Müsəlmanlar

Siqaret çəkmək dini cəhətdən necə qiymətləndirilir?

Sual: İslam dinində siqaret çəkməyin hökmü nədir?

Cavab: İslam dinində insan orqanizminə, onun ağıl və malına, eləcə də cəmiyyət və dinə zərərli olan hər şey qadağandır. Siqaretdə bu kimi xüsusiyyətlərin hamısı olduğuna görə o da bu qadağalara daxildir. 

Gəlin, məsələni müxtəlif cəhətlərdən qiymətləndirməyə çalışaq:

1- Siqaret çəkmək hər şeydən əvvəl bədənə zərərlidir. Bədən isə Allahın insana verdiyi bir əmanətdir. Onu yaxşıca qoruyub, sahibinə istədiyi kimi qaytarmaq lazımdır. Misal üçün, bir şəxsin əlini, ayağını və sairə kimi bədən üzvlərini: “Əşi, bunlar mənim özümündür, özüm bilərəm”, – deyib kəsməyi halal olmadığı kimi siqaret çəkməklə özünə zərər vurmağı da halal deyil.

Siqaret çəkməyin orqanizmə zərərli olması tibb mütəxəssisləri tərəfindən sübuta yetirilmiş və bu bütün bəşəriyyətə bildirilmişdir. Hətta elmi araşdırmalar vasitəsilə sübut edilmişdir ki, xərçəng xəstəliklərinin 90 faizindən çoxu siqaret çəkmək nəticəsində baş verir.

2 – Siqaret çəkmək mal-dövlətə, necə deyərlər, cibə də ziyan vurur. Çünki siqaret çəkən şəxs onu müəyyən bir məbləğ müqabilində satın alır və beləliklə, siqaret almaq üçün xərclənən pul zərərli bir işə sərf edilir. Bunu hamı bilir. Üstəlik də siqaretə pul verən insan o pulu öz ailəsinin gündəlik dolanışığı üçün nəzərdə tutulmuş puldan götürüb xərcləyir.

Əslində hər gün siqaretə sərf edilən pul yığılsa, gələcəkdə o pulla yaxşı işlər görmək mümkün olar. Məsələn, siqaret üçün xərclənən pul yuxarıda qeyd edildiyi kimi yığılsa, yığılan məbləğlə bir neçə ildən sonra Həccə getmək də olar. Misal üçün, siqaret almağa hər gün 2 manat xərcləyən bir şəxsi götürək. Bu şəxsin aylıq xərci 60 manat (30 x 2), illik xərci isə 720 manatdır (12 x 60). Belə çıxır ki, 2 ildə siqaret almağa sərf edilən pul miqdarı 1440 manat təşkil edir. Bu isə o deməkdir ki, hər hansı bir şəxs 1440 manat müqabilində böyük bir rahatlıqla Həcc ziyarətinə gedə bilər!

3 – Siqaret cəmiyyətə ziyan vurur. Siqaret tüstüsü atmosferi korladığına görə siqaret çəkən şəxs başda öz ailəsi olmaqla ətrafındakı insanlara, daxil olduğu cəmiyyətə və nəhayət, bütün dünyaya zərər verir. Bundan əlavə, həkimlər bildirirlər ki, özü siqaret çəkməyən və siqaret çəkən bir şəxslə 4 saat eyni evdə və mühitdə qalan bir insan 10 ədəd siqaret çəkibmiş kimi zəhərlənir.

Su və hava həyat üçün çox vacib amillərdir. Suyu korlamaq qadağan olduğu kimi havanı korlamaq da qadağandır. Deməli, bir hovuzun suyuna bir kürək ağzı gübrə töküb o suyu çirkli və zərərli su vəziyyətinə gətirməklə siqaret çəkib tüstüsünü havaya qarışdırmaq eyni şeydir.

Siqaret çəkməklə əlaqədar olaraq aşağıdakı ayə və hədisləri göstərmək mümkündür:

“Yanlarındakı Tövrat və İncildə yazılı gördükləri ümmi peyğəmbərə tabe olanlar… O, onlara yaxşı işlər görməyi buyurub pis işləri qadağan edər. Onlara təmiz şeyləri halal, pis şeyləri haram qılar. Onların üzərindəki ağır yükləri qaldırıb boyunlarındakı dəmir halqaları açar. Əsl nicat tapanlar (qurtuluşa qovuşanlar) o peyğəmbərə inanıb hörmət bəsləyən, ona kömək edən və onunla birlikdə göndərilən Nura (Qurana) tabe olanlardır”. ((Əraf, 7/157)) ((QEYD: Quranın Azərbaycan dilinə tərcümələrində bu ayəyə aşağıdakı kimi məna verilmişdir:

Əlixan Musayevin etdiyi tərcümə: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.

Vasim Məmmədəliyev və mərhum Ziya Bünyadovun etdiyi tərcümə: “O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”.))

Təmiz şeylər halal, pis şeylər haram olduğuna görə siqaret təmiz deyil və zərərlidir.

“Öz yaxınlarına, miskinlərə və yol üstündə olana haqqını ver! Əlindəkiləri səpib səpələmə (mal-dövlətini hədər yerə xərcləmə)! Həqiqətən də, səpib səpələyənlər şeytanın qardaşıdırlar. Şeytan isə Rəbbinə qarşı çox nankordur”. ((İsra, 17/26-27.))

Siqaret çəkmək mal-dövləti (insanın əlində olan az, yaxud da çox pulu) səpib səpələmək və israfdan ibarətdir.

Bir hədisdə belə deyilir:

“Zərər çəkmək də yoxdur (olmaz), zərər vermək də”. ((Əhməd ibn Hənbəl, 1/313.))

Yaxşı məlumdur ki, siqaret çəkənlər həm özlərinə, həm də başqalarına zərər verirlər.

Digər bir hədisdə peyğəmbərimiz (s. a. v.) belə buyurur:

“Kim Allaha və axirət gününə inanırsa, öz yan-yörəsinə əziyyət çəkdirməsin (ziyan verib narahat etməsin)”. ((Buxari, Riqaq, 23, Nikah, 80, Ədəb, 31, 85; İbn Macə, Ədəb, 4; Əhməd ibn Hənbəl, 2/267.))

Hamı bilir ki, siqaret çəkənlər öz ailəsi və uşaqlarına, ətrafındakı insanlara və məsciddə namaz qılarkən yanında duranlara əziyyət verir.

Muhəmməd peyğəmbərdən nəql olunan bir hədisdə belə deyilir:

“Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?”. ((Tirmizi, Qiyamət, 1.))

Bu məlumat və dəlillərdən sonra siqaret çəkməyin caiz olmadığını və nə qədər zərərli olduğunu, müsəlman birinin də bu kimi zərərli şeylərdən uzaq qalmalı olduğunu başa düşməlidir.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.