Müsəlmanlar
Heç Allaha şərik qoşan peyğəmbər olub?

Heç Allaha şərik qoşan peyğəmbər olub?

Sual: Siz deyirsiniz ki, peyğəmbərlər də şirk günahına bata bilərlər. Bunu nəyə əsasən deyirsiniz? Məgər hansısa bir peyğəmbər Allaha şərik qoşub? Yoxsa Allah onları bu günahdan uzaq edib?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, bunu biz irəli sürmürük; Allah belə buyurur. Elə isə gəlin, bu suala cavab vermək üçün Qurana müraciət edək və məsələnin yaxşı-yaxşı başa düşülməsi üçün Ənam surəsinin 82-88-ci ayələrinə nəzər yetirək:

İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir.

Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər.

İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik.

Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.

Bu, Allahın hidayətidir. Bununla O, qullarından lazımi səyi göstərən şəxsi doğru yola yönəldir. Əgər (Ona) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı”. (Ənam, 6/82-88)

Fikir verdinizsə, bu ayələrdə 18 peyğəmbərin adı çəkilir. Onların ataları qeyd edilir və Adəm peyğəmbərədək gedilir. Nəsilləri deyilir və Muhəmməd peyğəmbərə qədər gəlinir. Qardaşları ifadəsi işlədilir və adlarını bilmədiyimiz bir çox peyğəmbər nəzərdə tutulur. Başqa sözlə desək, Adəm peyğəmbərdən Muhəmməd peyğəmbərə qədər bütün peyğəmbərlərin adı açıq, ya da üstü örütülü qaydada sadalandıqdan sonra belə deyilir:

“Bu, Allahın hidayətidir. Bununla O, qullarından lazımi səyi göstərən şəxsi doğru yola yönəldir. Əgər (Ona) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı”.

Buradan belə bir nəticə çıxır: Əgər hər hansı bir peyğəmbər Allaha şərik qoşsaydı, bütün əməlləri puç olardı. Amma onlardan heç biri bu günaha düşməyib.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.