Müsəlmanlar
Ramazan ayı neçə gündür?

Ramazan ayı neçə gündür?

Sual: Ramazan ayının 30 gün olduğuna dair dini bir dəlil-sübut var?

Cavab: Qəməri aylar bəzən 29, bəzən də 30 gün çəkir. Bu ayların nə vaxt başlayıb qurtardığı məsələsi aparılan müşahidələrlə müəyyənləşdirilir. Cari qəməri ayın 29-cu günü günəş batdıqdan sonra ertəsi gün ayın hilalı müşahidə edilir. Bu təzə hilal günəşin batmasından bir müddət sonra batdığına görə onu diqqətlə müşahidə etmək lazımdır. Qərb üfüqündə toz, tüstü, duman, bulud, sis və ya tutqunluq olduğu vaxt müşahidə aparmaq çox çətin, hətta qeyri-mümkün olur. Hilal görülmədiyi təqdirdə cari ay 30 günə tamamlanır. Artıq 30-cu gün axşam vaxtı hilalı müşahidə etməyə ehtiyac qalmır. O gün günəşin qürub etməsi ilə ikinci ay başlayır. Çünki heç bir qəməri ay 30 gündən artıq olmur.

Peyğəmbərimiz Muhəmməd əleyhissəlam bu məsələ ilə əlaqədar belə buyurub:

“Ramazan hilalını görəndə oruc tutmağa başlayın, Şəvval hilalını görəndə isə oruc tutmağa son verin. Əgər bulud ucbatından hilalı müşahidə etmək mümkün olmasa, Şaban ayını 30 günə tamamlayın”. ((Buxari, Savm (oruc), 11.))

Başqa bir hədis isə belədir:

“Biz ümmi bir millətik. Yazmağı və hesabı bilmirik. Ay (barmaqları ilə göstərərək) belə, elə, belədir. (Əbu Davud dedi ki, ravi) Süleyman üçüncü işarədə bir barmağını qatladı. Yəni, ay 29 və ya 30 gündür”. ((Buxari, Savm, 11, 13; Müslim, Siyam, 4, 10, 12, 13, 15; Əbu Davud, Savm, 4; İbn Macə, Savm, 8; Nəsai, Savm, 17; Əhməd ibn Hənbəl, 1/184; 2/43, 52, 122, 129.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.