Müsəlmanlar

Corabın üstündən məsh çəkmək olar?

Cavab: Hənəfi məzhəbində corablara məsh etməyin 2 şərti var:

1) Corab öz-özünə ayaqdan çıxmayacaq qədər ayaqda durmalı;

2) Dərinin rəngini göstərəcək qədər şəffaf olmamalıdır.

Bu gün kişilərin geyindikləri corabların hamısı belə bir tərifə uyğundur. Qadınların sıfır corab adlandırdıqları və dərilərinin rəngini göstərən nazik corablar isə bu şərtlərə uyğun deyil. Hənəfi məzhəbi ilə əlaqədar olan bütün fiqh (İslam hüququ) kitablarında bu haqda yazılıb. Ömər Nəsuhi Bilmənin Böyük İslam Elmihalı adlı əsərində məsələ barədə belə danışılır:

Ayaqları topuqlara qədər örtən ayaqqabılar, uzunboğaz çəkmələr, 3 mil qədər yerimək mümkün olan güclü qalın corablar və çust kimi möhkəm tərliklər məst hökmündədir. Buna görə də bunların üzərinə məsh etmək olar. ((Dəstəmaza mane olmayan şeylər bəhsi, 154-cü abzas.))

Fiqh elmində 1 mil 1895 metr qəbul edilir. Bu da 3 milin 5685 metr olduğunu göstərir.

Corabın qalın olmasının mənası yuxarıda da qeyd etdiyimiz kimi, onun şəffaf olmamağıdır. İbn Abidin corabın qalınlığını onun arxasını göstərəcək qədər şəffaf olmaması olaraq izah edib. ((İbn Abidin, Rəddul-Muxtar, İstanbul, 1984, I cild, s. 269.))

Corabla yerimək onu ayaqqabı kimi istifadə etmək deyil. Bu, corab hansı məqsədlə geyilirsə, müəyyən məsafəni o vəziyyətdə yerimək deməkdir. İndiki dövrdəki corabların hamısı bu cür yeriməyə davamlıdır.

On əshabə tərəfindən rəvayət edilib ki, peyğəmbərimiz Məhəmməd (ə. s.) corabların üstündən məsh edirmiş. Əbu Hənifə əvvəllər belə bir fikirdə imiş ki, corablara məsh etmək üçün gərək onun altına daban taxılsın. Çünki corab ancaq o vaxt ayaqqabı kimi istifadə edilə bilər. Lakin Əbu Hənifə bu fikrindən sonralar daşınmışdır. Nəticə olaraq Hənəfi məzhəbində fitva verilir ki, corablara məsh etmək olar. ((Mahmud ibn Məvdud Əl-Məvsili, Əl-İxtiyar, Beyrut, 1395/1975, I cild, s. 25.))

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.