Müsəlmanlar
Şeytan nə üçün kafir oldu?

Şeytan nə üçün kafir oldu?

Sual: Deyirlər ki, şeytan kafirdir. Amma o, Allahın var olduğunu bilir. Elə isə şeytanın kafirliyi Allaha üsyan etməyindən irəli gəlir?

Cavab: Kafir Allahın varlığını və birliyini qəbul edən, lakin Allahın qarşısında “özünü görməməzliyə vuran” kəsdir. Kafirlik şüurlu surətdə qazanılan bir xüsusiyyətdir; hər bir kafir öz mövqeyini dərk edir. Buna görə də heç biri tutarlı bir səbəbə əsaslanmır. Özünü müdafiə etmək lazım gəldikdə, həqiqətləri başqa cür təqdim etməyə çalışır. İblisin haqq yoldan azmağı ilə əlaqədar olan ayələr buna yaxşı bir misal təşkil edir. Belə ki, Allah buyurur:

“Sizi yaratdıq. Sonra sizə surət verdik. Sonra mələklərə dedik ki, Adəmə səcdə edin. Dərhal səcdə etdilər. İblis belə etmədi. O, səcdə edənlərin arasında deyildi.

Allah dedi ki, Mən sənə əmr etdiyim vaxt sənə səcdə etməyə nə mane olur? İblis: “Sən məni atəşdən (od), onu isə palçıqdan yaratdın. Mən ondan üstünəm”, – deyə cavab verdi”. ((Əraf, 7/11-12.))

İblis Adəmə səcdə etməklə əlaqədar əmri bəyənmədi. Bu əmr onun xoşuna gəlmədi. Əmri verənin Allah olduğunu bilə-bilə özünü görməməzliyə vurub sanki Allahın əleyhinə imiş kimi hərəkət etdi. Birbaşa Allaha üsyan etməyə cəsarəti çatmadı. Çünki hər şeyi Allaha borclu olduğunu və onun özünü də Allahın yaratdığını bilirdi. Bunlar İblisin aşağıdakı sözlərindən məlum olur:

“Mən ondan üstünəm. Məni oddan, onu palçıqdan yaratmısan”. ((Sad, 38/76.))

“Palçıqdan, emal edilə bilən qara torpaqdan yaratdığın insana səcdə edə bilmərəm”. ((Hicr, 15/33.))

Beləcə, İblisin layiq olduğu cəza gecikmədi. Allah ona belə buyurdu:

“En oradan! Orada təkəbbürlülük etməyə haqqın yoxdur. Rədd ol! Sən alçağın birisən!”. ((Əraf, 7/13.))

İblis bu cür kafir olmuşdu. Halbuki, Allahın varlığına və birliyinə şübhə etmirdi. Axirəti də qəbul edirdi. Çünki qovuluqdan sonra belə yalvarıb yaxardı:

“Rəbbim! İnsanların təzədən diriləcəkləri günə qədər mənə möhlət ver”. ((Sad, 38//79.))

Allahın təkcə bir əmrini yerinə yetirməyib özünü görməməzliyə vurmağı İblisin kafir olmağına kifayət etdi. İnsan da elədir. Bilmədiyinə görə deyil, Allahın əmrlərini görmək istəmədiyənə görə kafir olur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.