Müsəlmanlar
Heyzli qadın Kəbəni təvaf edə bilər?

Heyzli qadın Kəbəni təvaf edə bilər?

Sual: Heyzli (aybaşı halında olan, menstruasiya periodunda olan) qadın o halda ziyarət təvafı edə bilərmi?

Cavab: Heyzli bir qadın təmizlənib qurtarana qədər həcc və ömrə ibadətlərinin hamısını yerinə yetirə bilər, amma təvaf edə bilməz. Bununla əlaqədar hədislər var:

Həzrəti Aişədən rəvayət edilmişdir:

Mən heyzli olduğum bir halda Məkkəyə gəldim. Kəbəni təvaf etmədim. Səfa və Mərvə arasında da gedib-gəlmədim. Bu vəziyyəti peyğəmbərimizə bildirdim. O belə buyurdu: “Digər hacılar nə edirlərsə, sən də elə et. Amma təmizlənib qurtarana qədər Kəbəni təvaf etmə!”. ((Buxari, Həcc, 81; Müslim, Həcc, 120; Əhməd ibn Hənbəl, 6/39, 219, 273.))

“Heyzli və nifaslı qadınlar qüsl edər, ehrama daxil olar və beytullahı təvaf etmək xaricində həccin bütün ədəvatını icra edərlər”. ((Tirmizi, Həcc, 98; Əbu Davud, Mənasik, 9; Əhməd ibn Hənbəl, 1/364.))

Bu məsələdə alimlərdən İbn Qayyim Əl-Cövziyyə xülasə ilə belə bir şey təsbit edib: “Həcc ibadətinin yerinə yetirildiyi ilk vaxtlarda həccə gələn dəstələr o dəstədə olan üzvlərin hamısı öz işini başa vurmadıqca ölkəsinə qayıtmırdı. Misal üçün, dəstədən bir qadın heyz dövrünə daxil olub təvaf edə bilmirdisə, dəstə həmin qadının heyzdən təmizlənib qurtarmağını gözləyər, qadın təmizlənib təvaf edər, ondan sonra öz məmləkətlərinə qayıdardılar. Amma vəziyyət indi belə deyil. Dünyanın bir tərəfindən ibadət üçün həccə gələn bir qadın təvaf günlərində heyzli olsa, təvaf edə bilməz. Amma öz dəstəsi o heyzdən təmizlənənə qədər onu gözləməyib ölkəsinə qayıda bilər. Qadın da öz növbəsində onlardan ayrı düşə bilməyəcəyinə görə təvaf etmədən ölkəsinə qayıtmaq təhlükəsi ilə üz-üzə qalır. Elə isə bu məsələdə bir zərurət halı var. Və zərurətlər haramları mübah edir. Əgər dəstə qadının təmizlənib qurtaracağı günə qədər Məkkədə qalacaqsa, qadın təmizlənənə qədər həccin bütün lazımi hissələrini yerinə yetirər amma təvaf etməz. Təmizləndiyi vaxt təvafını yerinə yetirər. Amma əgər dəstə qadının heyzdən təmizlənəcəyi vaxtadək Məkkədə qalmayacaqsa, o vaxt qadın heyzli ola-ola ziyarət təvafını yerinə yetirər”. ((İbn Qayyim Əl-Cövziyyə, İ’lamul-muvaqqiin, Beyrut, 1986, 3-cü cild, s. 25-40.))

Bizim fikrimizcə ən münasib rəy budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.