Müsəlmanlar

Ömər (r.a.) Haqqında Deyilənlər və Həqiqətlər 2.

Araşdırmamızın ilk bölümündə Ömərin xəlifə seçilmədən əvvəlki həyatı və əməlləri ilə əlaqəli deyilənlərə və həqiqətlərə təmas etmişdik. Məlumatı saytımızın bu linkində görə bilərsiz: https://www.muselmanlar.com/elanlar-xeberler/11548.html

İndi isə Ömərin xəlifə seçilməsindən sonrakı icraatları əlaqəli deyilənlərə və həqiqətlərə toxunacayıq:

İdarədəki İcraatları və Fətvaları ilə əlaqəli deyilənlər

Ömərin Əbu Bəkrdən sonra möminlərin əmiri olaraq idarəyə gəlməsində ən böyük dəstəyi olanlardan və ona ilk beyət edənlərdən biri məhz İmam Əli olmuşdur. Əlini öz yanından ayırmayan Ömər də onunla möhkəm bir ailə bağı qurmuşdur. Şiələr bütün bu münasibətləri tək bir yolla “təqiyyə” ilə açıqlayırlar. Yəni Əli, bütün bu münasibətlərdə təqiyyəyə baş vurmuşdur. Şiələrin müdafiə etdiyi təqiyyəni tamamilə şəxsiyyəti gizlətmək və ikiüzlülük olaraq adlandıra bilərik. Bu mövzunu saytımızın bu linkində: https://www.muselmanlar.com/dusunce-sahesi/6844.html geniş izah etmişik. Ömər, idarəyə keçəndən sonra fəth fəaliyyətləri gücləndi. Dövrün ən güçlü imperiyasını dizə gətirməkdə və misilsiz sərvət, qənimət əldə etməkdə ən böyük paya sahib olan Ömər, öz təvazökarlığından heç bir şey itirmədi və xalqına qarşı yadlaşan krallar kimi də olmadı. Tam tərsinə, nəfsini kibir və dünya malına sövq edəcək bütün qapıları bağladı. İdarəsindəki Misir valisinin xalqdan birinə haqsız davrandığı üçün orada yaşayan öz oğlu ilə birlikdə (Valiyə səs çıxarmadığı üçün) yanına Mədinəyə çağırmış və xalqın qarşısında hər ikisini cəzalandırmış və bu ibrətlik sözləri də orda işlətmişdir: “Ey Qüreyşlilər! İnsanların sizin qullarınız olduğunu mu zənn edirsiz!? Analarından hür doğulan insanları nə zaman kölələşdirdiniz!?”[1]

Özünə qarşı həddən artıq titiz davrandığını görən yaxınları, qızı Hafsanı göndərərək ona biraz daha rahat və sərbəst olmasını çatdırırlar. Fəqət Ömər, qızını belə tənbeh edər: “Qövmünə səmimiyyət göstərdin, mənə isə xəyanət. Ailəmin, mənim və malım üzərində haqqı var lakin, dinim və idarəm üzərində əsla!”[2]

Ömər, biliyin və dini tədrisin çatmadığı bir bölgəyə İslami fəthin çatmasını hər nə qədər xoş görməsə də onun idarəsi dövründə fəthlər çox tez yayılır. Bu bölgələrdən biri də İran Sasani imperatorluğudur. Elə bu səbəblə Ömər, müsəlmanların yaxşı nümunə olması və ordakı insanların qəlblərini İslama isindirmək məqsədilə fəth etdikləri torpaqları xüsusilə məhsuldar olan “Səvad” ərazilərinin öz sahiblərində qalması üçün sərkərdəsinə belə bir əmr göndərir:[3]

“Allaha and olsun ki, əgər bu torpaqlar, sahibləri ilə birlikdə müsəlmanlara paylanarsa, sağ qaldıqları müddətcə onları istismar edərlər. Sonra da uşaqlarımız onların uşaqlarını istismar etməyə və qul olaraq işlətməyə davam edərlər. Mən buna əsla razı olmaram.”[4]

Torpaqları əsl sahiblərinə qaytaran Ömər, bu torpaqlarda əkinçiliyin davam etməsini, torpaqların əkilib yararlı hala gətirilməsini, üç il üst-üstə əkilməyən torpaqların geri alınmasını istəmiş, əkinçiliyin inkişafı üçün tədbirlər almış, ölü torpağı əkib canlandıranları həmin torpağın sahibləri olacaqlarını vəd etmişdir.[5]

Sünni və Şiə məzhəbinin təsirində qalan bir çox alim, Qurandakı bəzi həqiqətləri ortadan qaldırmaq ya da gizlətmək üçün Ömərdən və onun simvol edilən ədalətindən istifadə etmişlər. Allahın əmrlərinə zidd olmasına baxmayaraq, Ömərin adından yürürlüyə qoyulan fətvalardan biri; “kişinin arvadını bir anda üç talaqla boşaya biləcəyi” hökmüdür.

İddia: Kişilərə arvadlarını bir dəfəlik üç talaqla boşama ixtiyarı verilmişdir!

Qurani Kərimə tamamilə zidd olan və Ömərin ağırlığını istismar edərək verilən bu fətva, bizə belə təqdim edilməkdədir:

Ömər, xilafətinin ikinci ilindən sonra belə fətva vermişdir:

“İnsanlar, özlərinə möhlət verilmiş bir məsələdə tələsirlər; gəlin bu məsələdə onların istəklərini etibarlı sayaq” deyərək, bir anda verilən üç talağı etibarlı saymışdır.”[6]

Yəni, insanlar Allahın verdiyi möhləti gözləmək istəmədilər və Ömər də Allah tərəfindən verilən bu möhləti onlardan qaldırdı.

Bu iddiaya görə, nəfsini özünə zindan edən və Allahın əmrlərinə rəayət etməkdə heç kimə güzəştə getməyən Ömər, insanların istəyi ilə Allahın hökmünü qaldırır. Belə bir şeyi Ömərə nisbət etmək onu layiqi şəkildə tanımamaq və bilavasitə Quranı özünə rəhbər tutmayan, Quran düşmənləri ilə bir tutmaq mənasına gəlir. Çünki, talaqla əlaqəli hökm Quranda çox açıq və aydındır. Allah, zövcələrini boşamaq istəyənlərlə əlaqəli belə buyurur:

“Boşanma iki dəfə olar. Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir.  Onlara verdiklərinizdən bir şeyi götürmək sizə halal olmaz…(Bəqərə, 2/229)

Ömərin eyni zamanda cəmiyyətin bəzi pis adətlərini və sanki İslamda mövcud olub, sanki Nəbimizin də tətbiq etdiyi bu hökmləri qaldırdığı söylənməkdədir. Qaldırıldığı iddia edilən hökmlərin başında “muta” gəlməkdədir.

İddia: Mutə Nikahını Qadağan Etmişdir!

Quran, mutə[7] deyə bir nikahın varlığını qəbul etmədiyi halda əhli-Sünnə belə bir nikahın Quran və sünnə ilə sabit olduğunu fəqət bu nikahın Ömərin isabətli qərarı ilə ləğv olunduğu bildirilməkdədir.[8] Belə bir nöqteyi-nəzərdən bu cür nəticə əldə edilir: Quran və Sünnənin bu məsələdə isabətsiz bir hökmü var idi. Ömər, bu isabətsiz hökmü ortadan qaldırdı (!).

Mutə ilə əlaqəli Quranda “nəsx edilmiş/hökmü qalxmış” olaraq göstərilən ayə budur:

“Hakimiyyətiniz altında olan (savaş əsirləri) xaric, mühsanaları/ərli qadınları nikahlamağınız sizə haramdır. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə[9], zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Bunlardan hər hansı biri ilə nikahlayıb faydalansanız mehrlərini müəyyənləşdirdiyiniz miqdarda verin. Bu mehr müəyyən edildikdən sonra könül xoşluğu ilə bir başqa miqdar üzərində razılaşmağınızın bir günahı yoxdur. Həqiqətən, Allah Biləndir, Müdrikdir.” (Nisə, 4/24.)

Bu mövzuda bir çox rəvayət də nəql edərlər. Məsələn:

“Biz, Peyğəmbər (ə.s.) dövründə mutə edərdik. Sonra Ömər bizə bunu qadağan etdi və biz də bundan uzaqlaşdıq.”[10]

Belə bir şeyin o dövrdə mövcud olduğunu fərz edərsək, o zaman Ömərin qadağasını qəbul etməyən Şiənin, əhli-Sünnədən daha doğru yolda olduğu nəticəsi çıxar. Çünki, Allahın ayəsinə və Peyğəmbər sünnəsinə uymaq, Ömərin fətvasına uymaqdan daha fəzilətlidir.

Məlumdur ki bu kimi düşüncələr, qadınların cinsiyyətindən faydalanmaq üçün bəzi kişilər (din və dövlət xadimləri) tərəfindən Məcusilərdə yayğın olan[11] Mutənin İslama da soxuşdurulmaq istənildiyi fəqət, fitrətə tərs bir davranış olduğu üçün bir çox alim tərəfindən rəddedilmişdir.

Məzhəblərdən əhli-Şiə isə Mutənin zinaya əngəl olduğunu (!)[12] irəli sürmüş və Ömərə inad olaraq belə bir cinsi əlaqənin ən böyük müdafiəçilərindən biri olmuşdur. Əslində nə Sünnilərin qadağası nə də Şiənin qəbul görməsi Allahın kitabına əsaslanmamaqdadır. Belə ki, Sünnilərdə Mutənin qadağası Ömərin qadağasına, Şiələrdə Mutənin qəbulu daha çox Ömərə inad və İmamlarına nisbət edilən uydurma rəvayətlərə əsaslanmaqdadır. Misal üçün, İmam Sadiqə nisbət edilən bir rəvayət belədir: “Mutənin halal olduğuna inanmayan bizim ictimaiyyətimizdən deyildir.”[13]

İddi: Müəlləfeyi-Quluba Zəkatın verilməməsini əmr etmişdir.

Qəlbləri İslama yaxınlaşdırılan, isindirilən kimsələrə mənasında işlədilən “Müəlləfeyi-Qulub”la əlaqəli Tövbə surəsinin 60-cı ayəsində belə bəhs edilməkdədir:

“Sədəqələr/Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.”

Müəlləfeyi-Qulub/Qəlbləri isindirilənlər, Quranda zəkat veriləcək 8 sinifdən biridir və ümumiyyətlə qeyri-Müsəlmanlardan və imanı zəif şəxslərdən meydana gələn bu sinifə zərərlərindən güvəndə olmaq ya da qəlblərini İslama isinişdirmək məqsədilə zəkat verilməsi əmr edilməkdədir. Nəbimiz də öz dövründə bu əmri tətbiq etmişdir. Lakin, Nəbimizin vəfatından sonra Ömərin yeni fətvasıyla bu tətbiqatın qaldırıldığı rəvayət edilməkdədir. Bir çox fəqihlər və xüsusilə İslam modernistləri, Ömərə istinad edilən bu rəvayətdən hərəkətlə Quranın hökmləri ilə əlaqəli ümumi olaraq belə bir qənaətə gəliblər: “Quran hökmləri, dövrün ictimai şərtlərinə müvafiq olaraq gəlmiş və bu şərtlərin və dövrün ehtiyaclarının dəyişməsilə hökmlərin də dəyişməsi zəruri olmuşdur.”[14]

Ömərin müəlləfeyi-qulubun zəkat hissəsini ortadan qaldırması ilə əlaqəli nəql edilən rəvayətlərdən biri belədir:

“Peyğəmbərimizin dövründə təzə Müsəlman olanlara və qeyri-müsəlmanlara zəkatdan pay verilirdi. Bu şəxslər eyni şəkildə Əbu Bəkrin (bəzi rəvayətlərdə Ömərin) xilafəti dövründə  haqlarını istəməyə gəldilər. Ömərə gəlincə; “Artıq sizi boşuna bəsləməyə ehtiyac yoxdur. Biz artıq güclənmişik. Bu, Peyğəmbərin qəlblərinizi qazanmaq məqsədilə sizə verdiyi bir şey idi. Bu gün isə Allah, İslamı gücləndirdi və sizə ehtiyac qalmadı. İslamda səbat edərsəniz nə yaxşı, əksi təqdirdə aramızdakı məsələni qılınclar həll edər. İslam üçün heç kimə bir şey vermərik. Diləyən iman etsin, diləyən inkar etsin.”[15]

Hənəfilərə, Malikilərin məşhur görüşlərinə və Şafei məzhəbindəki səhih görüşə görə artıq əhli-Küfrə zəkat nə qəlblərini isindirmək nə də başqa bir səbəblə verilə bilməz.

Xüsusilə Hənəfi fəqihçiləri müəlləfeyi-qulubun hissəsinin düşməsində icma/ittifaq olduğunu iddia etmiş və belə demişlər:

  • Peyğəmbər (ə.s.), vəfatından əvvəl bu hökmü nəsx/ləğv etmişdir.
  • Hökm, Peyğəmbərin həyatıyla məhduddur.
  • İllət/səbəb qalxdığı üçün hökm də qalxmışdır. Hökmün qalxmasının illəti/səbəbi də müsəlmanların güclənmiş olmasıdır.

Onlara İslamın ilk dövrlərində zəkat verilməsi müsəlmanlara nisbətlə güçlü olmaları səbəbilə idi; Müsəlmanlar gücləndikdən sonra maddi ehsanlarla kafirlərin könlünü qazanmağa ehtiyac qalmamışdır.[16]

Modernistlərin baxış tərzlərindən fərqli olmayan bu görüşə görə Qurandakı bu hökmün dövrə görə müəyyən şərtlər diqqətə alınaraq tətbiq edilib edilməməsinə qərar verilir.

Əksəriyyət, Allahın Quranda müəyyən etdiyi bu hökmə qarşı bu cür qənaət daşısa da İslam alimlərindən az sayıda olsa da müəlləfeyi-qulubun hissəsinin baki olduğunu, ortadan qalxmadığını və Allahın hökmünü nə Peyğəmbərin nə də Ömərin nəsx etməyə, dəyişdirməyə ixtiyarı olmadığını söyləmişlər. Bu məsələylə bağlı da aşağıdakı izahatı gətirmişlər:

“Ömər (r.a.), yanına gələn insanlara müəlləfeyi-qulub vəsfini itirməkləri səbəbilə yəni, bir başqa ifadə ilə ayədə təqdim edilən xüsusiyyətlərə sahib olmadıqları üçün onlara zəkatdan pay verməmişdir. Fiqh üsulu qaidəsi ilə desək, hökm illətə bina edilir, hökmə mədar/əsas olan illət ortadan qalxdığı üçün Ömər (r.a.) bu şəxsləri geri çevirmişdir. Ömərin etirazı bundan qaynaqlanır. Bu, eynilə özünə zəkat verilən bir yoxsulun bir müddət sonra varlanmasıyla yoxsullar cərgəsindən çıxması və zəkat alabiləcək vəsfini itirməsi kimidir. Daha sonra əgər yenidən zəkata möhtac olacaq şəkildə yoxsullaşarsa, o zaman həmin şəxs yenə zəkata haqq qazanmış olur. Belə bir halda yoxsulların zəkat hissəsinin qaldırıldığı nə qədər iddia edilə bilərsə, müəlləfeyi-qulubun hissəsinin də qaldırıldığı da eyni şəkildə iddia edilə bilər.”[17]

Beləcə biz də son görüşə qatılır və rəvayətləri dərindən incələyəndə Nizamuddin Əbdülhəmidin də dediyi kimi; “Nasla/ayə ilə sabit olmuş bir hökmü Peyğəmbərimizin ortadan qaldırmaq səlahiyyəti varmı ki, Ömər (r.a.) ortadan qaldırsın. Bilavasitə Ömər (r.a.), Quranda ifadə edilən müəlləfeyi-qulubu deyil, özlərini müəlləfeyi-qulubdan zənn edən və daha əvvəl bir neçə dəfə zəkatdan pay almış fəqət, qəlbləri bir növ İslama isinməmiş, istismarcı bir tayfanı geri çevirdiyinə qənaət gətiririk.[18]

İddia: Rəcm Ayəsinin Olduğunu Demişdir

Qurani Kərimə bəzi ayələrin yazılmadığı və bilavasitə ənənəvi din mənsublarına görə  hökmü qalıb özü nəsx olan ayələrlə əlaqəli Ömərin belə dediyi nəql edilməkdədir:

İbn Abbas rəvayət edir: “Ömər (r.a.)-ı xütbə verərkən dinlədim. Belə demişdi:

“Uca Allah, Muhəmmədi haqq ilə göndərdi və ona Kitabı nazil etdi. Bu nazil olanlar arasında rəcm ayəsi də var idi. Biz, bu ayəni oxuduq və əzbərlədik. Ayrıca, Rəsulullah zina edənə rəcm cəzasını tətbiq etdi, ondan sonra da biz tətbiq etdik. Mən, bu narahatçılığı daşıyıram:

Aradan uzun vaxt keçincə, bəziləri çıxıb: “Biz Kitabullahda rəcm cəzasını görmürük.” Allahın kitabında nazil etdiyi bir fərzi tərk edərək zəlalətə düşə biləcəkdir. Bilin ki, rəcm, qadın və kişidən muhsan olanların zinası sübu olduğu təqdirdə, onlara tətbiq edilməsi lazım olan Kitabullahda mövcud bir haqdır. Allaha an içərək deyirəm ki, əgər insanlar: “Ömər, Allah Təalanın kitabına əlavə etdi.” deməsələrdi, rəcm ayəsini (Kitabullaha) yazardım.”[19]

Ömərə nisbət edilən bu sözlər, Quranın əksik yazıldığı və hökmlərinin əksik olub, Nəbimizin tamamladığı mənasına gəlir. Ayrıca, belə bir ayənin varlığından Ömər şübhə etmirsə, “niyə bu ayəni Qurandan qaldırdınız” deyə, etiraz etməsin və ayəni yerinə qoymaya çalışmasın!? Bilavasitə, burada da bəzi din xadimlərinin Quranla və fiqhi hökmlə əlaqəli öz düşüncələrini Ömərin şəxsində çatdırıldığı açıqdır.

Bu cür üslubla yəni öz düşüncələrini və ya etmək istədiklərini Ömərin şəxsində tərənnüm etdirməyə çalışanların fəaliyyətini eyni zamanda Təsəvvuf ərbabında da görməkdəyik.

  • Təriqətçilərin Ömərə İstinad etdikləri

Ömərin kəramətilə əlaqəli belə bir hadisənin olduğu rəvayət edilməkdədir:

Ömər, Mədinədə xütbə deyərkən İran cəphəsində döyüşməkdə olan Sariyə adındakı sərkərdəsinə, “Ey Sariyə! Dağa çəkil, dağa!” deyə xitab etmiş və sərkərdəsinin bu səsi eşidərək, əmri yerinə yetirmiş və beləliklə ordusunu xilas etmişdir.[20]

Peyğəmbərimiz onun haqqında, “Sizin əvvəlki cəmiyyətlərdə Allahın qəlblərinə ilham verdiyi şəxslər vardı. Əgər mənim ümmətimdə də belə şəxslər olsaydı, şübhəsiz ki o, Ömər olardı.” demişdi.[21]

Buxaridə rəvayət edilən belə bir söz Peyğəmbərimiz tərəfindən ola bilər ki, deyilsin. Fəqət, Ömərin Mədinədə xütbə verərkən İrandakı sərkərdəsinə səslənməsinin qəbul ediləbiləcək tərəfi yoxdur. Təriqət mənsubları, Ömərin dua edərkən Peyğəmbərin əmisi Abbasla təvəssül etdiyini, bilavasitə Allahdan istəməkdə bir insanı vəsilə tutmağın qadağan edilmədiyini müdafiə etmişlər. Bu mövzuda belə bir rəvayət məşhurdur:

“Ya Rəbbi! Biz əvvəllər Quraqlıq və qıtlıq olanda Peyğəmbəri vəsilə edib, Sənə niyaz edərdik. Sən də bizə yağış yağdırırdın. İndi də onun əmisi ilə təvəssül edirik. Bizə yağış ehsan eylə!”[22]

İlk əvvəl, bu cür rəvayətlər, əqidəyə dəlil təşkil etməz.  Sonrası da bu rəvayətin xaricində, səhabənin bir şey istədiyi zaman Peyğəmbəri vəsilə etdikləri ilə əlaqəli səhih qəbul etdikləri hər hansı bir rəvayət mövcud deyildir. Əlbəttə bizim, dua edərkən təqvalı şəxslərlə birlikdə dua etməyimiz gözəl olar. Lakin, hərhansı bir duada insanları və ya hər hansı bir varlığı vasitəçi etmək müsəlmanların deyil, müşriklərin əməlidir.

Tarix kitablarında insanların Rizvan ağacına həddən artıq etina göstərməkləri və yanında namaz qılmaqlarına xüsusi əhəmiyyət verməkləri səbəbilə Ömər (r.a.)-in bu ağacı kəsdirdiyi nəql olunmaqdadır.[23] Bilavasitə, Rizvan ağacının müqəddəsləşdirilib şirkə vəsilə olacağı qorxusu ilə onu kəsdirən, bu kimi mövzularda çox həssas davranan və insanların zəif yönlərini yaxşı bilən Ömərin hər hansı bir insanı hətta peyğəmbəri vəsilə etməsini inandırıcı görmürük və buna təriqət əhlinin uydurmalarından biri olaraq baxırıq.

  • Ömərin möminlərin əmiri olduğu zaman gördüyü ən mühüm icraatlarından bir neçəsini təqdim etmək istəyirik:

Ömər, idarəsi dövründə ilk dəfə nüfus sayısını qeydiyyata almış və uşaqlara xüsusi aylıq təxsis edilmişdir.

Təlim və tədris üçün beytül-maldan xərclik ayrılır və ilk dəfə tələbələrin bursa bağlanması təmin edilir.

Xalq arasında hüzurun saxlanmasını təmin etmək üçün Allahın əmri olan, “əmr bil-məruf/yaxşılığı əmr etmək və pislikdən uzaqlaşdırma” məqsədli “hisbə” təşkilatını qurdu. Bu təşkilatın iş sahəsi çox geniş olub, cəmiyyətin ticari, siyasi və sosial hər yönünü əhatə etməkdədir.

Bir digər əmri olan şuranı yaratdı və bu şuranın ən mühüm nümayəndələri olan səhabənin Mədinədə qalmalarını təmin etdi.

Hicrətin başlanğıcını yeni tarixin başlanğıcı kimi rəsmi təqvim olaraq yürürlüyə qoydu.

İdarəsi dövründə böyük bir imperiyanın sərhədlərindən də böyük bir əraziyə, mala və gücə sahib olan Ömər, dəvə çobanı ikən sahib olduqlarından başqasına sahib olmadı. Həqiqi şəxsiyyətini hər zaman qorudu. Dünya malına, məqamına və şöhrətinə əhəmiyyət vermədən bütün bunlara qarşı meyletmədən, əyilmədən öz mətanətini saxladı və həmişə axirətini düşünərək, mütəvazi bir həyat sürdü.

İslam dünyasının sərhədlərini genişləndirən və onu gücləndirib zənginləşdirən Ömər, müsəlmanların çoxunun və səhabə yoldaşlarının bəzilərinin dünyaya meyl etdiyini, əsl vəzifələrini təxir etdiyini görəndə, bu ibrətlik sözləri deyir:

“Uca Allah, bizi çox çətinliklərlə sınadı səbr etdik, bu imtahandan çıxdıq. Amma  zənginliklə sınayınca məğlub olduq, imtahandan çıxa bilmədik.”[24]

Bu səbəblə olsa gərək; Ömər (r.a.), “Bir insanın qıldığı namaza tutduğu oruca baxmayın! Danışanda düz danışırmı, bir şey əmanət ediləndə əmanətə rəayət edirmi, dünya işlərində halal və harama diqqət edirmi, ona baxın!”[25]

Ömər, vəfat edəndə ümməti üçün çox şeyi miras buraxır, fəqət özündən geriyə təkcə xirqəsi və qılıncı qalır.

Möminlərin əmiri olaraq, Ömərin idarəsi 9 il sürdü. Hicrətin 23-cü ilində (Miladi 644), 60 yaşında ikən İran əsilli Məcusi qul Əbu Lulu Feruz tərəfindən şəhid edilir.

Müəllif: Aydın MÜLAYİM

MƏNBƏ:

[1] İbn Sad, Tabakat,  III, 293; Geniş bilgi için bkz. Mehmet Azimli, “Hz. Ömer”, Ankara okulu yayınları, Ankara, 2017, s. 48.

[2] Məhmət Əzimli, e.ç.ə., s. 47.

[3] Bəlazuri, Futuhul Buldan, Beyrut 1991, s. 216.

[4] Ömərin bu cür tətbiqatlarından və onları İslamla şərəfləndirməyə səbəb olmasından ötrü İranın ən sevilən qəhramanlarından biri olması lazım idi. Lakin o, bu bölgənin ən nefrət edilən bir insanıdır. Qatili Feruz isə Şiələrin milli qəhramanıdır və İranın Keysan şəhərində türbəsini tikmişlər. Ona olan nefrətlərinin altında yatan ən böyük səbəb Məcusi mənbələrində göstərildiyi kimi bu olsa gərək: “Muhəmməd, bizim ölkəmizə hücum etmədi. Ondan sonra gələn Əbu Bəkr də hücum etmədi. Amma Xəttab oğlu Ömər, ölkəmizi işğal etdi. Dinini bizə yeritdi.” (İbn Kəsir, 1994, s. 178)

[5] Mustafa Fayda, DİA, Ömər, md.

[6] Müslüm, “Ṭalaq”, 15-17.

[7] Mutə, bir kişinin müəyyən məbləğ qarşılığında bir qadınla müəyyən bir müddətdə bərabər olmasıdır.

[8] Mustafa Öztürk məalında Nisə surəsi 24-cü ayəsində belə bir dipnot qoymuş: “Ayədə böyük ehtimalla müvəqqəti evliliyə (mutə nikahına) işarət etməkdədir. Peyğəmbər dövründə rüxsət olaraq bir neçə dəfə tətbiq olunan mutə nikahı Ömər tərəfindən son dərəcə isabətli bir ictihadla tamamilə qadağan edilmişdir.”

[9] Ayənin ərəbcə mətnində yer alan “ فما استمتعتم بهdəki “ه=hu” çəkilçisini Nisə surəsi 22-ci ayəsində bəhs edilən nikaha götürməyib, məalların birbaşa “Bunlardan hansılarından faydalanarsanız mehirlərini müəyyənləşdirdiyinz miqdarda verin.” şəklində təqdim etməkləri mutəyə yol açmışdır.

[10] İbn Hənbəl, 3/325.

[11] Məcusiliyin xüsusilə Xürrəmilik qolunda kollektivlik, malların müştərək istifadəsi düşüncəsi məşhurdur və sosialist görüşün meydana gəlməsində bu düşüncəsinin payı az deyildir. Belə ki, qadınlardan da müştərək eyş-işrət işlərində faydalanılması düşüncəsi bəzi təriqətlərə onlardan bulaşdığı və bilavasitə Ömərin müdaxiləsi ilə qarşısı alındığı söylənməkdədir. Zərdüştlüyün təməlinə zidd olan və sonradan din xadimləri tərəfindən Məcusiliyin təsirinə düşən təriqətlərdə insan fitrətinə zidd olan bu kimi bidatlara rastlamaqdayıq.

[12] Əslində zinadan fərqsiz bir fəaliyyətdir.

[13] Babaveyh “Men la yahdurul-fıqh, 3/286.

[14] Geniş məlumat üçün bax: http://isamveri.org/pdfdrg/D02533/2006_7/2006_7_KOSES.pdf

[15] Maturidi, TəvilatuI-Quran (nşr. Fatıma ei-Haymi), Beyrut 142512004, ll, 421 ; Səraxsi, əl-Məbsud, Kahire 1324- 31, lll, 9; Hüseyin Atay, “Dini Düşüncede Reformun Yöntemi ve Bir Örnek”, Kəlam Araşdırmaları, IV/1 (2006), s. 20-21.

[16] Cingiz Kallek, DİA, Müellefe-i Kulub md., 31/475.

[17] Geniş məlumat üçün bax: http://isamveri.org/pdfdrg/D02533/2006_7/2006_7_KOSES.pdf

[18] Nizamuddin Abdülhamid, Mefhumul-fıkhil-İslami, Beyrut 1404/1984, s. 26.

[19] Buxari, Hudud 31, 30, Mənakibul-Ənsar 46; Müslüm, Hudud 15.

[20] İbn Kəsir, əl Bidayə, Çağrı Yay., çev. Mehmet Keskin, c. 7, b. 5.

[21] Buxari, “Fəzailü əshabin-nəbî”; Geniş məlumat üçün: Mustafa Fayda DİA, Ömər’ md.

[22] Buxari, İstisğa, 3.

[23] İbn Sad, Tabaqat, II, 100.

[24] Muhamməd Məscidi Camii, Əhl-i Sünnə və Şiədə Siyasi Düşüncənin Təməlləri, İnsan Yay., Çev: Əjdər Okumuş, İstanbul, 2012, s. 3.

[25] Beyhəqi, Süabul-İman, c.4, s. 230.