Müsəlmanlar

Namazdan sonra cəm halda təsbeh çevirmək bidətdir?

Sual: Namazı qıldıqdan sonra təsbeh çəkməyin (təsbihat) hökmü nədir? Əshabələrin dövründə cəm halda belə bir iş görülüb? Təkbaşına da təsbeh çevirmək olar?

Cavab: Peyğəmbərimiz (s. a. v.) bir imam-camaat (pişnamaz) kimi və yaxud Bilal Həbəşi və Abdulla ibn Ümmi Məktum kimi əshabələr müəzzin qismində camaata təsbeh çəkdirməyiblər. Onlara dua etdirməyiblər. Yəni, başlıca mənbələrdə onların belə etdiyinə dair bir məlumat yoxdur.

Bu kimi şeylər sonrakı dövrlərdə, xüsusilə Osmanlıların dövründə və Türk bölgələrində məscid ədəb-ərkanına əlavə olunmuş şeylərdir. Fərz (vacib) namaz qılındıqdan sonra insanın imam-camaatla əlaqəsi kəsilir. Bu vaxt müstəhəb namaz qılmaq istəyən şəxs təkbaşına qılar, təsbeh çəkmək istəsə, təkbaşına çəkə bilər. Bunu yerinə yetirmək üçün kiminsə komandasına ehtiyac yoxdur. Aşağıdakı hədisə əsasən namaz qılan hər müsəlmanın təkbaşına təsbeh çevirməyi savabdır.

Əbu Hüreyrədən nəql olunan bir hədisdə deyildiyinə görə peyğəmbər (s. a. v.) belə buyurmuşdur:

“Kim hər namazdan sonra 33 dəfə Allahı təsbeh etsə (sübhanallah), 33 dəfə Allaha həmd etsə (əlhəmdulillah) və 33 dəfə də Allahı təkbir etsə (Allahu Əkbər), 100-ü tamamlamaq üçün də: “La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul-mülkü və ləhul-həmdü və huvə əla külli şeyin qədir”, – desə, xəta və günahları dənizin köpüyü qədər çox olsa belə, bağışlanar”. ((Müslim, Məsacid (məscidlər), 146/597. Buna oxşar hədislər üçün baxın: Buxari, Azan, 155; Tirmizi, Səlat, 302; Nəsai, Səhv, 91.))

Buna oxşar bir suala verdiyimiz cavabla tanış olmaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2059.html

Materialdan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.