Müsəlmanlar

Qəbirlərə şəkil qoydurmaq olar?

Sual: Bir çox yerdə qəbirlərə ölünün şəklini, onun peşəsi ilə əlaqədar rəmzləri (tar, gitara və saz kimi musiqi aləti, kağız-qələm, tank və sairə) qoydururlar. Bu dini baxımdan nə dərəcədə düzdür?

Cavab: Bu iş İslam dini baxımından düzgün deyil. Qəbirlər hər şeydən əvvəl sadə olmalıdır. Yerdən hündür olmamalıdır. Qəbir daşları hazırlandığı vaxt israfdan uzaq durmaq lazımdır. Qəbir məsələsində əsl məqsəd onlardan dərs almaq, dünya həyatının müvəqqətiliyini yada salmaq və imtahan olduğunu düşünmək olmalıdır.

Bir rəvayətdə qeyd edilir ki, Muhəmməd peyğəmbər (s. a. v.) hündür daşlar qoyulmuş qəbristanlıqların yüksək yerlərini qırdırıb. ((Müslim, Cənaiz, 93 (969); Əhməd ibn Hənbəl, 2/141.))

Həzrəti Aişədən belə bir rəvayət nəql edilmişdir:

“Peyğəmbər: “Allah yəhudi və xristianlara lənət etsin! Onlar peyğəmbərlərinin qəbirlərini məbəd (ibadətgah) halına saldılar”, – dedi. Əgər qorxmasaydılar, həzrəti Muhəmmədin qəbrini də bu cür qoyacaqdılar.” ((Buxari, Cənaiz, 94; Müslim, Məsacid, 19 (529).))

http://www.muselmanlar.com/fitvalar/3176.html

Qəbirləri hündür və dəbdəbəli hala salıb şəkil qoydurmaq israfın xaricində qarşısıalınmaz fəsadlara da səbəb olur. İnsanlar bir müddətdən sonra bir-birinə baxıb yarışırlar. Təkcə öz qohum-əqrəbalarını deyil, din alimi kimi qəbul etdikləri şəxslərin, eləcə də siyasi rəhbərlərin müxtəlif ölçülü şəkillərini qəbirlərə qoydururlar. Bu halla öz yan-yörəmizdə tez-tez qarşılaşırıq. Nəticə etibarilə qəbirlər düşünüb ibrət almaq üçün vasitə deyil, necə deyərlər, özünü göstərmək və nəyi isə nümayiş etdirmək vasitəsinə çevrilir. Bu o qədər acınacaqlı bir haldır ki, bir çox insan ölüsünün qəbrinin üstünü düzəltdirmək (başqalarından “geri qalmamaq”) üçün borca düşür…

İslam dininə əsasən bu cür hərəkətlərdən uzaq durmaq lazımdır.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/4013.html

http://www.muselmanlar.com/fitvalar/2595.html

http://www.muselmanlar.com/fitvalar/qebristan-qebir-ziyareti

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.