Müsəlmanlar

Dəstəmazdan sonra hansı duanı oxumaq lazımdır?

Sual: Dəstəmaz alıb qurtardıqdan sonra hansı dua və ya duaları oxumaq lazımdır?

Dəstəmaz aldıqdan sonra kəlimeyi-şəhadət demək kifayətdir. Aşağıdakı hədisə əsasən bu, peyğəmbər (s. a. v.) tərəfindən məsləhət görülüb.

Uqbə ibn Amir demişdir:

“Biz peyğəmbərin yanında olduğumuz vaxtlarda öz işimizi özümüz görürdük. Dəvələrimizi də növbə ilə otarırdıq. (Bir gün) Dəvə otarmaq növbəsi məndə idi. Axşam dəvələri ağıla apardım. Gedib gördüm ki, peyğəmbər camaata nitq söyləyir. Ondan bunları eşitdim”:

“Sizin aranızdan bir nəfər qəşəngcə dəstəmaz alsa, sonra ürəyi və üzü ilə (namaza) yönəlib 2 rükət namaz qılsa, (Allah o şəxsin Cənnətə girməyinə) qətiyyətlə hökm edər”.

Mən dedim ki, bəh-bəh, nə gözəl şeydir bu. Qabağımda duran bir adam da mənə: “Uqbə, bundan qabaqkı lap qəşəng idi”, – dedi. Bir də gördüm ki, bu sözləri mənə deyən Ömər ibn Xəttabdır. Dərhal soruşdum ki, bundan əvvəlki nə idi? Ömər cavab verdi: “Sən gəlməmişdən qabaq peyğəmbər belə buyurdu”:

“Sizin aranızdan bir nəfər yaxşıca dəstəmaz alsa, sonra da: “Əşhədu əlla ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluh: Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Allahın bəndəsi və elçisidir”, – desə, o şəxs üçün Cənnətin 8 qapısı (birdən) açılar, istədiyi qapıdan içəri girər”. ((Müslim, Təharət (Təmizlik), 17/234; Əbu Davud, Təharət, 65; Nəsai, Təharət, 109.))

Hədisdə qeyd olunan “Cənnət qapılarının açılmağı” ifadəsi ilə “o vaxt həmin şəxsin üzünə Cənnətin qapılarının həqiqi mənada açılıb onu gözləməyi” nəzərdə tutulur. Ya da qapının açılmasındakı məqsəd o şəxsin “Cənnətin qapılarının açılmağını təmin edən əməli yerinə yetirmiş olmağı”dır. ((Sünen-i Ebu Davud Terceme ve Şerhi, Hüseyin Kayapınar, Necati Yeniel, Necat Akdeniz, Şamil Yayınevi, 1-ci cild, s. 308-309.))