Müsəlmanlar

Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər?

Sual: Namazlardan sonra və ya adi vaxtlarda edilən dualardan sonra əlləri qaldırıb üzə çəkməyin mənası nədir? Dində belə bir şey var?

Cavab: Xəlifə Ömər ibn Xəttabdan (r. a.) rəvayət edildiyinə görə o, belə demişdir:

“Rəsulullah (s. a. v.) dua vaxtı əllərini yuxarı qaldırdıqda üzünə çəkməmiş aşağı salmazdı”. Muhəmməd ibn Müsənna öz rəvayətində bu barədə: “Onları (əllərini) üzünə sürtmədikcə aşağı salmazdı” , – deyə qeyd edib (Tirmizi, Dəavat, 11).

Bu hədisi rəvayət edən Tirmizi isə öz növbəsində aşağıdakı kimi bir şərh gətirmişdir:

Bu hədis səhih qəribdir. Onu ancaq Həmmad ibn İsanın rəvayəti ilə bilirik. Bu da o deməkdir ki, o, bu hədisi tək başına rəvayət edib. Həmin şəxsin hədis rəvayəti azdır. Bəzi adamlar ondan hədis nəql ediblər. Hənzələ ibn Əbu Süfyan onun etibarlı bir kəs olduğunu deyib.

Hədis alimlərindən biri olan İbn Həcər Əl-Əsqəlani isə özünün Büluğul-Məram adlı əsərində Əbu Davudun külliyatında, eləcə də digər bir sıra hədis kitablarında Abdulla ibn Abbasdan buna oxşar başqa bir hədisin də nəql olunduğunu bildirib. Bununla yanaşı, o, qeyd edib ki, bu hədislər ümumilikdə qiymətləndirildiyi vaxt həsən bir hədis olur. ((Baxın: İbn Həcər Əl-Əsqəlani, Büluğul-Məram, Babu-z-Zikri və-d-Dua (Zikr və Dua fəsli), 1582 və 1583 nömrəli hədislər.))

Yuxarıdakı hədisləri nəzərə aldıqda duadan sonra əlləri üzə sürtməyin sünnə, yəni, müstəhəb əməl olduğunu demək mümkündür.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.