tuturlar:

Ömər ibn Xəttabdan (r. a.) rəvayət olunduğuna əsasən o belə deyib:

“Dua göylə yerin arasında qalır. Peyğəmbərə (s. a. v.) salavat gətirənə qədər həmin duadan heç bir şey Allah qatına yüksəlmir”. ((Tirmizi, Səlat, 352.))

Tirmizinin hədislərini şərh edən Əl-Mübarəkfuri isə bu sözün peyğəmbərimizə deyil, həzrəti Ömərə məxsus olduğunu bildirmiş, hədisin sənədindəki ravilərdən Əbu Qurra Əl-Əsədinin məchul (bilinməyən, tanınmayan) bir nəfər olmağına görə bu hədisin zəif hədis olduğunu demişdir. ((Əl-Mübarəkfuri, Töhfətul-Əhvəzi, 2-ci cild, s. 357, 486-cı hədisin şərhi.))

Ulu Allah buyurur ki, mənə dua edin, duanızı qəbul edim. Mənə ibadət etməyə təkəbbürlülük göstərənlər xor (zəlil) və alçalmış olaraq Cəhənnəmə girəcəklər. (Mömin, 40/60.)

Göründüyü kimi, ayədə duadan əvvəl həmdü-səna və salavat gətirmək kimi bir şərtdən danışılmır.

Allah Təala Quranda açıq-aydın formada Ondan necə kömək istəmək lazım olduğunu bildirib. Bununla əlaqədar ayələr belədir:

“Ey iman gətirənlər! Səbr və namazla Allahdan kömək diləyin. Çünki Allah şübhəsiz, səbr edənlərlə bərabərdir”. (Bəqərə, 2/153.)

“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”. (Bəqərə, 2/186.)

“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar”. (Əraf, 7/180.)

“Rəbbinizə yalvara-yalvara və gizlincə dua edin. Çünki O, həddini aşanları sevməz”. (Əraf, 7/55.)

“Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir”. (Fatir, 35/10.)

Axırıncı ayədəki yaxşı əməl sadəcə olaraq salatu-salamdan ibarət deyil. Ona görə də yuxarıdakı hədisin ayələrlə üst-üstə düşmədiyini rahatlıqla deyə bilərik.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.