Müsəlmanlar

Qüsldən sonra namaz qılmaq olar?

Sual: Qüsl etdikdən sonra namaz qılmaq üçün ayrı bir dəstəmaz almaq lazımdır? Yoxsa birbaşa namaz qılmaq olar?

Cavab: Qurani-Kərimdə dəstəmaz və qüsl ilə əlaqədar ayə aşağıdakı kimidir:

“Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun. Başınızı məsh edin, ayaqlarınızı da topuqlarınıza qədər. Əgər cünub olmusunuzsa, yuyunun. Xəstə və yaxud səfərdəsinizsə və ya sizin aranızdan bir nəfər ayaqyolundan gəlibsə, ya da qadınlara toxunmusunuz, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzü və əllərinizi məsh edin. Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükür edəsiniz”. ((Maidə, 5/6.))

Yuxarıdakı ayəyə əsasən cünub (cənabət) olanlar sadəcə olaraq qüsl etməklə namaz qıla bilərlər. Başqa sözlə desək, bir nəfər qüsl etdikdən sonra dəstəmazı pozan (batil edən) hər hansı bir səbəb yoxdursa, namaz üçün təzədən dəstəmaz almağa ehtiyac qalmadan namaz qıla bilər. Bu məsələdə qüsl kifayətdir.

Aişədən (r. a.) belə rəvayət edilir:

“Rəsulullah (s. a. v.) qüsl alır (edir), iki rükəti (müstəhəb, sünnə) və sübh namazını (n fərzini) qılırdı. Onun qüsl etdikdən sonra dəstəmazı təzələdiyini xatırlamıram”. ((Əbu Davud, Təharət (Təmizlik), 98.))

“Rəsulullah (s. a. v.) qüsl etdikdən sonra dəstəmaz almırdı”. ((Tirmizi, Təharət, 79; Nəsai, Təharət, 160; İbn Macə, Təharət, 96; Əhməd İbn Hənbəl, 6/68, 192.))

Tirmizi bu hədisi rəvayət etdikdən sonra belə bir şərh vermişdir:

“Əshabələrin və tabeinin alimlərindən əksəriyyətinin fikri belədir. Yəni, onlar: “Qüsldən sonra dəstəmaz almaq lazım deyil”, – deyirlər”.

Abdulla İbn Ömərdən rəvayət olunduğuna görə peyğəmbərdən (s. a. v.) qüsl etdikdən sonra dəstəmaz almaqla əlaqədar bir sual soruşulduqda bele cavab verib:

“Hansı dəstəmaz qüsldən yaxşı ola bilər ki?”. ((Hakim, Müstədrək, Təharət, hədis nömrəsi 103: 548.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.