Müsəlmanlar

Ömər (r.a.) Haqqında Deyilənlər və Həqiqətlər.

Ömər (r.a.) Haqqında Deyilənlər və Həqiqətlər

Giriş

Tarix səhnəsində müəyyən bir rolu və təsiri olan şəxslərə sonradan gələn nəsillərin hər cür rol biçdiklərini görməkdəyik. Şəxsiyyətinə istədikləri rol biçilən və fərqli obrazlar verilən insanlardan biri də indi haqqında məlumat verəcəyimiz Ömər (r.a.)-dir. Bu araşdırmamızda Ömərin tarix səhnəsindəki rolunu, təsirini və ona sonradan biçilən rolların nə kimi faydaları və zərərləri olduğunu çatdırmaq istəyirik.

Nəbimizin öndə gələn səhabəsi ilə əlaqəli bir çox  rəvayət və onların ortaya qoyduğu icraatları barədə bizə qədər gəlib çatan yazılı materiallar mövcuddur. Haqqında yüzlərlə rəvayət, müsbət və mənfi bir çox məlumatlar çatan bu səhabədən biri də Ömərdir.

Həm Sünni həm də Şiə mənbələrində qeyd olunan bu məlumatların ən əsaslarını sizə təqdim edib dəyərləndirəcəyik:

Ömərin Həyatı və Müsəlman Olması

Ömərin 581-ci ildə Məkkədə anadan olduğu rəvayət edilir. Mahzumoğulları qəbiləsinə mənsub olub, atasının adı Xattab, anasının adı Fatimə bint Haşamdır.[1]

Cavanlığında dəvə çobanlığı etdiyi və sonra ticarətlə məşğul olduğu rəvayət edilir.

İslama girişi ilə əlaqəli iki fərqli rəvayət nəqledilir və bu rəvayətləri qısa şəkildə belə təqdim edə bilərik:

Məkkə müşrikləri, nəbimiz Mühəmməd əleyhissəlamın qarşısını almaq üçün öz aralarında toplaşırlar. Bu toplantıya Ömər də qatılır və problemi aradan qaldırmaq üçün nəbimizi öldürməyə qərar verir. Yol üstündə ilk qarşılaşdığı adam, Ömərə “sənin bacın da müsəlman oldu” deyincə, hiddətlənib istiqamətini dəyişir və bacısının evinə yollanır. Onu əri ilə birlikdə Quran oxuduqlarını görüncə hər ikisini vurur. Hirsi soyuyandan sonra onlara təkrar oxumalarını əmr edir. Oxunan ayələrin təsirində qalan Ömər müsəlman olmağa qərar verir və Nəbimizin yanına gəlib müsəlman olur.[2]

Ömərin müsəlman olmasıyla əlaqəli digər rəvayət isə öz dilindən belə çatdırılır: “İçkini çox sevər və çox içki içərdim. Bir gecə yenə içki içmək üçün evdən çıxdım…” deyə başlayır və o gecə içki içəcək bir yer tapa bilməyəndə Kəbəyə gəldiyini, orada namaz qılan nəbimizə gizlicə qulaq asdığını və oxuduqlarının təsirinə düşərək, gizlicə müsəlman olduğunu deyir.”[3]

Rəvayət edilən hər iki hadisədə Ömər, nəbimizin doğru sözlülüyünə və əminlik vəsfinə güvənərək müsəlman olmamışdır. O, eşitdiklərinin Muhəmməd əleyhissəlamın da Allahın elçisi/Rəsulullah olduğuna əmin olub, şəhadət gətirmişdir.

Nəbimizi öldürməyə təşəbbüs edən Ömər, artıq Məkkədə onu qorumaq üçün öz canını təhlükəyə atmaya başlayır. Daha sonra bir çox mühacir kimi o da sevdiyi yaxınlarını, vətənini buraxıb Mədinəyə hicrət edir.

Mədinədə öz qızı Həfsəni nəbimizlə evləndirir. Mühakiməçi xarakterinə görə təsirli və isabətli qərarlarıyla çox vaxtı Nəbimizin təqdirini qazanan Ömər, həm onun ən yaxınlarından biri və həm də səhabənin ən öndə gedənlərindən biri olur.

Bədir və Uhud döyüşlərinə qatılır. Ömər, nəbimizin kafirlərə qarşı çıxdığı bütün döyüşlərdə onunla bərabər olmuşdur. Eyni zamanda Rizvan ağacı altında biat edən səhabə ilə birlikdə Uca Allahın təqdirini qazanmışdır. Ayə belədir:

“Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah, onların qəlbində olanı bildi, onlara hüzur verdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.”[4]

Onlar Allahdan, Allah da onlardan razı olmuşdur. Daha sonra əlbəttə ki, onlar vəfat edənə qədər bir çox imtahanlardan keçirildilər. Aralarından bir qismi sonradan Allahın rizasına uyğun davranmamış ola bilərlər.

Ömərlə Əlaqəli Rəvayət Edənlər

Bu başlıqda Ömərlə əlaqəli deyilənləri və bu deyilənlərin çoxunun həqiqətlərlə uzlaşmadığını izah etmək istəyirik. Hadisələri Quran aydınlığında və tarixi materiallarla dəyərləndirdiyimiz zaman Ömərə bu iki sinifin daha çox etiraz etdiyini görməkdəyik:

  1. Öməri çox sevən və onu ucaltmaya çalışanlar.
  2. Ömərdən nefrət edən və onu alçaltmaya çalışanlar.

İlk sinifin daha çox Ömərin təsirli şəxsiyyətindən istifadə edərək, öz məqsədlərinə çatmağa və öz istəklərinə qovuşmağa çalışan əhli-Sünnə mənsubu bir çox dövlət və din xadimləri olduğu qənaətindəyik.

İkinci sinif, daha çox əhli-Şiədən ibarətdir ki, onun da bünövrəsi daha çox özlərinin amaçladığı siyasi və tarixi senariyaya əsaslanır. Bu senariyanın ən pis aktyorunun Ömər olmasındaki ən böyük faktörün, onun İranı fəth etmiş olmasıyla əlaqəli olduğunu düşünürük.

Tarixdə ən çox istismar edilən və haqqında bir çox doğru və əyri rəvayət uydurulan səhabədən biri Ömərdir. İndi onun elədikləri və dedikləri ilə əlaqəli bizə çatdırılan mühüm rəvayətləri, tarixi sıralamanı diqqətə alaraq aşağıda təqdim etməyə çalışacayıq:

A). Ömərə İsnad Edilənlər

Ömər bizə və bizdən əvvəlkilərə həmişə sərt xarakterli, acımasız biri olaraq tanıdılmış və hələ İslama girmədən öz qızına belə acımayan qatı qəlbli biri olaraq göstərilmişdir. O, İslamdan öncə Quranda da ayıblanan ənənənin ən pis bir iştirakçısı kimi təqdim edilməkdədir:

İddia: Qızını diri-diri torpağa gömmüşdür

Ömərlə əlaqəli yazılan qissələrin bir çoxunda onun öz dilindən belə bir hadisə nəql edilir:

“İki şey vardır ki, xatırladıqca birinə qülürəm, digərinə isə ağlayıram. Güldüyüm hadisə; halvadan put düzəldir, onlara sitayiş edir və acanda da yeyərdik. Məni ağladan hadisə; Qızımı biraz böyüyəndən sonra onu diri-diri torpağa basdırmaq üçün götürdüm və onu basdırdım.”[5]

Halbuki bu rəvayətin və insanların bir çoxunun, xüsusilə vaizlərin dilinə dastan olan hadisənin hər hansı bir səhih mənbədə yer almaması diqqət çəkicidir.

Səhih mənbələrdə isə Ömərin qızı olduğunu və hər atanın öz qızına vermədiyi dəyəri qızına verərək, ona oxumağı və yazmağı öyrətdiyini, sonra da Peyğəmbərimizlə evləndirdiyini görürük.[6]

Ömərə nisbət edilən bu sözün doğru olmadığının bir digər göstəricisi isə belədir:

Ömər, Peyğəmbərlə Qeys ibn Asim arasında keçən bir hadisəni danışır. Bu hadisədə Qeys, qız uşaqlarını necə basdırdığından bəhs edər.[7] Bəlkə də Ömərin nəql etdiyi bu rəvayət, daha sonra rəvayətçilər tərəfindən Ömərin şəxsiyyətinə uyğun görüldüyü üçün böyük bir əməliyyatla ona nisbət edilmişdir. Bilavasitə, bəzi İslam tarixi mənbələrində keçən bu hadisəylə bağlı araşdırma aparmış müasir bir tədqiqatçı da bəhs edilən hadisənin bəzi səbəblərdən ötrü həqiqətə zidd olduğu qənəatinə gəlmişdir.[8] Biz də onunla bu mövzuda həmfikirik.

İddia: Bədir əsirlərini öldürmək istəmişdir

Ömərlə əlaqəli hadisələri və rəvayətləri gözdən keçirdiyimiz zaman onun qəddarlığını simvollaşdırmağa çalışanlarla yanaşı bir də onun bu xarakterini ədalətilə uyğunlaşdırmağa çalışanları görməkdəyik. Məsələn;

Bəzi mənbələrdə, müsəlmanların Bədirdə Məkkə müşriklərilə olan müharibədən sonra əldə etdikləri əsirlər barədə Ömərin görüşünün peyğəmbərin görüşündən daha məqsədəuyğun olduğu göstərilməkdədir. Onun fərasətini təqdir edən peyğəmbərimizin Ömərlə əlaqəli belə dediyi nəql edilməkdədir: “Məndən sonra peyğəmbər gələsi olsaydı, o, Ömər ibn Xattab olardı.”[9]

Bədir əsirlərini öldürmək məsələsində Ömərin fətvasını tətbiq etməyən peyğəmbər, nazil olan vəhylə xəbərdar edilmiş və nəticədə əsirlərin öldürülməsi məsələsində Ömərin isabət etdiyi söylənmişdir. Hadisə belə təqdim olunur:

“Bədir döyüşü arxasından peyğəmbərimiz əldə edilən əsirlərlə nə edəcəyi haqqında əshabı ilə müşavirə etdi. Əsir məsələsi o günə qədər müsəlmanların ilk dəfə qarşılaşdıqları bir məsələ idi. Bu barədə Allahdan bir hökm də gəlməmişdi. Əbu Bəkr (r.a.), əsirlərin fidyə qarşılığında sərbəst buraxılmalarını təklif etdi. Ömər isə “mən Əbu Bəkrin görüşündə deyiləm. Bunlar Qüreyşin liderləri və komandirləridir. Bu səbəblə onları öldürək.”- dedi. Lakin peyğəmbər, Əbu Bəkrin görüşünə görə hərəkət etdi. Hadisənin davamını Ömər özü xəbər verir: “Ertəsi gün Peyğəmbərin yanına getdim. Yanında Əbu Bəkr vardı və bərabər ağlayırdılar. İsrarla niyə ağladıqlarını soruşdum. Mənə, alınan fidyələr müqabilində bu ayənin nazil olduğunu dedi.”:[10]

“Savaş sahəsində düşməni təsirsiz hala gətirənə qədər heç bir Nəbinin əsir götürmək haqqı yoxdur. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Müdrikdir.” (Ənfal, 8/67.)

Bu hadisədən sonra peyğəmbərimizin Ömərlə əlaqəli belə dediyini rəvayət edərlər: “Allah, haqqı Ömərin dilinə və qəlbinə yerləşdirmişdir.”[11]

Ənənəvi din mənsubları, bu kimi rəvayətlərdən hərəkətlə Muhəmməd surəsinin 4-cü ayəsinin, yəni “əsirlərin fidyə qarşılığında ya da fidyəsiz sərbəst buraxılması” işi, küfrün belini qırandan və haqq hakim olandan sonra tətbiq edilməsi lazımdır, deyərlər.

Əslində demək istədikləri bundan ibarətdir: Allahın əsirlərlə əlaqəli Muhəmməd surəsi 4-cü ayəsində verdiyi hökmünün heç bir hüquqi əsası yoxdur! Bir daha əsirlərlə əlaqəli belə bir hal baş verərsə, nə bu ayə nə də nəbimizin tətbiqatı deyil, Ömərin görüşünü əsas almaq lazımdır! Belə ki məzhəblər, bu məsələdə ayəni və nəbimizin tətbiqatını əsas almadan əsirlərin öldürülməsini ya da bu məsələdə son qərarı əmirin/komandirin verməsini hökmə bağlamışlar.[12]

Halbuki nəbimiz, Ənfal 67-ci ayəsində savaş bitdikdən sonra aldığı əsirlərdən ötrü və onlarla əlaqəli verdiyi hökmdən ötrü deyil, Məkkəyə girib savaşı bitirmədən, savaş əsnasında aldığı əsirlərdən ötrü azarlanmışdır.

Ömərlə əlaqəli ən çox danışılan və daha çox Şiələr arasında “Kırtas”[13] hadisəsi deyə məşhur olan rəvayətdə Ömər, nəbimizin son vəsiyyətinin qarşısını alan biri olaraq göstərilməkdədir:

İddia: Vəsiyyətə Mane Olmuşdur

Nəbimizin xəstəliyinin çox ağırlaşdığı son günlərindən birində, “Mənə kağız-qələm gətirin; sizə məndən sonra heç bir zaman yolunuzu azmayacaq bir şey tövsiyə edəcəyəm”, buyurmuşdu.

O əsnada yanındakı səhabə bunu eşitdi. Ömər də bu sözləri eşidənlər arasında idi. Nəbimizin bu istəyinə, “Peyğəmbərin xəstəliyi ağırlaşdı. Yanımızda Allahın kitabı var. O bizə kifayətdir.” Deyərək, kağız və qələm gətirilməsinə qarşı çıxdı. Orada olanlardan bir qrup, Öməri dəstəkləsə də digər qrup qarşı çıxdı və beləliklə aralarında mübahisə düşdü. Bu mübahisə uzanıb, səslər yüksəlincə, peyğəmbər (ə.s.), “Yanımdan çıxın” mənim yanımda mübahisə etməyin. Məni öz halıma buraxın.”[14] dedi. Beləcə, peyğəmbər hüzurundakı mübahisə və Kırtas hadisəsi sona çatdı.

Şiə və Sünni mənbələrində yer alan bu rəvayətdən xüsusilə Şiələr, özlərinə həm siyasi həm də əqidəvi əsaslarının təməlini təşkil edəcək bir çox materiallar çıxarırlar.

Şiələr, bu hadisədən belə bir nəticə çıxarırlar: Nəbimiz, Əli əleyhissəlamı xəlifə təyin etmək üçün kağız və qələm istəmişdi. Onun belə bir vəsiyyət edəcəyini bilən Ömər və bənzərləri buna mane oldular; beləliklə xilafət, Əlinin əlindən haqsız olaraq qəsb edildi.[15]

Quran aydınlığında baxdığımız zaman pəbimizin bu cür vəsiyyət etmə ehtimalı olmayan hadisədən Şiə və Sünni din mənsubları öz məzhəblərinə yönəndirmə ya da müdafiə məqsədli fərqli yorumlar ortaya qoyurlar. Belə ki, bu yorumlardan biri Şiələrin ən mühüm əqidə mənbələrindən birini təşkil etməkdədir. Məsələn “Saqaleyn” yəni iki ağır əmanət adıyla məşhur olan rəvayəti də bu vəsiyyətə bağlayırlar. Rivayəti dipnotda görə bilərsiz.[16]

Şiəyə görə, vəsiyyət əsnasında Əlini tövsiyə etmə vəzifəsini yerinə yetirməyən Nəbimizin təqsirkar hala düşməməsi üçün bu vəzifəni vəsiyyətdən əvvəl “Qədiri Xumda” etdiyi bildirilməkdədir.[17] Çünki, Şiəlikdə imamların Allah tərəfindən təyin edildiyinə və bunun nəbimizə bildirildiyinə inanılır.

Ömərə qarşı nefrətin həmişə canlı tutulmasını və daha çox alovlanmasını istəyənlər, onu eyni zamanda nəbimizin ən çox sevdiyi qızı Fatimənin qatili olaraq təqdim etməyə çalışmışlar:

İddia: Ömər, Nəbimizin qızı Fatiməni öldürmüşdür.

Şiə mənbələrində Ömərlə əlaqəli belə bir hadisə nəql edilir:

Nəbimizin vəfatından sonra Səqifədə[18] möminlərin əmirini seçmək üçün toplanan Ənsar Əbu Bəkri seçincə, Ömər və onun tərəfdarları Fatimənin evinin önünə gəldilər. Əli (r.a.) və onun ailəsi evdə otururdular. Ömər, evin qapısı önündə durub belə bağırırdı: “Allah yolunda (Əbu Bəkrə) çölə çıxıb beyət etməzsən, səni (evini) yandıracağam.”

Fatimə qapıya gələndə Ömər ona: “Bilin ki, Rəsulullah səndən çox bir başqasını sevmədi fəqət, bu sevgi qərarıma mane olmayacaqdır. Sonra evə hücum etdi, Əli onun qarşısına çıxır lakin, Əlinin qılıncının qırılması nəticəsində Ömər onu məğlub edir. Sonra evinin qapısını yandırırlar. Fatiməni evin qapısı və divarı arasında əzərək, qarnındakı uşağının düşməsinə səbəb oldular. Əlini də zorla çölə çıxarıb döydülər və boynuna ip keçirib sürüdülər.”[19]

Şiələr, belə bir rəvayətin Sünni mənbələrindən Buxaridə, Təbəridə keçdiyini iddia etmişlər. Fəqət, araşdırmamız nəticəsində onların belə bir rəvayət nəql etmədiklərinə şahid olduq. Şiə tərəfdarlığı ilə bilinən Yəqubi tarixində isə təkcə beyət etməsi üçün Əlinin evinə tərəf yollandıqları və sonra Fatimənin bağırmasıyla geri döndükləri yazılıdır.[20]

Bu cür rəvayətləri təkcə Şiəliyin Qulat/həddi aşanlar qismində görə bilərik.

Belə bir hadisənin (elmi və tarixi əsası olmadığı kimi) varlığını qəbul etmək həm Əli əleyhissəlamı həm də bütün Haşim oğullarını aşağılamaq deməkdir. Nə Əlinin nə də Haşim oğullarından hər hansı birinin, Fatimənin qatili olaraq adlandırılan Ömərdən qisas tələb etdiklərinə dair tək bir rəvayət belə yoxdur.

Sonrakı dövrlərdə Əlinin Ömərə ya da Ömərin Əliyə qarşı hər hansı bir qərəzliyi olmadan illərlə dövlət idarəsində müştərək çalışdıqları bilinməkdədir. Bilavasitə, bu rəvayət, Əlinin öz ailəsini belə qoruya bilməyən hissiz və ikiüzlü yaltaq kimi göstərməkdədir. Üstəlik qızı Ümmü Gülsümü Ömərlə evləndirməsi və oğlu Hüseynə də Ömərin qızını alması kimi hadisələr, Ömərlə Əli arasında hər hansı bir hüsumətin olmadığını və Ömərlə Fatimə arasındakı senariyanın sonradan hazırlandığını göstərir.

Ömərin Xilafətə keçdikdən sonra elədikləri ilə və verdiyi fətvalarla əlaqəli bir çox senariyalar da hazırlanmışdır. Bunu da Ömərlə əlaqəli araşdırmamızın növbəti bölümündə, yəni bu linkdə https://www.muselmanlar.com/dusunce-sahesi/11590.html görə bilərsiz.

Müəllif: Aydın MÜLAYİM.

Mənbə:

[1] Bəzi mənbələrdə anası Hantəmə bint Haşim olaraq keçər; Mustafa Fayda, Türkiyə Diyanət İslam Ansiklopediyası, Ömər md.

[2] İbn Sad, Tabaqat, III, 269-270.

[3] İbn Hişam, III, 166; İbn Hənbəl, Müsnəd, I, 17; Geniş məlumat üçün, Mehmet Azimli, Ankara okulu yay., Baskı 11, “Siyeri Farklı Okumak”, Ankara 2018, s. 144.

[4] Fəth, 48/18.

[5] Geniş məlumat üçün bax: Adnan Dəmircan, “Cahiliyyə Ərəblərində Qız Uşaqlarını Basdıraraq Öldürmə Adəti”,  İstem Ek-1, 2008, s. 26-27.

[6] Bax: M. Yaşar Qandəmir, DİA, Hafsa md.; Buxari, Nikah, 33; Əhməd b. Hənbəl, “Müsnəd”, VI, 286.

[7] Ömerin dediyinə görə Təmimli Qeys ibn. Asım, Peyğəmbərə gələrək “Cahiliyyə dövründə səkkiz qızımı diri-diri torpağa gömdüm.” Dedi. Peyğəmbər “Hər birinə qarşılıq bir kölə azad et.” Buyurdu. Qeys, “Dəvələrim var” deyəndə “O halda hər birinə qarşılıq bir dəvə kəs.” dedi. Təbərani “Mücəmul Kəbir”, 18/337; Əli Osman Atəş, DİA, Qeys ibn Asım md.

[8] Geniş məlumat üçün bax: Adnan Dəmircan, e.ç.ə., s. 19-20,26-27.

[9] Müslüm, Fədail, 23; Tirmizi, Mənaqib, 49.

[10] Vakıdi, Məğazi, Beyrut 1984, s. 110.

[11] Tirmizi, Mənakıb 45.

[12] əl-Qəsani, Allauddin Əbu Bəkr b. Məsud əl-Hənəfi (ö. 587/1191), “Bədaus-Sənai fi-tərtibus-sərai”, Beyrut, 1982, 7/119; Ömər Nəsuhi Bilmən, Hüküku İslamiyyə ve İstılahatı Fiqhiye Kamusu, 3/403; Əhməd Özel, DİA., Əsir md.

[13] Kırtas, kağız mənasına gəlir.

[14] Buxari, c. 2, s. 118; Əhməd b. Hənbəl, Müsnəd, I, 325.

[15] Şərafəddin, əl-Müracaat, s. 245; Farsca trc, Münazarat, s. 436; Geniş məlumat üçün: http://tr.wikishia.net/view/K%C4%B1rtas_Hadisesi

[16] Rəvayətin qısa məzmunu belədir: “Mən kimin mövlası isəm Əli də onun mövlasıdır. Mən, sizə iki əmanət buraxıram ki, onlara sarıldıqca əsla yolunuzu azmayacaqsız; Allahın kitabı və Əhli beytim.” (Küleyni, “əl-Kafi”, c. I, s. 289.)

Şiə qədər olmasa da Sünni mənbələrində buna müxalif olaraq “Sizə iki əmanət buraxıram: Allahın kitabı və camaatım və ya sünnətim.” deyə, bir çox rəvayətlərə rastlamaq mümkündür. Tirmizi, İman, həd: 2641, c. V, s. 26.

Bütün bu rəvayətlərin ən səhihi, mənbələrin hamısında yer alan bu qismidir: “Sizə əmanət olaraq, Allahın kitabını buraxıram.” İkinci qismi isə, hər məzhəbin sonradan özünə məxsus əlavələr etməsilə ortaya çıxmışdır.

[17] Bu rəvayət, bir çox Sünni mənbələrində də yer almaqdadır.

[18] Səqifə, lüğətdə “kölgəlik” mənasına gəlir. Mədinə xalqının xurma qurutmaq və öz problemlərini həll etmək üçün yığışdıqları bir yerdir. (Mustafa Sabri Küçükaşçı, DİA, Sakifetü Bəni Saidə md.)

[19] Bax: https://az.wikipedia.org/wiki/M%C3%B6hs%C3%BCn_ibn_%C6%8Fli

[20] Bax: əl-Yaqubi, “Yəqubi Tarixi”, 1/155.