Müsəlmanlar

Dövlət, dini ya da dünyəvi ola bilərmi?

Sual: Dini dövlətdən siyasətdən ayırmaq, dini dövlət və dünyəvi/layiq dövlət ifadələrini işlətmək nə dərəcədə doğrudur?

Cavab: Hansı cəmiyyət ki dini ayrı bir sinifə və o sinfin insanına şamil edirsə orda dini cəhalət vardır. Həmişə dediyimiz kimi; kimliyindən asılı olmayaraq hamı bu dinin əsaslarından sorumludur. Çünki din, Allahın insan fitrətinə yüklədiyi məsuliyyətlərin cəmidir.

Bir insan dinini hərhansı bir sahədən istər dövlət müəssisəsindən, məktəbdən, xüsusi iş həyatından, ailədən təlim-tədrisdən uzaq tutursa orda dini cəhalət vardır. Məhz bu cəhalət səbəbi ilə dini dövlət və dünyəvi dövlət ifadələri işlədilməkdədir. Yaşadığımız dünyada dünyəvi olmayan biri varmı? Yoxsa dində ya da onun qanunlarında dünyaya aid olmayan nəsə varmı? Əslində din özü dünyəvidir, Dünyada lazımdı. Axirətdə yox!

Əlbəttə nə dövlətin, nə məktəbin özünün dini olmaz çünki bunlar bir təşkilatdır. Siyasətin dini olmaz siyasət bir vasitədir. Dövləti, siyasəti yürüdənlərin bir dini olur. Məktəbin dini olmaz, ordakı müəllimlərin və tələbələrin dini olur. Dövlətdə, siyasətdə, məktəbdə hər inanç sahibi insana yer vardır. Dövlətin dini olmaz dedikdə, dövlətin iman edəni namaz qılanı oruç tutanı olmaz. Axirət qayğısı olmaz, onun qayğısı xalqdır. Dövlətin imanı ədalətdir.

Ədalət uyğulanan dövlət adil dövlət, zülmü uyğulayan dövlət zalim dövlət adlanır. Dini ya da dinsiz dövlət olmaz. Çünki ədalətin, zülmün, pulun imanı, müsəlmanı, kafiri olmaz.

Adil dövlət, adil siyasət aparmaq istəyən, gözəl ailə və cəmiyyətin olmasını istəyən Allahın kitabına baxacaq və bacardıqca onu tətbiq etməyə çalışacaqdır. Dövlətdə çalışan, siyasət aparan, məktəbdə dərs deyən, ailədə və cəmiyyətdə özünü yaxşı aparmaq istəyən, gücü yetdiyi ölçüdə bu kitabda olanları yürürlüyə qoymalı, həyatına əks etdirməyə çalışmalıdır.

Əfsus ki bu xalqın çoxu, öz dinini həm dövlətdən həm  cəmiyyətdən həm də ailədən kənarda görmək, onu sadəcə mollaya yükləyib, qəbirsanlığa yollamaq istəyirlər. Faydasını ölülərin görəcəyinə inanırlar. Sonra da dövlətdən ədalət, cəmiyyətdən və ailədən hüzur gözləyirlər.

Allahdan gələn bütün kitabların elçilərin göndərilmə məqsədi; insanların fitrətində olan müsbət keyfiyyətlərini həyata əks etməkləri və gözəl cəmiyyət, hökümət qurmaları üçündür. Əgər bir cəmiyyət dini öz həyatlarına, məktəblərinə ailəsinə soxmursa, orda həm cəhalət həm fəlakət vardır. Dini dövlətdən ayırmaq dini haqdan, ədalətdən ayırmaq deməkdir. Dini siyasətdən ayırmaq, əxlaqsız siyasət yürürtmək deməkdir. Dini məktəbdən tədrisdən ayırmaq, tələbələri şikəst etmək deməkdir.

Əlbəttə biz, din deyəndə Allahın dinini kitabını qəsd edirik. Eşitdiyiniz, gördüyünüz Sünnilik, şiəlk ya da onların icad etdiyi şəriət (!) deyil. Uca Allah bu xalqa dinini doğru öyrənməyi, yaşamağı lütf eyləsin!

Qurani Kərimdə Rəbbimiz belə buyurur:

“Bu bir qanundur: Bir xalq/cəmiyyət özünü dəyişməyincə, Allah ona verdiyi neməti dəyişməz. Allah, dinləyir ve bilir.” (Ənfal 8/53)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Ətraflı məlumat əldə etmək istəyənlər aşağıdakı linkdən “Din və Dövlət münasibətləri” kitabımızı oxuya bilərlər:

Din-dövlət münasibətləri

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.