Müsəlmanlar

Hilalın görünməsi və Ərəfat vəqfəsi

Sual: Əvvəlki illərdə Türkiyədə aparılan müşahidələrə əsasən zilhiccə ayının 10-u, yəni, qurban bayramının ilk günü filan günə təsadüf edirdi. O illərdə Səudiyyə Ərəbistanı qurban bayramını bir gün qabağa çəkmişdi. Buna görə də hacılar Ərəfata bir gün qabaq çıxdılar. Türk hacıları da bunu əsas götürdülər. Görəsən, həcc Ərəfatdan ibarət olduğuna görə və öz vaxtında yerinə yetirilməyən vəqfə etibarsız sayıldığı üçün bunun məsuliyyəti kimə düşür?

Cavab: Ərəfat vəqfəsi zilhiccə ayının 9-cu günü günortadan başlayıb günəş batanadək davam edir. Vəqfəni ertəsi gün dan yeri ağarana qədər də yerinə yetirmək olar. Zilhiccə ayı qəməri aylardandır. Ondan əvvəlki ay zilqədə ayıdır. Hər bir qəməri ay kimi zilqədə də 29 və ya 30 gündən ibarət olur. Əgər zilqədə ayının 29-cu günü günəşin qürubundan sonra qərb tərəfdəki üfüqdə batmaqda olan hilal (aypara) görülsə, bu, zilhiccə ayının başlandığını göstərir. Əgər hilal müşahidə edilməsə, belə qəbul olunur ki, zilqədə ayı 30 gün davam edib və ondan sonrakı gün zilhiccənin 1-ci günüdür.

Dünyanın (yer kürəsi) coğrafi vəziyyətinə görə hilalı hər yerdə eyni gündə görmək olmur. Buna görə də yeni ayın başlanması günü ta əvvəldən bəri ixtilaflı məsələ olub. Bu ixtilafa son qoymaq məqsədilə Türkiyənin rəhbərliyi altında tədqiqatlar aparılmış və İslam ölkələri təqvim komissiyası qurulmuşdur. Artıq hilal yer kürəsinin harasında birinci müşahidə edilsə, o andan başlayaraq yeni ay girmiş hesab edilir. Təqvim komissiyası müşahidə aparmır. Təzə ayın görülməsi məsələsi burada əvvəlcədən aparılmış hesablama ilə müəyyənləşdirilir. Amma qədim dövrün alimlərinin əksəriyyəti təzə ayın hesablama vasitəsilə müəyyən edilməsini düzgün hesab etməyiblər. Onlar belə bir şərt irəli sürüblər ki, bu məsələdə yalın gözlə aparılan müşahidə əsas götürülsün. Türkiyə Respublikasının din işləri yüksək şurası dini dairə məntəqələrindən müşahidə aparmalarını tələb edib təqvim komissiyasının hesablamalarını müşahidə ilə də təsdiq edir.

Səudiyyə Ərəbistanı qəməri ayların başlamasını hesablamayla müəyyənləşdirmə prinsipinə uymur. Onlar hilalı gördüyünü deyib səlahiyyətli şəxslərə müraciət edənlərin şahidliyinə əsasən təzə ayı elan edirlər. Bəzən hilalı görməyin qeyri-mümkün olduğu hallarda belə, təzə ayın elan edilməsi müşahidə aparanların səhvə yol vermiş yaxud da yalan demiş ola biləcəkləri qənaətini doğurur. Türkiyənin Səudiyyə Ərəbistanının səlahiyyətli xadimlərini bu məsələdə qane etmək cəhdləri bu günədək bir nəticə verməyib. Elə buna görə də bu məsələ ətrafında əvvəldən bəri var olan ixtilaf və fikir ayrılığı hələ də davam edir.

Amma bu ixtilaf Ərəfat vəqfəsinin heç vaxt iki ayrı gündə yerinə yetirilməsinə səbəb olmayıb. Çünki peyğəmbər (s. a. v.) bir həcc əmirliyi vəzifəsi qoyub. Buna əsasən hacılar həcc əmirinin müəyyənləşdirdiyi gündə Ərəfat vəqfəsi etməlidirlər. Çünki onun ixtilaflı bir məsələdə verdiyi qərar ixtilafı aradan qaldırır.

Həzrəti Muhəmməddən (s. a. v.) belə bir hədis nəql edilmişdir:

“Orucunuz oruc tutduğunuz gündə, ramazan bayramınız bayramı qeyd etdiyiniz gündə, Ərəfatınız Ərəfata çıxdığınız gündə, qurban bayramınız da qurban kəsdiyiniz gündədir”. ((Kəmaləddin ibn Əl-Hümam, Şərhu Fəthil-qadir, Beyrut, 3-cü cild, s. 169.))

Yuxarıdakı hədisə əsasən Ərəfat vəqfəsinin vaxtı insanların Ərəfə günü olması qənaətinə gələrək vəqfəyə durduqları gündür.

İmam Muhəmmədin belə dediyi nəql olunur: “Hilalı şəxsən görən şəxs öz təsbitinə əsasən Ərəfə günü olan gündə vəqfə etsə, vəqfəsi düzgün olmaz. O, həcc əmiri ilə birlikdə yenidən vəqfə etməlidir. Çünki hamılıqla vəqfə edilən gün həqiqətdə bayram günü də olsa, dəstə haqqında həcc günü, yəni, Ərəfə günü hesab olunur. Vəqfə vaxtında ixtilafa düşmək düzgün olmaz. Buna görə də həmin şəxsin təkbaşına etdiyi vəqfənin bir əhəmiyyəti qalmaz. Fikir və qənaət bildirilməsini caiz qılan bir səbəbə görə həcc əmiri vəqfəni bir gün gecikdirsə, ondan əvvəl vəqfə edənin vəqfəsi düzgün olmaz”. ((Yenə orada.))

Nəticə olaraq qeyd edək ki, hacıların Ərəfatda yerinə yetirdikləri vəqfə xüsusi şərtləri baxımından tam və yerindədir. Din işləri şurasının Ərəfat vəqfəsi ilə əlaqədar fərqli bir şey tətbiq etməsindən söhbət gedə bilməz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.