DİN BÖYÜKLƏRİNİN – CƏMİYYƏTDƏKİ BƏZİ RUHANİ ŞƏXSLƏRİN MÜQƏDDƏSLƏŞDİRİLMƏSİ1
Din böyüyü kimi tanınan, yaxud da beləymiş kimi təqdim edilən şəxslərin xalqın üzərində təsirlərini artırmaq və nüfuzlarını möhkəmləndirmək üçün fövqəladə şəxsiyyətlər kimi göstərilib müqəddəsləşdirilməsi geniş yayılmış bir haldır. Bununla əlaqədar olaraq Səid Nursini misal vermək mümkündür. Risaleyi-Nur əsərlərində deyilir ki, o, 20 ildə öyrənilməli olan elm və fənlərin əsas məğzini 3 ay ərzində qavrayıb təhsilini başa vurmuşdur. Hansı elmdən olursa olsun, ondan soruşulan bütün suallara heç tərəddüd etmədən və dərhal cavab vermişdir.2 Çünki Səid Nursi yuxusunda peyğəmbərimizdən (ə.s.) elm istəmiş, peyğəmbərimiz isə ümmətindən heç bir şey soruşmaması şərtilə ona Quran elmlərinin öyrədiləcəyini bildirmişdir. Elə bu səbəbə görə hələ uşaq ikən yaşadığı əsrin və öz dövrünün alimi kimi tanınmışdır. Səid Nursi heç kimdən heç bir sual soruşmamış, lakin özündən soruşulan bütün suallara mütləq cavab vermişdir.3
Şiələrin də buna oxşar bir iddiaları vardır. Onlar bunu Həzrəti Əlinin soyundan olan imamlar haqqında deyirlər: ” Heç bir imam hər hansı bir müəllimin yanına gedib ondan bir şey öyrənməmişdir. Heç bir müəllimdən dərs almamış, heç bir məktəbə, yaxud da mədrəsəyə getməmişdir. Buna baxmayaraq onlardan bir şey soruşulan kimi dərhal düzgün cavab verirlər. Dillərinə «bilmirəm» sözü gəlmir və bununla yanaşı, cavab vermək üçün fikirləşmir və cavabı gecikdirmirlər. Bir imam ilahi hökmlər, ilahi elmlər və bütün bilikləri peyğəmbər, yaxud da özündən əvvəlki imam vasətəsilə öyrənib bilir.
Aydın məsələdir ki, bir insanın bu cür bilikləri mənimsəməsi qeyri-mümkündür. Hər hansı bir peyğəmbərin də belə bir xüsusiyyəti yoxdur. Qurani-Kərimdə deyilir:
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin tanrınız yalnız bir olan tanrıdır (Allahdır). Artıq kim Rəbbinə qovuşmağa ümid bəsləyirsə, dərhal yaxşı bir iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi şərik qoşmasın” (Əl-Kəhf, 18/110).
De: “Mənim sizə nə zərər verməyə, nə də sizi kamilləşdirməyə gücüm çatar”
De: “Məni Allahın əzabından heç kim xilas edə bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!”
“Mənim işim ancaq Allahın dərgahından olanı və Allahın göndərdiklərini təbliğ etməkdir” (Cinn, 72/21-23).
Səid Nursi məsələni bir az da şişirdib belə deyir: “Mən xüsusi üstadım olan İmam Rəbbani, Abdulqadir Geylani, cövşənul-kəbir münacatını4 məhz ondan öyrəndiyim İmam Gəzali və Zeynəlabidin (Allah ondan razı olsun!) və bir də 30 ildir ki, Həzrəti Hüseyn və İmam Əlidən aldığım dərs və xüsusilə cövşənul-kəbir vasitəsilə onlarla qurduğum mənəvi əlaqə sayəsində keçmiş həqiqətləri və indiki Risaleyi-Nurdan bizə gələn məşrəbi aldım”.5
Aydın məsələdir ki, Səid Nursi haqqındakı bu iddialar həqiqətə uyğun deyildir. Onun şəxsən özünün yazdığı tərcümeyi-halında aşağıdakı məlumatları görmək olar:
O, ibtidai təhsil aldıqdan sonra Şeyx Məhəmməd Cəlalinin dərslərində iştirak etmiş, o vaxtlar oxunmağı ənənə olan kitabları oxumuş və daha sonra Van şəhərində təxminən 15 il təhsil və təlimlə məşğul olmuşdur.6
Həyatı haqqında verilən məlumata əsasən Səid Nursi əvvəlcə sərf və nəhvlə7 məşğul olmuş, İzhara8 qədər oxumuş, sonra Şeyx Məhəmməd Cəlalinin yanına getmiş, bir çox elmə dair əsərləri tədqiq etməyə başlamış və beləliklə, islam elmləri ilə əlaqədar olan 40-a qədər kitabı əzbərləmişdir. Bunlarla yanaşı, Seyid Nurməmməd, Şeyx Abdurrəhman Tağı, Şeyx Fəhim, Şeyx Məmməd Küfrəvi, Şeyx Emin Əfəndi, Molla Fətulla və Şeyx Fətulladan elm öyrənmişdir.9
Bütün bunlar göstərir ki, Səid Nursi haqqında irəli sürülən iddialar (elmləri 3 ay ərzində öyrənib qurtarması, soruşulan hər bir suala tərəddüd etmədən və dərhal cavab verməsi və bu xüsusiyyətin ona yuxuda peyğəmbərimiz tərəfindən verilməsi iddiaları) əsassızdır və sadəcə olaraq onu müqəddəsləşdirmək məqsədilə edilən cəhdlərdən ibarətdir.
Bu müqəddəsləşdirmə cəhd və səylərinin aparıcısı da elə Səid Nursinin özüdür. Belə ki o, hətta 70 yaşına gəlib çatdıqdan sonra belə bu sözləri demişdir: “Mən 14 yaşımda idim. O vaxtlar icazət almağın bir simvolu kimi mənə də müəllim tərəfindən sarıq sarılmalı və eləcə də cübbə geyindirilməli idi. Lakin bunun qarşısında maneələr vardı. Məni kiçik olduğuma görə böyük müəllimlərə məxsus olan o geyimlərdən geyinməyə layiq hesab etmirdilər. Digər tərəfdən də böyük alimlər mənim müəllimim deyil, əksinə, rəqibim olur və qabağımda danışa bilmirdilər. Mənim olduğum yerdə heç kəs özünü müəllim hesab etmirdi, belə bir şəxs yox idi. Mən öz hüququmdan 56 il keçdikdən sonra istifadə edə bildim. Belə ki, bundan 100 il qabaq vəfat edən Şeyx Mövlana Zülcənaheyn Xalid Ziyəddin mənə öz cübbəsi ilə birlikdə bir sarıq göndərdi. İndi həmin cübbəni geyinirəm. Mən o mübarək əmanəti Risaleyi-Nur tələbələrindən və axirət qardaşlarımızdan olan Asiyə adlı möhtərəm bir xanımın əliylə aldım”.10
Səid Nursi özünün hələ 14 yaşında ikən rəqibi olmayan bir elm adamı olduğunu iddia edir. Tarixçeyi-Həyatı adlı əsərində isə bildirilir ki, onun 15-16 yaşlarına qədər bütün bilikləri sünuhat (سنوحات ) qəbilindən olub.11 Sünuhat sözü bir şəxsin ağlına və xatirinə gələn şeylərə deyilir.12 Əgər bu cür şeylərə elm deyilsəydi, onda hamı alim olardı.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: cəmiyyətdə din xadimlərinin yeri, din böyükləri, din xadimlərinin yeri, islamda ierarxiya var?, şeyxlər, Səid Nursi, şəxsiyyətlər, əfəndilər