Müsəlmanlar Uhud döyüşünü niyə uduzdular?
Müsəlmanlar > Fitvalar > İslam tarixi Tarix: 10 Kasım 2011 Tövsiyə et Çap et
Sual: Mən bir dəfə Cümə namazı üçün məscidə getmişdim. Mövizə oxuyan şəxs dedi ki, Uhud döyüşü vaxtı içkini qadağan edən Quran ayələri hələ nazil olmamışdı və əshabələr lül-qənbər sərxoş idilər. Buna görə də müsəlmanlar döyüşü uduzdular. Sözün düzü, bu sözlər məni çox narahat etdi. Həqiqətən də, müsəlmanlar Uhud döyüşündə bu səbəbə görə məğlub olublar? Mən həmin gün Cümə namazı qılınıb qurtardıqdan sonra mövizə oxuyan adamı gözlədim. Gələn kimi ondan bu sözləri nəyə əsasən dediyini soruşdum. O da cavab verdi ki, bu barədə Buxarinin Səhih adlı kitabında yazılıb. Bu düzdür? Əsl məsələ nədən ibarətdir?

Cavab: Məlumdur ki, içki haram olunmamışdan qabaq əshabələrin bir çoxu içirdi. Lakin içkini haram edən ayələr nazil olduqdan sonra 1-2 nəfər istisna olmaqla, əshabələr içki içməyi tərgidiblər. Bununla yanaşı, Uhud döyüşündəki məğlubiyyətin əshabələrin sərxoşluğu ucbatından baş verdiyini demək düzgün deyil.

Buxarinin hədis külliyatındakı rəvayətə gəldikdə, həmin hədis aşağıdakı kimidir:

Cabir (r. a.) nəql edir:

“Bəzi adamlar Uhud döyüşünün gecəsi səhərə qədər içki içmişdilər. Döyüş günü onların həmisi şəhid olaraq öldürüldülər. Bu, şərabın (içki) haram edilməsindən əvvəl baş verdi”.1

Təcridi-Sərihin tərcümə və şərhində Kamil Miras bu hədisi belə qiymətləndirir:

“Uhud döyüşünün gecəsi bəzi əshabələr səhərə qədər içki içmişdilər. O vaxt içki hələ haram deyildi. Uhud məğlubiyyətinin səbəblərindən biri də bu eyş-işrət aludəliyidir. İçki Uhud döyüşündən dərhal sonra qəti surətdə haram qılınıb”.2

Yuxarıdakı izahdan da məlum olur ki, məğlubiyyətin səbəblərindən ancaq biri əshabələrin bəzilərinin içkili olmağıdır. Ona görə də digər səbəbləri tamamilə bir kənara qoyub: “Müsəlmanlar Uhud döyüşünü içki içən əshabələrin ucbatından uduzdular”, – demək düz deyil.

İndi isə gəlin, Allahın kitabına – Qurana baxaq. Belə ki, Quranda Uhud döyüşünə dair təfsilatlı məlumatlar və qalibiyyətdən sonra baş verən məğlubiyyətin səbəbləri Allah tərəfindən belə izah edilib:

“O zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. O, Eşidəndir, Biləndir!

O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər.

Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz.

O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mə-ləyin köməyinizə çatması, sizə bəs etmirmi?”

Əlbəttə, siz səbr etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.

Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.

(Bu ona görə idi ki, Allah bununla )kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər”. (Ali-İmran, 3/121-127.)

“Əgər siz (Uhud döyüşündə) yara almışsınızsa, o (düşmən) qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.

(Həm də ona görə belə edirik) ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin”. (Ali-İmran, 3/140-141.)

“Siz Allahın izni ilə (düş-mənləri) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır.

O zaman Peyğəmbər arxanızdan sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən (düşməndən) qaçırdınız. (Allah da )sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır.

Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün (belə etdi). Allah kökslərdə olanları bilir.

(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir”. (Ali-İmran, 3/152-155.)

“Siz (onların başına) ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.

(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.

(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”. (Ali-İmran, 3/165-168.)

Siz Ali-İmran surəsinin 152-155-ci ayələri xüsusi bir diqqətlə oxuyun. Çünki məğlubiyyətin səbəbləri həmin ayələrdə olduqca açıq bir qaydada izah olunub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Təfsirul-Quran (Maidə surəsi), bab 10. Bu hədis Buxarinin külliyatında Maidə surəsinin təfisirindən başqa CihadMəğazi fəsillərində də qeyd edilib. []
  2. Ətraflı məlumat üçün baxın: Ahmet Naim, Kamil Miras, Səhihi-Buxari müxtəsəri və təcridi-sərihin tərcümə və şərhi, Türkiyə Diyanet İşleri Başkanlığının nəşriyyatı, 2-ci nəşr, Ankara, 1972-ci il, 11-ci cild, s. 96. 1698 nömrəli hədisin şərhi. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.223 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlmanlar Uhud döyüşünü niyə uduzdular? 10.11.11 2.223 dəfə oxundu
2 Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü? 17.02.12 1.634 dəfə oxundu
3 Əməvilər 24.02.12 2.083 dəfə oxundu
4 Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir? 11.10.11 1.643 dəfə oxundu
5 Müaviyə barədə qısa sual-cavab 04.08.09 2.926 dəfə oxundu
6 Həzrəti Muhəmmədin qızı Ruqiyyə 12.03.12 2.997 dəfə oxundu
7 Məzhəblər Qurana qəsdən səhv tərcümə və təfsir veriblər? 06.07.12 1.666 dəfə oxundu
8 Yunus əleyhissəlam Allahın elçisi olduğu halda vəzifələnən yerdən qaçdı? 12.12.16 289 dəfə oxundu
9 Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə? 04.01.11 2.115 dəfə oxundu
10 Ənəs (r. a.) nə vaxt vəfat edib? 07.08.09 1.502 dəfə oxundu