Müsəlmanlar

Qadının səfəri – I

Sual: Yanında məhrəmi olmayan bir qadın bəzi vaxtlarda öz işi ilə əlaqədar olaraq, bəzən də gəzmək məqsədilə tək başına ancaq qadınlardan ibarət olan bir dəstə ilə səfərilik müddəti və məsafəsi qədər şəhərlər arası səyahətlərə gedir. Bu məsələ dini cəhətdən necə qiymətləndirilir?

Cavab: Qadınların yola çıxdıqları vaxt yanlarında məhrəm olmasının lazım olduğunu bildirən hədislərə baxıldıqda məlum olur ki, bu hədislər bir-birindən fərqlənir. Misal üçün, peyğəmbərimizdən (s. a. v.) nəql olunan bəzi hədislərdə qadınların bir gecə və bir gündüzlük məsafəyə məhrəmsiz getməsinin qadağan olunduğuna rast gəlmək mümkündür. Lakin bəzi hədislərdə qadın xeylağının iki gecə və iki gündüz çəkən, bəzilərində isə üç gecə-üç gündüz davam edən yola çıxmağı qadağan edilib. Hətta bəzi hədislərdə səyahətin müddətinə dair bir qeyd yoxdur və bunlar qadınların (məhrəmsiz olaraq) səfərə çıxmağını mütləq formada qadağan edən hədislərdir.

Digər tərəfdən peyğəmbərimiz (s. a. v.) müjdə verib ki, bir vaxt gələcək, qadınlar yanlarında məhrəm olmadan səfərə (səyahət, yol) çıxa biləcəklər. Onun bu müjdəsinin həyata keçdiyini aşağıdakı 5-ci bənddə (Ədiyy bin Hatim hədisində) açıq-aydın şəkildə görmək mümkündür.

Bu məsələyə dair hədislərin bir-birindən fərqlənməsi və Ədiyy hədisində qadınların məhrəmsiz olaraq durub bir gün İraqdan Həccə gedə biləcəyinin bildirilməsi onların məhrəm olmadan yola çıxmağının “illətə (maneəyə) əsaslanan bir qadağan” olduğunu açıq-aydın formada göstərir. Başqa sözlə, qadağaya səbəb olan həmin maneə aradan qalxan kimi qadağa da aradan qalxmış olur.

Ədiyy hədisindən də yaxşı məlum olduğu kimi, qadınların məhrəmsiz surətdə səfərə çıxmağının qadağan edilməsinin səbəbi yol təhlükəsizliyinin olmamasıdır.

Məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:

1) Qadınların bir gün-bir gecəlik yola məhrəmsiz getməyini qadağan edən hədislər:

Əbu Hureyrə (r. a.) nəql edir: Rəsulullah (s. a. v.) buyurdu:

“Allaha və axirət gününə inanan bir qadına bir gecə və bir gündüz davam edən bir məsafəyə yanında məhrəmi olmadan getməsi halal deyil” (Buxari, Təqsiru-s-Səlat, 4; Müslim, Həcc, 419, 422 (1339); Muvatta, İstizan, 37; Əbu Davud, Mənasik, 2; Tirmizi, Rəda, 15).

2) Qadınların iki gecə-gündüzlük səfərə məhrəmsiz olaraq çıxmağını qadağan edən hədislər:

Əbu Səid Əl-Xudridən (r. a.): Mən həzrəti peyğəmbərdən mənim diqqətimi son dərəcə cəlb edən və məni heyrətləndirən dörd hikmətli şey eşitdim. (Bunların biri belədir): “Bir qadın yanında əri, yaxud da kəbin düşməyən bir yaxını (qohumu) olmadan iki günlük məsafəyə getməsin” (Buxari, Muhsar, 37; Müslim, Həcc, 415, 416 (827).

3) Qadınların üç gecə-gündüzlük səfərə məhrəmsiz olaraq çıxmağını qadağan edən hədislər:

Abdulla ibn Ömərdən (r. a.): Peyğəmbər (s. a. v.): “Bir qadın yanında özünə kəbin düşməyən bir məhrəmi olmadan üç günlük səyahətə çıxa bilməz, çıxmasın”, – deyə buyurmuşdur (Buxari, Təqsiru-s-Səlat, 4; Müslim, 413 (1338).

4) Qadınların hər növ (hər hansı bir) səfərə məhrəmsiz olaraq getməsini qadağan edən hədislər:

Abdulla ibn Abbasdan (r. a.): Peyğəmbər (s. a. v.): “Heç bir qadın yanında bir məhrəmi olmadıqca yola çıxmasın, qadının yanında məhrəmi olmadıqca yanına heç bir kişi girməsin”, – deyə buyurdu.

Peyğəmbərin bu xəbərdarlığının üstündən əshabələrdən biri belə dedi:

“Ya Rəsuləllah! Mən bu əsgərlərin arasında döyüşə çıxmaq istəyirəm. Halbuki, mənim xanımım Həccə getmək istəyir. Nə buyurursunuz?”.

Rəsulullah: “Sən də öz xanımınla birlikdə get”, – dedi (Buxari, Muhsar, 424 (1341).

5) Qadının məhrəmsiz olaraq səyahət edəcəyinə dair verilən müjdə:

Ədiyy bin Hatim (r. a.) belə nəql edir: Mən peyğəmbərin yanında idim. Bu dəm bir adam gəlib ona kasıblıqdan şikayət etdi. Sonra başqa bir nəfər gəlib peyğəmbərə yol kəsilməsindən giley-güzar etdi. Peyğəmbər (s. a. v.) soruşdu:

“Ədiyy! Sən Hirə şəhərini görmüsənmi?”.

Mən: “Xeyr, görməmişəm, lakin ora haqqında məlumatım var. Bu barədə mənə danışıblar”, – deyə cavab verdim.

Peyğəmbərimiz (s. a. v.): “Əgər sənin ömrün vəfa etsə (yaşasan), hövdəc (qadınların minməyi üçün dəvənin belinə qoyulan kiçik kəcavə, təxti-rəvan) içində səfər edən qadının Hirədən yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan ta Kəbəni təvaf edəcəyini görəcəksən”, – dedi.

Mən buna təəccübləndim və öz-özümə: “Əyalətlərdə fitnə-fəsad atəşini yandırmış o Tayy qəbiləsinin yolkəsənləri harada qalacaq ki, (qadın tək başına səfərə çıxacaq?)”, – dedim.

Peyğəmbər sözlərinə belə davam etdi: “And olsun, ömrün çatsa, yaşasan, (bil ki) Kisranın xəzinələri fəth olunacaq!”.

Mən soruşdum: “Kisra ibn Hörmüzün xəzinələri?”.

Peyğəmbər cavab verdi: “Bəli, Kisra ibn Hörmüzün! And olsun ki, əgər sənin ömrün uzun olsa, görəcəksən ki, bir kimsə ovuc dolusu qızıl ya da gümüşü sədəqə kimi çıxardıb ondan bunu qəbul edən bir nəfər axtaracaq. Lakin bunu qəbul edən heç kəsi tapa bilməyəcək. Sən belə bir kəs görəcəksən. Yenə and içirəm ki, sizin aranızdan bir kimsə Allaha qovuşacağı gün Allahla özü arasında kəlamını tərcümə edən bir mütərcim olmadan Allaha qovuşacaq. Allah ona: “Mən sənə bir rəsul (elçi) göndərmədimmi? O sənə təbliğ etmirdi?”, – deyəcək.

Həmin bəndə: “Bəli (göndərdin ya Rəbb!)”, deyə cavab verəcək. Bu zaman Allah soruşacaq: “Mən sənə mal-mülk vermədimmi? Bu yolla sənə yaxşılıq etmədimmi?”. Bəndə: “Bəli, verdin və mənə yaxşılıq və ehsan etdin”, – deyəcək.

Bu halda həmin şəxs sağa baxar, Cəhənnəmdən başqa bir şey görə bilməz. Sonra yenə baxar, yenə Cəhənnəm xaricində bir şey görə bilməz”.

Ədiyy dedi ki, mən peyğəmbərin (s. a. v.) belə dediyini eşitdim: “İndi sizin hər biriniz təkcə bir xurmanın yarısı ilə, bunu da tapa bilməsə, gözəl danışıqla (münasib dillə) da olsa, özünü Cəhənnəmin odundan qorusun”.

Ədiyy belə dedi: “Mən Hirədən kəcavə içərisində yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan nəhayət ki, Kəbəni təvaf edən qadını gördüm. Mən gördüm ki, Kisra ibn Hörmüzün xəzinələrini fəth edən ordunun içindəyəm. And olsun ki, əgər sizin ömrünüz uzun olsa, əlbəttə ki, peyğəmbərimizin (s. a. v.) dediyi şəxsləri – ovuc dolusu qızılı sədəqə verən o şəxsləri görəcəksiniz” (Buxari, Mənaqib, 25).

Hirə şəhəri indiki İraqın Nəcəf əyalətində bir qəza mərkəzi olub Kufə şəhərinin 5 km cənubunda və Kufə ilə Havernak arasında olan Kinidrə təpəsinin cənub-şərqində, Fərat çayı kənarında yerləşən geniş bir düzənlikdə qurulub (Hüseyin Ali Əd-Dəquqi, “Hire”, Diyanet İslam Ansiklopedisi, XVIII cild, s. 122).

6) Qadınların səfərə çıxması məsələsində əshabələrin tutumu (o dövrdəki təcrübə):

İmam Buxari qadınların Həcci ilə əlaqədar hədislərə yer verdiyi fəslin əvvəlində aşağıdakı məlumatları verir:

Əhməd ibn Muhəmməd Əl-Əzraqi belə dedi: “Bizə İbrahim atası Səddən, o da öz atası İbrahim ibn Əbdürrəhman İbn Əvfdən belə bir xəbər verdi: “Ömər ibn Xəttab (r. a.) getdiyi axırıncı Həcc vaxtı peyğəmbərin xanımlarına icazə vermiş və onlarla birlikdə Osman ibn Əffan və Əbdürrəhman ibn Əvfi göndərmişdir (Buxari, Muhsar, 37).

Məlumdur ki, bu iki əshabə həmin qadınların məhrəmi deyil.

NƏTİCƏ: Allah Həcc ibadəti ilə əlaqədar olaraq belə buyurur:

“Yoluna gücü çatan hər kəsin Beytullahı (Allahın evini) həcc etməyi Allahın insanlar üzərində haqqıdır” (Ali-İmran, 3/97)

Ayədəki insan ifadəsi ilə istər qadın, istər kişi olsun, mükəlləf (dinin buyurduqlarını yerinə yetirməklə məsul olan şəxs) olan hər mömin nəzərdə tutulur. Yoluna gücü çatan ifadəsi həm yol təhlükəsizliyini, həm səhhəti, həm də maddi imkanı əhatə edir. İbadət şəxsi olduğuna görə kimin gücü çatarsa, Həccə o gedər. Qadının təhlükəsizliyi fitrət baxımından kişinin təhlükəsizliyindən daha vacibdir. Çünki qadın kişiyə nisbətən daha gücsüzdür.

Qeyd edək ki, qadınların məhrəmsiz olaraq yola çıxmasına dair qadağa peyğəmbərimizin dövrünə aid bir qadağa deyil. Yol təhlükəsizliyinin olmadığı hər bir yerdə qadın yanında məhrəmi olmadan yola çıxa bilməz. Lakin əgər təhlükəsizlik varsa, təmin edilibsə, qadağa da yoxdur.

Müəlliflər: Enes Alimoğlu, Yahya Şenol
Süleymaniye Vakfı
İstanbul, Türkiyə.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.