Müsəlmanlar

Nəbi və Rəsul

Nebi-ve-ResulNəbi və Rəsul fərqini İslam aləmi yüz illərdir bir-birindən ayırd etmədiyi və ya edə bilmədiyi üçün nə Quranı, nə də Peyğəmbərimizi düzgün qiymətləndirə bilməmişdir. Bu qədər mühüm bir fərqin bilinməməsi; İslamın, Quranın və sünnənin düzgün başa düşülməməsinə yol açmışdır. Əgər nəbi və rəsul fərqi bir-birindən ayırd edilməzsə, nə peyğəmbərin kim olduğu, nə də hədis və sünnənin nə olduğu doğru şəkildə idrak edilə bilməz. Bu səbəblə müsəlmanlar, Uca Rəbbimizin Qurani Kərimin yerli-yerində işlətdiyi bu kəlmələrə diqqət etməli və bu mövzunu yaxşı öyrənməlidirlər.

NƏBİ (peyğəmbər) İslam risalələrində və ənənəvi İslam düşüncəsində rəsul (elçi) olmayan nəbi vardır və onlara kitab verilməmişdir. Ancaq Quran bunun tərsinə, bütün nəbilərə kitab verildiyini ifadə edir:

“Allah müjdələyən və xəbərdar edən nəbilər göndərdi və onlara kitab nazil etdi.”(Bəqərə, 2/213)

Uca Allah Ənam surəsinin 83-cü ayəsində 86-cı ayəsinə qədər sadaladığı 18 peyğəmbərin hamısına kitab, hikmət və nəbilik verildiyini bildirir. Ənənəvi İslam düşüncəsinə görə bu sayılan peyğəmbərlərlərin çoxu rəsul deyil, çünki onlara kitab verilməmişdir. Halbuki nəbi Allahdan vəhy alan və eyni zamanda aldığı bu vəhyi insanlara çatdırandır. Buna risalət vəzifəsi deyilir. Rəsulluq vəzifəsi olmayana nəbilik dərəcəsi verilməz.

Quran nəbilik dərəcə olmayanların vəhy almasından da bəhs edir. Məsələn, Musa və İsanın (ə. s.) analarının aldığı vəhy ancaq özləri ilə əlaqəlidir və aldığı vəhyi insanlara çatdırma, yəni, rəsulluq vəzfəsini daşımırlar.

Quranda “nəbiyə itaət edin” deyə bəhs edilməz. Lakin möminin nəbiyə hörməti və məhəbbəti hərkəsdən üstün olmalıdır:

“Nəbi, möminlərə öz canlarından daha əzizdir. Zövcələri isə möminlərin analarıdır…” (Əhzab, 33/6)

– Nəbiyə itaət nə üçün əmr edilmir?

Allah Təala peyğəmbərinin bir səhvi olanda vəya xoşa gəlməz bir iş görəndə ona “nəbi” kəliməsi ilə xitab edir:

“Ey nəbi! Zövcələrinin razılığını qazanmaq üçün nə üçün Allahın sənə həlal etdiyini özünə haram edirsən?” (Təhrim, 66/1)

“Heç bir nəbiyə, düşməni yerə sərmədən əsir götürmək yaraşmaz.” (Ənfal, 8/67)

Səhabənin peyğəmbərə baxışı kortəbii olmamışdır. Bədr döyüşündən qabaq əsgərini yerləşdirən peyğəmbərə Hubab ibn Munzir, “Bura yerləşməni sənə Allahmı dedi? Yoxsa sənin şəxsi qənaətinmi?” Peyğəmbər: “şəxsi qənaətimdir”- deyincə, Hubab peyğəmbərə: “Bura döyüşə uyğun bir mövqe deyildir”– demiş və əsgərlərə Bədr quyusunun başındakı suyun yanında qərar tutmağı münasib görmüşdü. ((İbn Qəyyum əl-Cəvziyə, Zadul-Məad, III/s. 218-219.))

Uhud döyüşünə getmədən əvvəl səhabələrlə apardığı məsləhətləşmələri yəqin bilirsiniz…

Ağacların budanmaması ilə əlaqəli təlimatını yerinə yetirən səhabələr o il yaxşı meyvə əldə edə bilməmişdilər. Səhabə: “Sənin dediyini etdik, meyvədən olduq” dedikdə peyğəmbər: “Mən ancaq bir insanam, sizə dininizlə əlaqəli bir şey əmr edəndə onu qəbul edin, amma öz fikrimlə bir şey desəm, bilin ki, mən də bir insanam. Siz dünya işlərini məndən yaxşı bilirsiniz,” demişdi. ((Müslüm, Fədail, 139-141.))

O cümlədən, peyğəmbərin yaşadığı yerə, örf-adətə görə etdikləri də olmuşdur. Bu etdiklərinin isə sünnəylə heç bir əlaqəsi yoxdur. Məsələn: Sarıq taxar, cübbə geyər, yerdə yeyər-yatar, əllə yeməsi, bir yeməkdən xoşlanıb digərindən xoşlanmaması, bir bəşər olaraq peyğəmbərdə olan fitri xüsusiyyətlərdir. Bu başqa yerə və şəxsə görə dəyişə bilər.

RƏSUL (elçi)- Ənənəvi İslamda hər rəsul nəbidir; ancaq hər nəbi rəsul deyildir. Özünə kitab verilməyən nəbi də rəsul ola bilməz. Halbuki həqiqət din adamlarının dediyi kimi deyil, Quranın dediyi kimidir; yəni, hər nəbi eyni zamanda rəsuldur və onun rəsulluq vəzifəsi  vardır:

“Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir rəsul (elçi) və nəbi (peyğəmbər) idi.” (Məryəm, 19/54)

“Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçi (rəsul) yəm (Şuəra, 26/42-43)

Ənənəyə görə isə, nə İsmailə, nə də Salihə kitab verilmədiy üçün rəsul deyillər.

Qurani-Kərim nəbi olan rəsulə, yəni, rəsulullaha itaətin şərt olduğunu buyurur. Çünki rəsulullah Allahın elçisi deməkdir və o öz sözünü deyil, Allahın sözünü deyir.  Allahın elçisinə itaətsizlik Allaha itaətsizlik olduğu üçün insanı kafir edir:

“De: “Allaha və elçisinə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.” (Əli-İmran, 3/32)

“Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik.” (Nisə, 4/80)

Rəsul olaraq, hər verdiyini almalı və hər qadağan etdiyindən də uzaqlaşmalıyıq.

“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.

Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.” (Həşr, 59/7)

Çünki O, Allahın elçisidir. Allah ona nə vermişsə, eynisini insanlara çatdırır. Özündən heç bir şeyi əlavə etməyə və ya əksiltməyə ixtiyarı yoxdur. Əgər O, Allahın nazil etdiyi vəhyə bir şey əlavə edər yaxud əksildərsə, elçilik vəzifəsini yerinə yetirməmiş olur. Nəticədə Allah onu da cəzalandırar:

“Əgər (o elçi) bəzi sözləri özündən uydurub bizə aid etsəydi, biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik.” (Haqqə, 69/43-45)

Rəsul Allahdan gələn vəhyi olduğu kimi çatdırdığı üçün inanan hər kəs ona  qeydsiz- şərtsiz təslim olmalıdır:

“Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.” (Əhzab, 33/36)

Rəsul, Allahı təmsil edər. Onun Qurandan (əmirlər xaricində) alıb həyata keçidiyi söz və davranışlara biz sünnə deyirik:

“Allahın Elçisində sizə – Allaha və Axirət gününə ümid bağlayanlara və Allahı çox zikr edənlərə aid gözəl nümunə vardır.” (Əhzab, 33/21)

Yəni sünnənin əsl mənbəyi hədis deyil, Qurandır. Təəssüf ki, əhli-sünnə və əhli-şiədə bəşərüstü və nümunə alınamayacaq bir Muhəmməd (əleyhissəlam) təsəvvürü formalaşmışdır. Onun hər etdiyinin bir hikmət və sünnə olduğuna qənaət gətirmişlər. Dəlil olaraq da Nəcm surəsinin ilk ayələrini gətirirlər:

“And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Ona təlqin edilən ancaq bir vəhydir.” (Nəcm, 53/1-4)

Axırıncı ayəni də: “Onun danışdığı ancaq vəhydir” deyə yorumladılar. Nəticədə ayəyə bu cür məal verib yorumlayanlar, peyğəmbərin elədiyi və dediyi hər bir şeyin vəhyə dayandığını, Quranın xaricində də vəhy aldığını iddia etdilər. Bilavasitə, hər elədiyi ya fərz ya da sünnə olduğunu dedilər.

Halbuki buradakı “Nəcm” kəliməsi ulduza deyil, Qurana işarətdir və doğru məalı:

“And olsun aramla enən vəhyə (Qurana)!”

Buradakı “nəcm” kəliməsinin “vəhy” olduğu haqda; təfsirin babası Əli, ibn Abbas, Mücahid və ilk təfsir yazan Mukatıl b. Süleyman və təfsir alimlərinin çoxu bu qənaətdədirlər. Eyni zamanda heç bir sələf müfəssiri axırıncı ayəyə yuxarıdakı yorumu verməmidir. Çünki ərəbcə bilən hər kəs bilir ki, “o” zəmiri peygəmbərə deyil, Qurana gedir.

Ayənin nüzul səbəbi ilə bu ayələri daha gözəl başa düşürük:

Nəcm surəsinin bu ayələri ilk enən ayələrdir. Məkkə əhalisi Rəsulullahın təbliğatına qarşı gələrək: “Bu nə danışır? Başına hava gəlib, dəlidir! Bəziləri, cin çarpıb, sehirbaz və ya şair dedilər…” Buna qarşılıq Allah Təala, Nəcm surəsinin ilk ayələrini nazil edərək məsələnin nə yerdə olduğunu xəbər verdi. Yəni, “and olsun yavaş-yavaş endirilən o vəhyə ki, sizə təbliğ etdiyi öz keyfindən danışdığı deyil, ona endirilən vəhydir.”

Bunu da əlavə edib mövzunu bitirmək istəyirəm: Ənənənin tərsinə, “hər nəbi rəsuldur ancaq hər rəsul nəbi deyildir.” Məsələn: Quran, mələklərin də rəsul olduğundan (Həcc, 22/75), insanların da bir-birinə göndərdiyi elçilərə rəsul deyildiyindən (Yusif,12/50; Nəml, 27/35), bəhs edır. Hətta Rəsulullah, Muaz b. Cəbəli Yəmənə göndərəndə “Allahın rəsulunun rəsulu” ifadəsini işlətmişdir.

Mən burada bu mövzunun əsas xülasəsini verdim. İstəyənlər Zəki Bayraktarın, “Sünnet ama hangi sünnet” adlı kitabını əldə edərək ətraflı məlumat ala bilərlər.

Müəllif: Aydın Mülayim