Müsəlmanlar

Süni mayalanma yolu ilə övlad sahibi olmaq olar?

Sual: Biz istəyirik ki, uşağımız olsun. Süni mayalanma metodunun tətbiq edilməsi üçün həkimlərə müraciət etmək barədə fikirləşirik. Bu məsələnin dini baxımdan pis bir cəhəti var?

Cavab: Türkiyə Diyanet (Din) İşleri İdarəsinin nəzdində fəaliyyət göstərən Din İşləri Yüksək Komissiyasının süni mayalanma məsələsi ilə əlaqədar bir qərarı var. Biz də həmin qərarda deyilənlərlə eyni fikirdəyik. Qərarın mətni aşağıdakı kimidir:

“Qadın və ya kişidə mövcud olan bir çatışmazlığa görə hamiləlik təbii yolla (normal cinsi əlaqə ilə) baş tutmursa, süni mayalanma metodundan istifadə edilə bilər. Bunun bəzi şərtləri var:

– Mayalandırılan yumurta və spermanın hər biri kəbinli ər-arvadın olmalıdır. Yəni, bunların hər hansı biri yad bir insanın toxumu olmamalıdır.

– Döllənmiş (mayalanmış) yumurta başqa bir qadının deyil, ana olmaq istəyən qadının öz bətnində (yumurtanın sahibi olan qadının bətnində) inkişaf etməlidir.

– Bu əməliyyat istər ata-ana, istərsə də doğulacaq uşağın ruhi-psixi sağlamlığına mənfi təsir etməməlidir. Yəni, bu məsələ həkimlər tərəfindən əvvəlcədən tibbi olaraq sübuta yetirilməlidir.

Beləliklə, bu şərtlər nəzərə alınmaqla təbii yolla hamilə qalması və ana olmağı mümkün olmayan evli xanımların müxtəlif tibbi metodlarla hamiləliyinin təmin edilməsi məsələsində İslami hökmlər baxımından bir qəbahət yoxdur.

Başqa qadının yumurtası və yaxud ərindən başqa (yad) bir kişidən götürülən sperma ilə bir qadının hamiləliyinin təmin edilməsi isə insanlıq hislərini təhqir edir və özlüyündə zina motivləri daşıyır. Ona görə də bu, düzgün deyil. Başqa sözlə desək, dində caiz deyil”.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.