Müsəlmanlar
Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar?

Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar?

Sual: Qəbristanın yanından keçdiyimiz vaxt musiqiyə qulaq asa bilərik? Yoxsa həmin vaxt musiqiyə qulaq asdığımız cihazı bağlamalıyıq? Ümumiyyətlə, bu haramdır, yoxsa məkruh?

Cavab: Dində bir şeyə haram demək üçün gərək o şeyin haqqında qəti bir dəlil-sübut olsun. Sizin qeyd etdiyiniz məsələyə dair qadağan edici qəti bir dəlil yoxdur. Odur ki, buna haram demək olmaz. Bir sözlə, qəbristanlığın yanından keçərkən maşındakı maqnitofon və sairə kimi cihazlardan gələn musiqi səsini azaltmaq və yaxud cihazı tamamilə bağlayıb söndürmək adət-ənənədir; dini cəhətdən məcburi deyil. İnsanlar bunu adətən hörmət əlaməti kimi qəbul edirlər.

Qəbristanlığın içindən və yanından keçdikdə, yaxud oranı ziyarət etdikdə qəbirlərdə yatan müsəlmanlara salam verib dua etmək lazımdır. Bu barədə peyğəmbərimizdən (s. a. v.) nəql olunan mötəbər rəvayətlər var. Onlardan bəziləri aşağıdakı kimidir:

Həzrəti Ayşədən (r. a.) nəql olunduğuna görə peyğəmbər (s. a. v.) hər gecə, gecənin axırlarına doğru Bəqi qəbristanlığına gedir və belə deyirdi:

“Sizə salam olsun ey möminlər diyarı! Sizə sabah veriləcəyi vəd olunan şey verilib. Siz gözləyirsiniz (gözlədilirsiniz). İnşallah biz də sizə qoşulacağıq. Allahım! Bu Bəqi-i-Ğərqadda (بقيع غرقد) yatanlara məğfirət et”. ((Müslim, Cənaiz, 102 (974).))

Müslimin Səhih külliyatındakı başqa bir rəvayətə əsasən həzrəti Ayşə (r. a.) peyğəmbərimizdən soruşub ki, qəbirdəki ölülər üçün necə dua etmək lazımdır? Peyğəmbər (s. a. v.) bu suala belə cavab vermişdir:

“Salam olsun mömin və müsəlmanlardan bu diyarda yatanlara! Allah bizim keçmişlərimizə (bizdən əvvəlkilərə) də, gələcəklərimizə (bizdən sonra gələnlərə) də rəhmət etsin. Biz də inşallah sizə qoşulacağıq”. ((Müslim, Cənaiz, 103. Əlavə olaraq baxın: Nəsai, Cənaiz, 103.))

Müslimin külliyatında mövcud olan digər bir rəvayətə əsasən peyğəmbərimiz əshabələrə qəbirdə yatanlara belə dua etməyi öyrədib:

“Salam olsun sizə ey bu diyarın mömin və müsəlman olan camaatı! Biz də inşallah (sizin) yanınıza gələcəyik. Allahdan bizim və sizin üçün məğfirət diləyirəm”. ((Müslim, Cənaiz, 104 (975).))

İbn Abbasdan (r. a.) rəvayət olunduğuna görə o, belə demişdir:

“Rəsulullah (s. a. v.) Mədinə qəbristanlıqlarını ziyarət etdi və üzünü qəbirdəkilərə tərəf çevirib belə dedi”:

“Ey bu qəbirlərdə yatanlar! Allahın salamı sizin üstünüzə olsun! Allah bizi də, sizi də bağışlasın. Siz bizim qabağımızdan gedənlərsiniz. Biz də sizin izinizdən (arxanızca) gələcəyik”. ((Tirmizi, Cənaiz, 59. Əlavə olaraq baxın: Nəsai, Cənaiz, 103.))

İbn Macənin külliyatında belə bir hədis də var:

“Salam olsun sizə ey mömin bir qövmün qəbristanlıq camaatı! Siz bizim əvvəlimizsiniz. Bu mütləqdir ki, biz də sizə qoşulacağıq. Allahım, bizi onların savabından məhrum etmə. Və bizi onlardan sonra haqq yoldan azdırma”. ((İbn Macə, Cənaiz, 36.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.