Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd
Müsəlmanlar > Düşüncə sahəsi > Fitvalar > Muhəmməd peyğəmbər Tarix: 24 Ocak 2012 Tövsiyə et Çap et

BİRLİK VƏ BƏRABƏRLİYİN SİMVOLU: HƏZRƏTİ MUHƏMMƏD
Müəllif: Elşad Miri

Dünya dinlərarası dialoq və mədəniyyətlərin qarşıdurmasından danışır, biz isə müxtəlif məzhəblərdən. Bəyənmədiyimiz Qərbin gündəmində qloballaşma var, bizim gündəmimizdə isə hansı məzhəbin doğru olması. Xoşlamadığımız, səhv yolda olduğuna inandığımız insanlar kosmosa gedir, biz namazda ayaqların arasının neçə barmaq olduğunu müzakirə edirik. Allaha inanmayanlar pilotsuz təyyarələrlə körpələri bombardman edir, biz isə hələ də hansısa canlının harasındasa Allah sözünün yazıldığını axtarırıq. Dünya kosmosda stansiyalar qurmaqdan danışır, bizlər isə hələ də məzhəblərarası təəssübkeşliyi necə aradan qaldıracağımızdan.

Başqa xalqlar nüvə silahına sahib olur, biz hələ də xəlifələrdən hansının daha fəzilətli olduğu haqda mübahisə edirik. Müsəlmanlar əvvəllər bütün dünyaya hakim olduğu halda, indi başqalarının buyruqlarını yerinə yetirmək üçün bir-biriləri ilə yarışırlar. Bütün bunların nəticəsidir ki, dünyada baş verən hər cür mənfi hadisədə müsəlmanların adı hallandırılır, bütün mənfi davranışlar müsəlmanlara şamil edilir.

Müsəlmanların bugünkü vəziyyətinin başlıca səbəblərindən biri onların arasında birliyin olmamasıdır, onların müxtəlif məzhəbləri din kimi qəbul edərək, başqa məzhəblərə düşmən nəzəri ilə münasibət bəsləməsidir.

İslam dini birlik və bərabərlik dinidir. İslam qardaşlıq dinidir. Bizi yaradan hər birimizin bir yerdə olmağımızı və Onun dinindən möhkəm tutmağımızı istəyir. Uca Allah Qurani-Kərimdə belə buyurur:

«Hamınız bir yerdə Allahın ipindən (dinindən möhkəm) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!» («Ali-İmran» surəsi, 103).

Rəbbimiz bizi bir-birimizə qarşı mənfi münasibətdən əl çəkməyimizi, bir-birimizə qarşı pis zənnə, bədgümana qapılmaqdan çəkinməyimizi əmr edir:

«Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!» («Hucurat» surəsi, 12).

Həmçinin Uca Yaradan insanlara səslənərək, pis nəticəyə səbəb olacaq bir-birimizə lağ etməyimizi də qadağan edərək belə buyurur:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan Allah yanında daha yaxşı olsunlar» («Hucurat» surəsi, 11).

Allahın insanlara rəhmət olaraq göndərdiyi həzrəti Muhəmməd Allahın bu əmrlərini həm söyləyərək, həm də yaşayaraq icra edib. Belə ki, müsəlmanlar Məkkədən Mədinəyə köçmək (hicrət etmək) məcburiyyətində qalanda artıq onlar tanımadıqları, hətta bəzilərini ilk dəfə görəcəkləri insanların elinə-obasına pənah aparırdılar. Allahın Rəsulu hicrətdən sonra mədinəli müsəlmanlarla (ənsar) Məkkədən gələn müsəlmanlar (mühacir) arasında qardaşlıq elan etdi. Bu qardaşlıq hadisəsi məna və mahiyyəti etibari ilə bəşər tarixində analoqu olmayan nadir bir icraat idi. Allahın Rəsulu bütün müsəlmanları mənsub olduğu sinfi təbəqəyə, millətə, tayfaya, dərisinə, rənginə fikir vermədən ümumbəşəri qardaş elan etdi. Uca Allah da Qurani-Kərimdə inananların bir-birilərinin qardaşı olduğunu elan edir:

«Həqiqətən, möminlər qardaşdırlar» («Hucurat» surəsi, 10).

Ayədən də aydın olduğu kimi, harada yaşamasından, hansı dildə danışmasından, hansı tayfadan, dərisinin rəngindən asılı olmayaraq, bütün inananlar bir-birilərinin qardaşlarıdır.

Dinimiz din qardaşlığını qan qardaşlığından daha mühüm və üstün sayır. Çünki din qardaşlığında mənfəət yoxdur. Bu qardaşlığın əsas məqsədini ideal bir cəmiyyət formalaşdırmaq və əbədi səadətə çatmaq təşkil edir. Allahın razılığı, əmr və qadağalarına bağlılıq hər şeyin üstündə bir dəyərə malikdir. Bu qardaşlıq, belə bir üstün məqsədi həyata keçirmək üçün təsis edilib.

Həzrəti Peyğəmbər (s.ə.v.): «Hər kim özü üçün arzu etdiyini qardaşı üçün də istəməsə, həqiqi iman gətirmiş sayılmaz» (Buxari, «İman», 7), – buyurub. Həzrəti Əli (r) belə deyib: «Sənin həqiqi qardaşın sənə xeyri dəysin deyə, özünə zərər gəlməsinə razı olandır».

Həzrəti Peyğəmbər başqa bir hədisində müsəlmanların qardaşlığı haqqında: «Müsəlman müsəlmanın qardaşıdır. Müsəlman ona xəyanət etməz, yalan danışmaz və köməyini əsirgəməz. Hər müsəlmanın başqa müsəlmana namusu, malı və qanı haramdır. Təqva buradadır. Bir müsəlmana şər olaraq müsəlman qardaşını alçaldıcı görməsi kifayətdir», – buyurub (Tirmizi, «Birr», 18).

Möminlərin qardaş olduğu həqiqəti İslamın gətirdiyi əsas prinsiplərdən biridir. Ənsarla mühacirlər arasında cərəyan edən qardaşlıqda sonrakı nəsillərə çox nümunə ola biləcək xüsusiyyətlər var. İndi qeyd edəcəyim bir hadisə ola bilsin ki, müxtəlif şəkillərdə başa düşülə bilər. Amma bir məqamı unutmamalıyıq ki, bu, hələ İslamın əsaslarının təzə-təzə sistemləşdirildiyi Mədinə dövrünün ilk illərində cərəyan etmişdi.

Həzrəti Peyğəmbər Abdurrəhman bin Əvfi mədinəli Səd bin Rabi ilə qardaş elan edəndən sonra həmin ənsar təzə qardaşını evinə apardı. Bütün malını-mülkünü göstərərək ona belə dedi:

«Ey qardaşım, mənim bütün sərvətim bunlardır, yarısını sənə verirəm. Həmçinin mənim iki arvadım var. Sənin seçəcəyin birini boşayım və sən onunla evlən».

Böyük alicənablıq, heç nə ilə əvəz edilə bilməyəcək səmimi hisslərlə deyilən bu təklifə Abdurrəhmanın cavabı belə oldu:

«Allah malını-mülkünü də, ailəni də sənə mübarək etsin. Rəbbimiz sənin bu davranışının mükafatını versin. Sən mənə bazarın yolunu göstər, bu mənə kifayət edər».

Abdurrəhman bin Əvf ticarətlə məşğul olan Qureyşin içində yaşadığı və təcrübəsi olduğu üçün bu işi yaxşı bacarırdı. Bazarın yolunu tutan Abdurrəhman aldığı borcla ticarətə başladı. Allah ona bərəkət verdi. Bir müddət sonra isə artıq o, Mədinənin varlılarından biri idi.

Bu qardaşlıq müsəlmanlarda o dərəcə müsbət təsir oyandırmışdı ki, onlar bir-birilərinin canbir yoldaşları olmuşdular. Artıq birinin dərdi o birinin də dərdi idi. Həzrəti Peyğəmbər bir hədisində belə deyib:

«Möminlərin aralarındakı münasibət bir bədənin orqanları kimidir. Bədənin bir yeri ağrısa, digər hissələri də həmin orqan üçün sanki bir-birini çağırar».

Allahın Rəsulunun mənəvi atmosferində yetişən səhabələr də Peyğəmbərin sözlərinə əməl edərək qardaşlarını özlərindən üstün tutur və əllərindən gələni bu yolda etməyə çalışırdılar. Misal olaraq iki hadisəni qeyd etmək olar:

Səhabələrdən biri evdə yemək yeməyə hazırlaşırdı. Bu əsnada müsəlman qardaşı onun evinə gəlir və ac olduğunu bildirir. Bu səhabə müsəlman qardaşının qarnının doyması üçün evdəki axırıncı yeməyi qonağa verir. Din qardaşının bunu görməməsi üçün evdəki şamı söndürür və öz qaşığını boş qaba aparır. Səhərisi gün Allahın Rəsulu həmin səhabənin bu davranışından Allahın razı olduğunu bildirir.

Başqa bir misal:

Döyüşdən sonra idi. Ağır yaralılar vardı. Səhabələrdən biri ölümlə əlləşirdi, qurumuş dodaqları bir udumluq suyun həsrəti ilə titrəyərkən, ağzına qədər gələn suyu, yanındakı qardaşı «su» dediyi üçün başı ilə ona aparmasını istəyir. Səhabələr özləri çox möhtac olmasına baxmayaraq, qardaşlarını özlərindən üstün tutan nümunəvi insanlardı.

Onları bu cür yetişdirən Allah Rəsulu başqa bir hədisində belə buyurub:

«Möminin möminə bağlılığı, hissələri bir-birinə birləşdirən bina kimidir». Hədisi rəvayət edən səhabə burada deyilən məsələni başa salmaq üçün barmaqlarını bir-birinə keçirərək hədisin daha aydın başa düşülməsinə çalışıb. (Buxari, «Salah», 88; «Məzalim», «Birr», 65; Tirmizi, «Birr», 18; Nəsai, «Zəkat», 67).

Həzrəti Muhəmməd müsəlmanların arasında həmişə birlik və bərabərliyin qorunmasına, qardaşlığın təsis edilməsinə, aralarında sevgi hisslərinin daha da dərinləşməsinə çalışıb. Peyğəmbər başqa dinin mənsubu olan insanlara da hörmət göstərdiyi halda, bu gün müsəlman qardaşların müxtəlif dini dünyagörüşünə görə xoşagəlməz ləqəblər qoymaq, çirkin adlarla adlandırmaq nə dərəcə doğrudur? Rəsulullah (s) Rəbbindən aldığı tərbiyə ilə müsəlman, xristian və yəhudi demədən hər insana dəyər verib. Həzrəti Muhəmməd (s) bir gün yoldan yəhudi cənazəsi aparılarkən ayağa qalxır. Həmin əsnada Peyğəmbərin yanında olan səhabə “Ey Allahın Rəsulu, o yəhudidir”, – deyir. Həzrəti Muhəmməd halını, mimikasını dəyişdirmədən yanındakı səhabəyə: “Amma o, bir insandır!”, – cavabını verir…

Əgər biz həmin sözün sahibi Peyğəmbərin ümmətiyiksə, Ondan fərqli fikirləşməməli, ondan fərqli hərəkət etməməliyik. Müsəlmanların arasında baş verən hər hansı narazılığı aradan qaldırmağa çalışmalı, düşüncə müxtəlifliyini təəssübkeşliyə qədər aparıb çıxarmamalıyıq. Quranda Uca Allah belə buyurur:

«…Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!» («Hucurat» surəsi, 10). Allahın Rəsulu da hədislərində: «Şeytan qibləyə üzünü çevirən möminlərin artıq ona qulluq etməsindən ümidini kəsər, amma onları bir-birinə düşmən etmək üçün hələ də ümidlidir» (Tirmizi, «Birr», 25; Müslim, «Münafiqun», 65), – buyurur. Bundan başqa, Rəsulullah: «Ey Allahın bəndələri, bir-birinizə kin bəsləməyin, bir-birinizdən üz döndərməyin. Qardaş olun…» (Buxari, «Ədəb», 57, «Fəraiz», 2; Müslim, «Birr», 23; Tirmizi, «Birr», 24), «Bir adama müsəlman qardaşını təhqir etməsi pislik olaraq ona bəs edər» (Müslim, I, 32), – deyərək müsəlmanları bir-biriləri ilə necə münasibət qurmalarını qeyd edib. Peyğəmbər (s.ə.v.) qardaşlarının namusunu, şərəf və ləyaqətini qoruyan insanlara müjdə verərək bunları ifadə edib: “Kim qeybəti edilən qardaşının şərəf və ləyaqətini qoruyarsa, Allah da həmin insanı cəhənnəm odundan qoruyar” (Əhməd).

Uca Allah da Quranda müsəlmanların bir-birilərinə belə dua etdiklərini qeyd edir:

«Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!» («Həşr» surəsi, 10).

İslam qardaşlığı çox müsbət təsirə malik olan amillərdən biridir. Müsəlman qardaşlığı bir-birinin yaxşı cəhətləri ilə fəxr etmək və həmin xüsusiyyətləri özününkü kimi qəbul etməkdir. Bu qardaşlıq, özü sıxıntılı və çətin vəziyyətdə olarkən belə qardaşını özündən üstün tutmaq fədakarlığıdır.

Allahımız bir, Quranımız bir, Peyğəmbərimiz bir, dinimiz bir, qibləmiz bir, vətənimiz bir, dövlətimiz bir, bayrağımız, hətta düşmənimiz də bir. Bütün bunları nəzərə alaraq, Allahın buyurduqlarından ikiəlli möhkəm tutsaq, Peyğəmbərin dediklərini yerinə yetirsək, biz başqalarının dediklərini yerinə yetirən deyil, başqalarına dediklərimizi yerinə yetirtməyi bacaran inkişaf etmiş cəmiyyət olarıq.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.543 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 1.847 dəfə oxundu
2 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 987 dəfə oxundu
3 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 1.566 dəfə oxundu
4 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.407 dəfə oxundu
5 Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür? 12.08.14 1.013 dəfə oxundu
6 Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar? 22.05.11 2.138 dəfə oxundu
7 Peyğəmbərin qəbri haradadır? 16.11.13 4.989 dəfə oxundu
8 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 2.202 dəfə oxundu
9 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 7.704 dəfə oxundu
10 Rəsulullah, Kab b. Əşrəfi süi-qəsdlə öldürüb? 30.04.18 99 dəfə oxundu
11 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 2.614 dəfə oxundu
12 Peyğəmbər necə təyəmmüm edirdi? 27.06.11 2.904 dəfə oxundu
13 Peyğəmbərimiz Qiyamət günü qədim ümmətlərə də şahidlik edəcək? 23.05.14 1.544 dəfə oxundu
14 Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi? 29.06.11 1.909 dəfə oxundu
15 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 3.908 dəfə oxundu
16 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 2.277 dəfə oxundu
17 Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib? 16.06.10 1.717 dəfə oxundu
18 Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi? 03.04.10 25.593 dəfə oxundu
19 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 3.621 dəfə oxundu
20 Rəsulullah özünün peyğəmbər olduğuna heç şübhə etmişmi? 26.02.14 1.322 dəfə oxundu
21 Həzrəti Xədicənin peyğəmbərlə ailə qurduğu vaxt uşağı var idi? 18.06.10 2.273 dəfə oxundu
22 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 1.755 dəfə oxundu
23 Həzrəti Muhəmmədin nəvələri və nəslinin davamı 13.08.09 3.623 dəfə oxundu
24 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 1.785 dəfə oxundu
25 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 3.526 dəfə oxundu
26 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.543 dəfə oxundu
27 Peyğəmbərə cadu olunub? 22.01.11 6.192 dəfə oxundu
28 Peyğəmbərin nəslindən gələnlərə nə deyilir? 09.03.12 1.856 dəfə oxundu
29 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 4.528 dəfə oxundu
30 Həzrəti Muhəmmədin qızı Ruqiyyə 12.03.12 2.665 dəfə oxundu
31 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 1.953 dəfə oxundu
32 “Ya rəsulallah” ifadəsini işlətmək dini cəhətdən düzgündür? 10.05.12 1.755 dəfə oxundu
33 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 1.859 dəfə oxundu
34 Peyğəmbərin nəslindən olan bir nəfər əlavə imtiyaz qazanır? 25.05.12 1.466 dəfə oxundu