Müsəlmanlar

Quranda Vəsilə Qavramı.

Quranda Vəsilə Qavramı.

Bir insanın dünyada əldə edəcəyi ən mühüm şey, doğru bilikdir. Doğru biliklərin ən təmiz olanı Quranda mövcuddur. Bu biliklərə əhəmiyyət verməyib və ya bir tərəfə atıb dünyaya baxışımızın əsasını başqa mənbələr və ideologiyalar üzərinə qursaq, özümüzü böyük xətalar və böyük problemlər içərisində tapacayıq. Nəticədə həm dünyamızı həm də axirətimizi itirə bilərik. Bu səbəblə ilk əvvəl dünya və axirətimizi quracaq olan bilikləri Rəbbimizin bizə təqdim etdiyi mənbələrdən (yaratdığı və nazil etdiyi ayələrdən) öyrənməyimiz lazımdır. Çünki, Allahdan gələn biliklər, insanoğlunun əldə etməsi lazım olan ən mühüm biliklərdir.

Bu biliklərdən biri də mövzumuz olan vəsilə qavramı ilə əlaqəlidir. Dinimizdə vəsilə tutmaq varmı? Əgər vəsilə tutacaqsaq kimi və nəyi vəsilə tutacayıq? Bunları bilməyimiz üçün vəsilə kəliməsinin ərəbcə mənasına və Quranın bu mövzuyla əlaqəli dediklərinə baxacayıq:

Vəsilə kəliməsinin sözlük mənası.

Ərəb dilindən türkcəmizə keçmiş və tez-tez işlədilən وَسِيلَة /vəsilə qavramı, “Allaha yaxlaşmağı ummaq” mənasındakı وَسل/vəsl kökündən əmələ gəlmişdir.[1] Bu qavram daha çox; “səbəb, vasitə, yol yaxınlıq” kimi mənalara gəlməkdədir.[2] Cəmi “vusul, vəsail”dir.

Vəsilə, özü ilə bir başqasına çatan, yaxlaşılan[3] ya da bir şeyə arzu və diləklə yaxınlaşmaya çalışılan şeydir.[4]

Vəsilə kəliməsi ilə eyni kökdən gələn “təvəssül”, bir insanın hər hansı bir şeylə arzu etdiyinə yaxlaşmaq mənasındadır.[5] Məsələn, bir insan belə deyəndə:

تَقَرَّبَ إلَيْهِ تَعَالَى : تَوَسَّلَ إلَى اللَّهِ بِالأعْمَالِ الصَّالِحَةِ

Salih əməllərlə Allaha təvəssül etdi: yəni Ona yaxınlaşdı, demiş olur.

Məzhəblərin vəsilə ilə əlaqəli dedikləri.

Vəsilə ilə əlaqəli apardığımız tədqiqatlar bizə, müsəlmanlar arasında vəsilə və təvəssül mövzusuyla bağlı fərqli görüşlərin və mübahisələrin II əsrdə ortaya çıxdığını göstərməkdədir.[6]

Quranda ifadə edilən vəsilə qavramıyla, vəsilə tutmaqla yəni təvəssüllə əlaqəli dini ənənənin iki fərqli görüşə sahib olduqlarını görməkdəyik. Bunların hər birinin görüşlərini xüsusi bir başlıq altında təqdim etməyi uyğun gördük:

  1. Əhli-Sünnənin vəsilə ilə əlaqəli dedikləri.

Əhli-Sünnə müfəssilərinin böyük əksəriyyəti, Quranda keçən vəsilə qavramı və təvəssül/vəsilə tutmaqla əlaqəli sözlükdə keçən təriflərin hardasa eynisini vermiş və mövzuyla əlaqəli bir birinə oxşar izahatlar vermişlər. Onlardan bir çoxu Quranda bəhs edilən vəsilənin, “Özünü Allaha yaxlaşdıran iman və əməllər olduğunu, vəsilə tutmağın/təvəssülün də bunlarla Allaha yaxlaşmaq” olduğunu söyləmişlər. Bir neçəsinin nümunəsini verərsək:

İbn Cərir ət-Təbəri, “əl-Camiul Bəyan” adlı əsərində “ona vəsilə axtarın” ayəsi ilə əlaqəli belə deyir; “Vəsilə, bir insanın əməlləri ilə Allahın rizasına yaxlaşmağı arzulamaq” deməkdir. Buradakı vəsilənin, “insanın əməlləri” olduğunu deyir.[7] Bilavasitə, Maidə 35-ci ayəsində keçən “Ona vəsilə axtarın” əmri, “Onu razı salacaq əməl ilə yaxlaşmağın yollarını axtarın, deməkdir”, deyir.[8]

İbn Kəsir, Vəsiləni: “İtaətlə və əməllə Allahın rizasına yaxlaşılan şey” olaraq ifadə etdikdən sonra, müfəssirlərin bu mövzuda heç bir ixtilafı olmadığını əlavə edər.[9]

Fəxrəddin Razi, Vəsilənin, “Allahın rizasına ibadət və itaətlə yaxlaşılan şey” olduğunu ifadə edər. Razi deyir ki; Maidə surəsi 35-ci ayəsində اتَّقُواْ اللّهَ ifadəsi, insanın ilk əvvəl Allahın qadağan etdiyi şeylərdən qorunması lazım olduğunu, sonra gələn وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ ifadəsiylə də əmr edilən şeyləri yerinə yetirməsi lazım olduğunu bildirir. Yəni, qadağan edilənləri tərk etmək hər zaman əmr edilənləri yerinə yetirməkdən qabaqda gəlir.[10]

Rağib əl-İsfəhani, Qurani Kərimin Maidə surəsi 35-ci ayəsində keçən vəsilə actarın sözü ilə əlaqəli belə demişdir: “Elmlə, ibadətlə şəriətin lütf etdiyi əmrlərə tərəf yönələrək Allahın yolunu tutun.”[11]

Əhli-Sünnə imamlarının böyüklərindən olan Əbu Hənifə və Sələf alimləri bu görüşü müdafiə etmişlər: Təvəssül, Allaha iman və yaxşı işlərlə edilir. Vəlilər və salih insanların zatı ilə təvəssül caiz deyildir. Çünki bu, Allaha edilən təzimə bənzəyir. Ayələrdə zat ilə yəni bir insanın şəxsi ilə təvəssülə dair bir işarə olmadığını, əksinə, ayələr möminləri salih əməl işləməyə yəni əməllərlə təvəssülə sövq etdiyini deyirlər. Peyğəmbərimizə bu mövzuda nisbət edilən rəvayətlər də zəifdir.[12]

Bilavasitə, Əhli-Sünnə alimlərinin, xüsusilə müfəssirlərin ümumiyyətlə dedikərini yekunlaşdırsaq; Vəsilə qavramının “Allaha yaxlaşılan və Onun rizasını əldə etməyə çalışılan şey” olduğunu və təvəssülün/vəsilə tutmağın da “bir insanın bu kimi məqsədləri uğrunda çalışması, əməl etməsi” olduğunu deyirlər.

Lakin bu alimlərin böyük əksəriyyəti, filanın haqqı və üzü suyu hörmətinə təvəssül etməyin caiz olmadığını desə də, aşağıda göstərəcəyimiz Muhəmməd əleyhissəlamın əmisi ibn Abbas ilə əlaqəli rəvayəti əsas gətirərək, “sənin peyğəmbərinin hörmətinə bu ehtiyacımı apar” deyə edilən duaların bundan istisna olduğunu bildirmişlər.[13]

  1. Əhli-Şiə və Təsəvvüf əhlinin vəsilə ilə əlaqəli dedikləri.

Şiələri və təsəvvüf əhlini eyni başlıq altında verməyimiz, onların vəsilə barəsindəki görüşlərinin bir birinə oxşarlığı səbəbiylədir.

Şiə müfəssirlərin bəziləri vəsilə tutmaqla əlaqəli Quranda ifadə edilən ayələri əhli-Sünnənin təfsir etdiyi kimi təfsir etmişlər. Məsələn, Nəsrəddin Tusi Maidə 35-ci ayəsində “Ona vəsilə axtarın”, əmri ilə əlaqəli belə demişdir: “Vəsilə, insanın Allahın rizasına yaxlaşdıracaq hər şey və ona savab qazandıracaq tutduğu yoldur. Kim ibadət edirsə ibadəti ilə, kim Onun rizasını qazanacaq bir elmlə məşğuldursa elmi ilə gördüyü iş bir vəsilədir. Allahın lütfünə nail olmaq üçün diliylə, əliylə, qəlbiylə, qılıncıyla, sözü və qələmi ilə etdiyi cəhd bir vəsilədir.”[14]

Şiələrin əksəriyyəti isə Quranda keçən vəsilə ilə əlaqəli belə demişlər. Məsələn;

Muhəmməd əl-Kummi, Maidə 35-ci ayəsindəki “Ona vəsilə axtarın” ifadəsini “İmamlara yaxlaşmağa vəsilə axtarın” deyə yorumlamışdır.[15]

Muhəmməd Hüseyn Təbatabai, bu ayədəki vəsilə ilə əlaqəli; məqsəd itaətdir. Yəni, “imama itaətlə Allaha yaxlaşın” deyər.[16]

Əhli Şiə, öz görüşlərinə Əli-İmran surəsi 103-cü ayəsini dəlil göstərirlər: “Allahın ipinə hamınız bərabər bərk sarılın, bölünüb parçalanmayın…”. Bu ayədə Allahın ipi olaraq vəsfedilən Allahın kitabını[17] Şiələr, Əli (r.a.) deyə yorumlamışlar. Bilavasitə, ayə “Əliyə sarılmağımızı əmr etməkdədir”, deyərlər.[18]

Halbuki İmam Əli, özünə nisbət edilən Nəhcul Bəlağa adlı əsərdə belə dediyi rəvayət edilməkdədir: “Heç kim bu Quran kimi nəsihət edə bilməz. O, Allahın qopmaz ipidir.”[19]

Ümumiyyətlə Şiə, Qurandakı vəsilənin İmamlarla ediləcəyini və onların vasitəsiylə ya da onlara itaət edərək Allaha yaxınlaşılacağını demişlər. Bu fikirlərinə dəlil olaraq da Yusifin Yəquba göndərdiyi köynəyi nümunə göstərirlər. Halbuki, bu cür vəsiləni Allaha yaxlaşma vasitəsi olaraq deyil, eynilə doktorun dərman verərək Allahdan şəfa istəmə vasitəsi olaraq görməliyik.[20]

Təriqət mənsublarının bir çoxu isə vəsilənin, “həqiqi alimlər və təriqət şeyxləri” olduğunu iddia etmişlər.[21] Onlara görə təvəssül; bir insanın arzusuna çatması üçün özü ilə Allah arasına salih bir bəndəni qoymasıdır.

Maidə surəsinin 35-ci ayəsində deyilən, “vəsilə axtarın” əmrini “mürşidə bağlanın” deyə yorumlamışlar.[22] Təsəvvüfçular, Allahdan bir şey istəyəndə, diri və ya ölmüş birini vəsilə tutmağın yəni, onlarla təvvəsül etməyin heçbir qəbahəti olmadığını irəli sürmüşlər. Belə ki, onlarda vəsilə və ya təvəssül bu mənaya gəlir:

“Allaha yaxlaşmaq və ya bir diləyin qəbul edilməsini ya da bir müsibətin qarşısını almaq üçün ərmişlərin türbələrinə gedib onların ruhlarından və qəbirlərindən mədəd ummaqdır.”[23]

Onların vəsilə tutmaqla əlaqəli bu cür əyri fikrə düşmələrinin ən böyük səbəblərindən biri də uydurma rəvayətləri hədis deyə qəbul etməkləridir. Məsələn; “Aranızda Çətinə düşdüyünüz zaman qəbir əhlindən kömək istəyin”[24]

Acluni, bu rəvayətin ibn Kamal Paşanın “Ərbain” adlı əsərindən başqa heç bir hədis mənbələrində keçmədiyini qeyd edir. Alusi isə “Ruhul-Məani” təfsirində bu rəvayətin hədis olmadığını bildirir.[25]

Buna bənzər başqa bir rəvayət isə belədir: “Sizdən biri bir şey itirərsə yaxud yanında heç kim olmadığı bir yerdə kömək istərsə; Ey Allahın qulları mənə kömək edin! Ey Allahın qulları mənə imdad edin! desin. Çünki, Allahın bizim görə bilmədiyimiz qulları vardır.”[26]

Heç bir hədis aliminin qəbul etmədiyi bu cür rəvayətlər, təəssüf ki təriqətçilər arasında (insanların zatıyla) təvəssülə dəlil olaraq görülməkdədir.

Beləliklə gördüyümüz kimi; ayədə deyilən “vəsilə axtarın” ifadəsindən yola çıxan bir çox din xadimi xüsusiylə təsəvvüfçülər və Şiələr, səhv bir vəsilə anlayışını mənimsəmişlər. Onlar daha çox bu cür vəsilənin, Allahın sevimliləri olaraq düşündükləri bəzi şəxslər və ya Allahla özləri arasına (Allahın yaxını deyə) qoyduqları vəliləri olduqlarını düşünməkdə və vəsilə tutduqları bu şəxslər vasitəsiylə Allaha yaxlaşacaqlarını düşünməkdədirlər. Təriqət mənsubları və Şiə ümumiyyətlə belə bir vəsilə anlayışına sahibdir.

İnsanları şirkə yuvarlayan belə bir vəsilə anlayışını mənimsəmiş və özlərini Hənəfi məzhəbindən olduqlarını iddia edən təriqət mənsublarına, Təbərinin Əbu Hənifəyə nisbət etdiyi bu sözünü xatırlatmaqda fayda vardır: “Allaha dua edəndə peyğəmbər və vəlilər haqqı üçün sözünü işlədib təvəssül etmək caiz deyildir.”[27]  Ondan nəql edilən bir başqa söz isə belədir: “Heç kim “Səndən peyğəmbərinin haqqı üçün istəyirəm!”- sözünü işlətməsin.[28]

Allah, özünə yaxlaşmaq yəni təvəssül etmək üçün araya nəbiləri, mələkləri, salih qulları və başqa varlıqları qoymağı qadağan etmişdir.[29] Çünki bu, Allaha yaxlaşmaq deyil, onu ikinci sıraya qoymaq və ondan uzaqlaşmaqdır. Təriqət mənsublarının və Şiələrin əksəriyyətinin mənimsədiyi vəsilə tutmaq anlayışı elə bu cür anlayışdır.

Təəssüf ki, İslam alimlərinin böyük əksəriyyətinin dediklərinə və Quranın bu mövzudakı izahatlarına, xəbərdarlıqlarına baxmayaraq, həm əhli-Şiə həm də Təsəvvüfçular, Allah ilə özləri arasına evliyalarını, imamlarını, şeyxlərini qoymaq surətiylə Allaha təvəssül etdiklərini/yaxlaşdıqlarını düşünürlər və: “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn!”, “Mədəd ya Geylani!”, “Mədəd ya Şeyx” kimi şüarlar səsləndirir, Allahı çağıracaqları yerdə onları çağırırlar. Əslində Məkkə müşriklərinin belə cəsarət etmədikləri bir çox şeyə onlar cəsarət edə bilmişlər.[30]

Hədislərdə Vəsilə ilə əlaqəli deyilənlər.

Dini mövzularda bir çox insanın bənzərliklərdən yola çıxaraq, əyri yola yönləndiyinə və ya qandırıldığına şahid oluruq. Mövzumuz olan vəsiləylə əlaqəli də vəziyyət təəssüf ki eynidir.

Vəsilə tutmaqla əlaqəli hədis alimləri Peyğəmbərimizdən bir çox rəvayət nəql etməkdədirlər. Bunların bor çoxu doğru olmayan təvəssül ilə əlaqəli olsa da doğru təvəssüllə əlaqəli rəvayətlərə də rastlamaq mümkündür. Bunların hər birindən bir nümubnə vermək istəyirik.

Doğru olmayan təvəssül ilə əlaqəli məşhur rəvayət belədir:

اللهم أنا كنا نتوسل إليك بنَبِيِّنَاواليوم نتوسل إليك بعم رسولك

Ömər (r.a.), belə dua etdi: “Allahım! Biz, əvvəllər peyğəmbərimizi vəsilə tutaraq sənə niyaz edərdik. Sən də bizə yağış yağdırırdın. İndi isə peyğəmbərimizin əmisi vəsiləsiylə səndən istəyirik, bizə yağış ehsan eylə!”[31]

İlk əvvəl bu cür rəvayətlər əqidəyə dəlil təşkil etməz. Sonra isə bu rəvayətin xaricində səhabənin bir şey istədiyi zaman peyğəmbərimizi vəsilə tutduğu ilə əlaqəli səhih qəbul etdikləri hər hansı bir rəvayət mövcud deyildir. Əlbəttə ki, dua etdiyimiz zaman təqvalı şəxslərlə bərabər dua etməyimiz çox gözəldir.[32] Lakin, hər hansı bir duada insanların və ya hər hansı bir varlığı vəsilə tutmaq müsəlmanların deyil, müşriklərin əməlidir.

Bu cür mövzularda ən çox titiz davranan ibn Teymiyyə də Allaha qulları vasitəsiylə yaxlaşmağı/təvəssülün dini cəhətdən caiz olmadığını ifadə edir.[33] Amma Ömərlə əlaqəli rəvayətə gəlincə, bu rəvayəti yorumlayır[34] və (Nəbi və Rəsul fərqini ayırd etmədiyi üçün) əlaqəsi olmayan ayələri nümunə verərək, nəbimizlə (həyatda ikən) təvəssül ediləcəyi kimi (axirətdə) onunla şəfaətə nail olacağımızı və ən böyük günahların onun vasitəsiylə əfv ediləcəyini müdafiə etməkdədir.[35]

Əslində biz, Allahdan bir şey istəyəndə hər hansı birinin duasını vəsilə qıla bilərik və ya ona duamızda bizə qatılmasını istəyə bilərik. Amma dua edərkən hər hansı birinin zatını, vəzifəsini və məqamını vəsilə qılaraq “filan şəxslə hətta peyğəmbərlə sənə yönəldim, onun hörmətinə və ya filan yerin, türbənin xətri üçün sənə yönəlirik!” deyə, edilən duaların və bu cür təvəssülün Allahın kitabında və peyğəmbərlərin həyatında yeri olmadığını vurğulamaq istəyirik. Elə yuxarıda Ömərlə (r.a.) əlaqəli hədisdə də “biz sənə peyğəmbərimizlə təvəssül edərdik, indi də onun əmisi ilə təvəssül edirik, bizə yağış ehsan eylə!” sözü duadan çox, yəni bir insanın duasından çox onun şəxsiyyətini önə çıxarmaq, onu vasitəçi qoymaqdır. Bu kimi rəvayətlərdə peyğəmbərin zatı ilə təvəssül edilməkdədir ki, bu cür təvəssül insanı şirkə götürür.

Bilavasitə biz, bu rəvayəti Ömərə atılan bir çox iftiralardan biri olaraq görməkdəyik.[36]

Bu və bənzər mövzularda Hənəfi məzhəbinə mənsub alimlərdən ibn Əbil-İzz (öl.1390) belə demişdir: “İnsanın, Allahdan başqasını duasının qəbulunun səbəbkarı kimi görməsi və onunla təvəssül etməsi doğru deyildir… O belə demək istəyir, “Filankəs sənin salih qullarından olduğu üçün duamı qəbul eylə!” Onun Allahın salih bəndəsi olmasıyla o birinin duası arasında nə əlaqə, nə bağ ola bilər? Bu, duada həddi aşmaqdır.[37]

Doğru təvəssülə misal olaraq mağara əshabı ilə əlaqəli rəvayəti nümunə verə bilərik. Burada mağara əshabı öz əməlləri ilə təvəssül edirlər. Rəvayətin xülasəsi belədir:

Abdullah ibn Ömər belə rəvayət edir: Rəsulullah əleyhissəlam belə deyərkən eşitdim. “Keçmişdə yaşayanlardan üç nəfər bir səfərə çıxırlar. Axşam olanda, yatmaq üçün bir mağaraya girirlər. Birdən dağdan bir qaya parçası qopub mağaranın ağzına örtər. İçəridə sıxışıb qalanlar öz özlərinə:

-“Sizi bu qayadan, elədiyiniz yaxşılıqları sayaraq Allah dua etməkdən başqa heç bir şey qurtara bilməz”, dedilər.

Hər biri Allah rizası üçün elədiyi yaxşı əməlini danışır və bu əməli ilə xilas olmasını Allahdan niyaz edir. Nəticədə, Allah onların elədikləri bu yaxşılıqları səbəbiylə mağaranın önünə yuvarlanmış daşı qaldırır.”[38]

Bilavasitə bu hədisdə mağara əshabının Allahın rizasını qazanmağa və xilas olmağa səbəb olan şeylərin onların işlədiyi yaxşı əməllər olduğunu görməkdəyik.

Peyğəmbərimiz, bir çox dualarında  Allahın isimləri ilə Ona niyaz etdiyi və səhabəsinə də bunu öyrətdiyi nəql edilməkdədir.[39] Belə ki, Qurani Kərimdə də bu cür tövsiyə edilməkdədir:

“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.” (Əraf, 7/180)

 

Quranda Vəsilə.

Qurani Kərimdə vəsilə qavramı iki yerdə və iki ayədə keçər. Bu ayələrdən birində vəsilə ilə əlaqəli Rəbbimiz belə deyir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.” (Maidə, 5/35.)

Ayədən də gördüyümüz kimi Quran bizə, Allahın razılığını qazanacaq vəsilələr axtarmağımızı əmr edir və Qurandan məlmatı olanlar orada vəsilənin varlığını görürlər. Bilavasitə, Quranda vəsilə vardır və ya yoxdur mübahisəsi lüzumsuz mübahisədir.

Ayədə bizim axtarmağımız lazım olan vəsilənin, insanı Allaha yaxlaşdıran şeylər, yəni ayənin davamında Onun yolunda cihad etmək; malıyla və canıyla elədiyi hər cür mübarizə olduğunu görməkdəyik. Cihadın kök mənası cəhd etmək/çalışmaq, yəni Allah yolundakı hər cür hərəkət, Ona yaxlaşmağa bir vəsilə ola bilər. Bu vəsilənin ən ucası ən çətin olanı isə Allah yolunda cihad, yəni savaşmaqdır.

Quranı Kərimdən bu cihad, namaz və dua vəsiləsinə, yəni bunlarla edilən təvəssülə bir neçə nümunə verərsək:

“Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir.” (Ənkəbud, 29/69).

 “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.” (Bəqərə, 2/186)

“Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.” ( Cümə, 62/10)

Bir insan, hər hansı bir vəsilə ilə Allahın rizasını qazanmağa, Ona yaxlaşmağa çalışırsa, bu vəsilə ilə necə təvəssül edəcəyini bilməlidir. Quranda iki cür təvəssüldən bəhs edilməkdədir:

Məşru/Doğru təvəssül və Qeyri məşru/Doğru olmayan təvəssül.

Bunları ayələr işığında iki başlıq altında belə xülasələşdirə bilərik:

  1. Doğru Təvəssül.

Quranda mövzu ilə əlaqəli digər ayələri də gözdən keçirdiyimiz zaman Allaha yaxlaşdıracaq şeylərin/vəsilələrin başında iman və salih əməl gəldiyini çox rahatlıqla aşağıdakı ayələrdən də görə bilərik:

“Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq kim inıb güvənir və yaxşı işlər görürsə, məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaqdır. Onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar.” (Səba, 34/37)

Bir başqa ayədə:

“İnanıb güvənən, yaxşı işlər görən qullarına Allahın müjdəsi budur. De ki: “Mən sizdən bir şey istəmirəm”. Mənim sizdən təkcə istədiyim,  Allaha yaxlaşdıracaq şeylərə diqqət/sevgi bəsləməyinizdir. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.” (Şura, 42/23)

Doğru təvəssülə bir nümunə də dua edən biri, bir başqasının duasına qatılmasını istəməsi və ya ona “mənə dua et ya da mənim üçün Allahdan bağışlanma istə” deyə müraciət etməsidir. Necə ki, bunu Qurani Kərimdə Yaqub əleyhissəlamın övladları atasından istədilər. Quranda bu istəkləri belə ifadə edilir:

Onlar dedilər: “Ey atamız! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz, günahkar olmuşuq”. (Yusuf, 12/97)

Belə bir təvəssülü Uca Allah, Muhəmməd əleyhissəlama hətta əmr etməkdədir:

“Bil ki, Allahdan başqa heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir.” (Muhəmməd, 47/19)

Biz hər qıldığımız namazda bu cür təvəssülü təkrar edirik: “Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim, 14/41)

Bu kimi bir çox ayələrdən yola çıxaraq, Allaha yaxlaşdıracaq şeylərin/vəsilələrin bu şəkildə edilən dualar, əsasən iman və yaxşı işlər olduğunu və ancaq belə vəsilələrlə Allaha yaxlaşmağın/təvəssül etməyin doğru olduğunu deyə bilərik.

  1. Doğru olmayan təvəssül.

Doğru olmayan təvəssül; bir insanın və ya bir canlının ilahi gücə, qüdrətə və səlahiyyətə sahib olduğuna inanaraq, beləliklə onun özünü, məqamını, hörmətini və sevgisini ortaya qoyaraq edilən təvəssüldür. Bunu iki başlıq altında belə izah edə bilərik:

  1. Bir insanın və ya bir şeyin zatını ortaya qoyaraq edilən təvəssül:

Birinin zatını vəsilə tutub onunla təvəssül edərək Allaha yaxlaşmağı dəlil alanlar, Nisə surəsi 64-cü ayəni nümunə verməkdə və bu ayədə “Allah, peyğəmbəri vəsilə qılmağı əmr etmişdir” – deyərlər. Ayə belədir:

“Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” 

İlk əvvəl bu ayədə münafiqlərin Allahın elçisinin yanına gələrək, Allahdan bağışlanma diləmələri təmənni edilməkdə və əgər belə etsələrdi, dualarına peyğəmbər də qatılar və bağışlanardılar. Yoxsa, ənənənin inandığı təvəssül anlayışına uyğun, peyğəmbərin yanına onun zatını Allahla öz aralarına qoyub, “Sənə bu elçinlə yönəlirik və ya bizi bu elçinin üzü suyu hörmətinə əfv et!” deməyə çağrılmayıblar.

Təvəssülə bu ayəni dəlil gətirməkləri, əslində elçiyə itaətin də nə anlama gəldiyini bilməməklərindən qaynaqlanır. Elçiyə itaət, Allaha itaətdir. Çünki elçi, öz sözünü deyil, Allahın sözünü çatdırır. Elçiyə itaət, Nəbinin şəxsinə uymaq deyil, birbaşa Allaha itaət etməkdir.[40] Yəni peyğəmbərin şəxsinə deyil, çatdırdığı mesaja/Qurana uymaq, itaət etmək lazımdır ki, Allah bizi sevsin və günahlarımızı bağışlasın.[41]

Ayəni üstdəki ayələrlə bağlantısını quraraq oxuduğumuz zaman mövzunu daha yaxşı başa düşərik:

De ki: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

De: “Allaha və Elçisinin gətirdiyinə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.” (Əli İmran, 3/31-32)

Beləliklə elçi ifadəsindən bir mömin, elçinin zatına itaət etməsi deyil, gətirdiklərinə  itaət etməsi lazım olduğunu başa düşər. Bunu aşağıdakı ayə daha açıq göstərməkdədir:

“Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onunla aranıza qoyduğunuz vəlilərə/himayədarlara  uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (Əraf, 7/3)

İnsanların bir çoxu Allaha aid səlahiyyətlərin, gücün və hökmün başqa varlıqlarda da olduğunu düşünərək, onlara Allaha yönəldikləri kimi yönəlir, Allahdan çəkindikləri kimi çəkinir, Allahı sevdikləri kimi sevirlər. Aşağıdakı ayə, bir möminlə müşriyin sevdikləri şey haqda müqayisələri verilməkdədir:

“İnsanlardan elələri də vardır ki, Allah ilə aralarına oxşar xüsusiyyətlər verdikləri varlıqları qoyar, onları Allahı sevdikləri kimi sevirlər. İnanıb güvənənlərin isə Allaha olan sevgisi daha güclüdür. Zülm edənlər, bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini kaş əzabı gördükləri zaman deyil, indi baş düşsəydilər!” (Bəqərə, 2/165)

  1. Birinin məqamını, hörmətini ortaya qoyaraq edilən təvəssül.

Quranda doğru olmayan bu cür təvəssülün nümunələri çox keçməkdə və daha çox insanların özləri ilə Allah arasına qoyduqları şəxslər üzərindən təmsilləri verilməkdədir. Məsələn:

“Bil ki, saf din Allahındır! Allahla özləri arasına himayəçilər tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə qulluq edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.” (Zümər 39/3.)

Məkkə müşrikləri günümüzdəki bəzi təriətçilər kimi Allah yolunda çalışmaq, səy göstərmək yerinə özlərini Allaha yaxlaşdıracaqlarını düşündükləri şəxsləri, türbələri, ziyarətləri, mələkləri və müqəddəs gördükləri bir çox şeyləri vəsilə tutmuşlar. İnanclarına görə bunlar qeyri-adi gücə sahib və Allaha yaxın dost, Onun yanında sözləri, nazları keçən varlıqlardır. Elə bu səbəblə onlar, ibadət və dua edəndə ya da çətin bir vəziyyətə düşəndə bu vəsilə tutduğu varlıqları çağırırlar. Rəbbimiz onların bu məsnədsiz fikirləri barədə belə deyir:

“De ki: “Allah ilə aranıza qoyduqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər.” “Onların yalvardıqlarının özləri belə, Rəbbinə; hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir.” (İsra, 16/56-57)

İnsanların Allahla öz aralarına qoyduqları və köməyə çağırdıqları varlıqlar (bunlar istər Allahın seçdiyi və sevdiyi peyğəmbərlər olsun, istər mələklər olsun), onların özləri belə Allaha yaxlaşmağa bir vəsilə axtarırlar. Bir başqa ayədə:

“Allah ilə aralarına qoyub (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (varlıqlar) onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu onların iftiraları və uydurmalarıdır.” (Əhqaf, 46/28)

Quranda bir insanın dua edəndə ancaq Allahın zatını, isimlərini və sifətlərini vəsilə tutub, onlarla təvəssül edilməsi tövsiyə edilməkdədir.[42] Çünki insana Allahdan daha yaxın, daha mərhəmətli və heç kimin bilmədiyi, görmədiyi yerdən duasına qarşılıq verəcək başqa bir varlıq yoxdur. Bu həqiqəti Rəbbimiz Quranda belə ifadə edir:

“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Kaf, 50/16)

Uca Allah, özünü Quranda necə tərif edirsə, o cür də tanımalıyıq. Əksi təqdirdə Onun barəsində səhv təsəvvürə qapılmış olarıq ki, bu təsəvvürlərin başında; araya başqalarını qoymaq, vəsilə tutmaq surətiylə Allaha müraciət etmək, yəni Ondan kömək istəmək, Ona yaxlaşmağa, rizasını qazanmağa çalışmaq və duasının qəbul olunması üçün çalışmaqdır. Əslində belə bir anlayış, insanın fərqində olmadan Rəbbində bir əksikliyin olduğunu qəbul etməsi mənasına gəlir. Sonra bu əksikliyi dolduracaq şeylərin arxasına düşər və nəticədə Onun yetişmədiyi yerlərə yetişəcək, eşitmədiyi şeyləri eşitdirəcək, onu qurtaracaq şəxslər icad edər. Bu isə, insanoğlunun Allaha qarşı elədiyi ən böyük hörmətsizliklərdən biri olduğunu deyə bilərik. İnsanların bu qədirbilməzliyini Rəbbimiz Quranda belə ifadə edər:

“Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır.” (Zümər, 39/67)

İxlaslı bir müsəlman, Allah üçün etdiyi ibadətində, duasında və hər hansı bir işində başkalarına təvəssül etməyəcək, şərik qoşmayacaqdır. Yəni, Quranda anlatılan bu insanlar kimi olmayacaqdır:

“Sizi quruda və dənizdə hərəkət etdirən Odur. İçində olduğunuz gəmiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Yunus, 10/22)

Bunun kimi bir çox ayələr işığında Quranın bizə öyrətdiyi vəsilənin Allaha iman və bu imanın sövq etdiyi xeyirli əməllər olduğunu görməkdə, o cümlədən İslam alimlərinin, səhabənin və peyğəmbərimizin də bu mövzuda eyni qənaətdə olduğunu göstərməkdədir. Vəsilə tutmaqla əlaqəli Əli əleyhissəlama nisbət edilən “Nəhcul-Bəlağa”dakı xütbəsindən bir nümunə vermək istəyirik. Cümə günü Əli (r.a.), xütbəyə çıxıb xalqa belə səslənir:

“Təvəssül edən bir şəxsin təvəssülü, Allah Təalaya və rəsuluna iman, (əməl yönündən) Allah yolunda cihaddır; çünkü o İslamın zirvəsidir.” (Nəhcul Bəlağa, s. 163.) “Ey insanlar! Allah ilə hiç kim arasında nəsil əlaqəsi yoxdur. İnsanın yaxşı əməllərindən, xeyrli və gözəl davranışlarından başqa, ona xeyir gətirəcək və şərri ondan döndərəcək bir şey yoxdur. Olmaya, aranızdan biri xəyala qapılıb da boş fikirlərə düşməsin! Məni Həqq ilə göndərən Allaha andolsun ki, ilahi rəhmətə nail olan əməldən başqa heç bir qurtuluş vəsiləsi yoxdur!” Bunları dedikdən sonra da belə əlavə etdi: “Allahım! Təbliğ etdimmi?” (İbn Ebil Hadid, Nəhcul-Bəlaga Şərhi, c. 2, s. 883).

Təəssüf ki, Əli əleyhissəlamın bu izahatını və xəbərdarlığını diqqətə almayan şiə alimlərinin çoxu, vəsilənin Əli əleyhissəlamın elə özü və nəsli olduğunu iddia etmişlər. Beləliklə, tarix boyu sevdikləri şəxsləri müqəddəsləşdirən insanların xətalarını davam etdirmiş və hələ də etdirməkdədirlər.

Nəticə olaraq; bizim ilahi rəhmətə, Onun rizasına, yaxınlığına vəsilə olacaq şeylərin sadəcə öz çabamızla gördüyümüz işlər olduğunu aşağıdakı ayədən və bir hədisdən də göstərmək surətiylə mövzumuza son veririk:

“İnsana öz çalışmasından\əməlindən başqası yoxdur.” (Nəcm, 53/39)

Peyğəmbərimiz (ə.s.): “Ey Qüreyşlilər, ey əmim Abbas! özünüzü qurtarın, Allahın yanında sizə bir faydam olmaz! Qızım Fatimə! Malımdan dilədiyini istə amma Allahın yanında sənə faydam olmaz. Özünü bir xurma dənəsilə olsa qurtarmağa bax!”[43]

Müəllif: Aydın Mülayim.[44]

[1] Bax. İbn Manzur, Lisanul Arab “وسل“ md; TDV İslam Ansiklopediyası, Yusuf Şevki Yavuz, “Tevessül” md.

[2] Bax. İbn Manzur, Lisanul Arab “وسل“ md; Firuzabadi, Kamusul Muhid, “وسل“ md.

[3] Bax. İbn Manzur,”e.q.ə.”; Cevheri, es-Sıhah, “وسل“ md.

[4] Bax. Müfrədat, “وسل“ maddesi; Şihabüddin el Halebi es-Semin, Umdetul Huffaz, “وسل“ md.

[5] Bax. İbn Manzur,”e.q.ə.”; TDV İslam Ansiklopediyası, Yusuf Şevki Yavuz, “Tevessül” md.

[6] TDV İslam Ansiklopediyası, Yusuf Şevki Yavuz, “Tevessül” md.

[7] İbni Cərir ət-Təbəri, “el-Camiul Beyan”, Maidə surəsi 35 ayənin təfsiri.

[8] ət-Təbəri, “el-Camiul Beyan”, c.4. s. 566.

[9] İbn Kəsir, Təfsirul Quranil Azim, Maidə 35 ayəsinin təfsiri.

[10] Fəxrəddin Razi, Məfatihul Ğayb, Maidə 35-ci ayəsinin təfsiri. Təfsirində bunu əlavə edər: Uca Allah, Yəhudilərin Maidə surəsi 18-ci ayəsində “Biz Allahın övladları və sevdiyi qullarıyıq” dediklərini bildirmişdir.  Yəni, biz Allahın peyğəmbərinin övladlarıyıq” demişdilər. Onlar, babalarının əməlləri ilə iftixar edirdilər. Uca Allah da bunun üzərinə; “Ey inanıb güvənənlər! Sizin iftixarınız, babalarınızın və sizdən əvvəlkilərin şərəfləri ilə deyil, öz əməllərinizlə olsun. Allaha qarşı üsyan etmədən qorxun və ona yaxlaşacaq əməllər işləyin.” Buyurmuşdur.

[11] Bax. Müfrədat, “وسل“ maddesi; Şihabüddin el Halebi es-Semin, Umdetul Huffaz, “وسل“ md.

[12] Bax. Alusi, VI, 413-419.

[13] Cabir el Cəzairi, Akidetul Mümin, Mektebetul ulumu vel hikem, Mədinə, 2001, s. 91.

[14] Muhamməd ibni Həsən Et-Tusi, “Tıbyan”, Maidə 35. Ayəsin təfsiri.

[15] Əbu Cəfər Muhammed b. əl-Hasen b. Fərrux es-Saffar əl-Kummî (ö. 290/903), Təfsirul Kummi, Maidə 35 ayəsinin təfsiri.

[16] Muhamməd Hüseyn Təbatabai, əl-Mizan Fi Təfsiril-Quran, c. 6, s.328-332.

[17] Allahın ipi ilə əlaqəli bir başqa bənzər ayə: “Odur ki, sən özünə vəhy olunan (Qurana) sarıl! Əslində, sən düz yoldasan.” “Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.” (Zuxruf, 43/43-44)

[18] Muhammed b. İbrahim b. Cəfəri en-Numani, Gaybet-i Numani, Mir yayınları; Təbatabai, e.q.ə.

[19] Nəhcul-Bəlağa, Muhamməd Abduh, Müessestul Maarif, Beyrut, 1990, s. 417.

[20] Bu mövzuda geniş məlumat üçün bax. https://www.cerideiilmiyye.org/yusufun-gomlegi-yakupun-gozu/

[21] İsmail Hakkı Bursəvi, Ruhu‟l- Beyan, Daru ihyait-Türasil-Arabî, Yayın Tarixi yox, II, s.311.

[22] Geniş məlumat üçün bax: Bardakçı, Tasavvufî Bir Terim Olarak Tevessül ve Vesile”, Tasavvuf İlmî ve Akademik Araştırma Dergisi, s.39.

[23] Uludağ, Süleyman, Tasavvuf Terimleri Sözlüğü, Marifet Yayınları, İstanbul 1995, s. 568.

[24] Acluni, İsmail b. Muhamməd, Kəşful-xəfa ve Müzîlul-İlbas, Darul-Kütübil-Elmiyyə, Beyrut 2001, c. 1, s. 75, hədis: 213

[25] Alusi, Əbul-Fadl Mahmud, RUhul-Məani fî Təfsirul-Quranil-Azim ve sebil-Məsani, Daru İhyait-Turasil-Arabî, Beyrut, tsz, c. 30, s. 24.

[26] Taberani, əl-Mucemul Kəbir, No:290, 17/117.

[27] TDV İslam Ansiklopediyası, Yusuf Şevki Yavuz, “Təvəssül” md.

[28] Seyyid Muhamməd Rəşid Rıza, əl-Mənar, c. 6, s. 369-377.

[29] Bax. Əraf 7/3; Zümər 39/3.

[30] Çünki, Məkkə müşrikləri Kəbədə “Ləbbeyk Allahummə!” deyə təkcə Allahı çağırırdılar. Səhihi Müslüm, Kitabul-Həcc.

[31] Buxari, İstiska, 1/318; Mahmud Ebu Reyye, Muhammədi Sünnənin Aydınladılması adlı əsərində, şirki çağıran bu hədisin məşhur olmasında İsrailiyat kültürünün təsiri olduğu və bu fəaliyetin başında Kabul-Əhbar olduğunu söyləyir.

[32] Belə ki, İbrahim və İsmail əleyhissəlam birlikdə özlərinin və nəsillərinin salih bəndələr olması üçün duaetmişlər. (Bəqərə, 2/127-129) Qısacası, dua ilə bir başqasının müvəffəq olması ya da olmaması üçün dua edilə bilər. (Bax. Maidə, 5/112-115; Yunus, 10/88-89).

[33] Muhamməd Əbu Zəhra, “İmam ibn Teymiyyə”, İslamoğlu yay. İstanbul, s. 296.

[34] İbn Teymiyyə, hər nə qədər də bu hədisdə peyğəmbərin və ya ibn Abbasın zatı deyil, duası vəsilə tutulduğunu desə də təvəssülün itaət və şəfaət mənası olduğunu söyləyərək, bu cür dua etməyin caiz olduğunu söyləmişdir. (İbn Teymiyyə ət-Təvəssül vəl-Vəsilə, Beyrut, 1982, s. 49-50.)

[35] İbn Teymiyyə, “e.q.ə.” , s. 68, 80.

[36] Tarix kitablarında insanların Rizvan ağacına hədsiz münasibəti və yanında namaz qılmağa xüsusi bir əhəmiyyət verilməsi səbəbilə Ömər (r.a.) bu ağacı kəsdirdiyi rəvayət edilir. (İbn Sad, Tabakat II, s. 100) Belə ki, Rizvan ağacının müqəddəsləşdirilib, şirkə vəsilə olacağı qorxusuyla onu kəsdirən, bu kimi məsələlərdə çox həssas olan və insanların zəif nöqtələrini çox yaxşı bilən Ömərin bir başqasını vəsilə tutmasını inandırıcı görmürük və bu cür rəvayətlər, bir insana iman yəni əqidə mövzusunda dəlil də olmaz.

[37] Əli b. Əli b. Muhamməd b. Əbil-İzz əd-Dimaşkî, Şerhül-Əqidətit-Tahaviyyə, Beyrut, 1408/1988, c: 1, s. 295-297.

[38] Buxari, Büyü 98, Edeb 5; Müslüm, Zikir 100.

[39] İbn Hənbəl, Müsnəd, I, 391.

[40] Bax. Nisə, 4/80.

[41] Nəbi və Rəsul ilə əlaqəli geniş məlumat üçün baxın: Zəki Bayraktar, Sünnət ama Hangi Sünnət, Süleymaniye Vakfı Yayınları.

[42] Bax. Əraf, 7/180; Yunus, 10/ Kaf, 50/39-40.

[43] Müslüm, İman, 89.

[44] Tədqiqatçı və Müsəlmanlar.com saytının redaktoru.