Müsəlmanlar
Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər?

Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər?

Sual: Vəhy və ilhamın arasında nə kimi bir fərq var? Allah bir ayədə Məryəm anamıza vəhy etdiyini bildirir. Elə isə vəhy edilən şəxs kim olursa, olsun, peyğəmbər kimi qəbul olunur? Bu məsələnin mahiyyəti nədən ibarətdir?

Vəhy və ilham eyni mənada işlədilir. Vəhy olunan hər bir kəsin peyğəmbər olmağına ehtiyac yoxdur. Allah Təala bal arısına da vəh etdiyini deyir: 

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır”. ((Nəhl, 16/68-69. “V. M. və Z. B.”.))

Allah şeytanların da dostlarına vəhy etdiklərini, yəni, onlara bir şey pıçıldadıqlarını bildirir. ((Baxın: Ənam, 6/112, 121.))

Vəhy Allahın elçilərinə (peyğəmbərlər) vəhyin gəlməyi onların özlərinin vəhydən şübhə etməklərinə imkan verməyən bir metodla baş verir. Bununla əlaqədar ayələr belədir:

“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;

Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,

(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!”. ((Cinn, 72/26-28. “V. M. və Z. B.”.))

Bəzi təfsirlərdə Ənam surəsinin nazil olmağı ilə əlaqədar Ənəs ibn Malikdən nəql olunan bir rəvayətdən danışılır. Deyilir ki, Allahın elçisi belə dedi:

“Ənam surəsindən başqa heç bir Quran surəsi mənə birlikdə nazil olmadı. Şeytanlar bu surə üçün toplaşdıqları qədər başqa bir surə üçün toplaşmamışdılar. Bu surə mənə Cəbraillə birlikdə 50 min mələklə göndərildi. Bunu əhatə edib bir toy təmtərağı ilə gətirdilər”. ((Elmalılı Muhammed Hamdi Yazır, Hak Dini Kuran Dili, İstanbul, 1936, 2-ci cild, s. 1861-1862.))

Peyğəmbər inanmalıdır ki, ona gələn mələkdir və dediyi sözə şeytanın vəsvəsəsi qarışmayıb. Allahın vəhy vaxtı peyğəmbərin ətrafına mələkləri düzməyinin səbəbi də budur.

Bir də Allahın insanlarla danışmağı məsələsi var. Allahın insanla danışmağı qəlbinə gələn ilham vasitəsilə ola bilər. Ya da ona bəzi şeyləri yuxuda göstərə bilər. Lakin bu kimi şeylər ancaq və ancaq o şəxsi maraqlandıran, yəni, onunla əlaqədar olan şeylərdir. Bu kimi şeylərə çox arxayın olmaq da olmaz. İnsan şeytanın vəsvəsəsini ilham hesab edə bilər. İnsan şeytani yuxunu rəhmani yuxu saya bilər. Bizim tamamilə arxayın ola biləcəyimiz tək vasitə peyğəmbərlərə gələn vəhydir. Bu vəhylərin xaricində qalan şeylər onsuz da insana bir öhdəlik yükləmir.