Müsəlmanlar

Günahların Allah tərəfindən bağışlanması

Sual: Allah bir ayədə bildirir ki, bütün günahları bağışlayacaq. Amma şirki (Allaha şərik qoşmaq) istisna edir. Yəni, deyir ki, şirki əfv etməyəcək. Peyğəmbərin əshabələri də əvvəllər müşrik idilər. Amma onların heç olmasa, bəzilərinin bağışlandığını Qurandan başa düşürük. Elə isə bu ayəni necə anlamalıyıq?

Cavab: Sizin dediyiniz ayə budur:

“Allah Özünə şərik qoşulmağını əsla bağışlamaz. Onun xaricindəkiləri (günahları) istədiyi şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, dərin bir zəlalətə düşər”. ((Nisa, 4/116.))

Bu ayə tövbə etməyənlərlə əlaqədardır. Tövbə edib özünü islah edənlərin günahlarının bağışlanması ilə yanaşı savaba da çevriləcək. Allah belə buyurur:

“Rəhmanın (Allah) bəndələri Allahla birlikdə başqa bir tanrını köməyə səsləməzlər. Haqlı bir səbəb olmadan Allahın toxunulmaz etdiyi cana qıyıb öldürməzlər, zina etməzlər. Kim bunları etsə, günaha batar. Qiyamət günündə onun əzabı qat-qat olur və orada etibarsız olaraq əbədi qalır. Amma tövbə edən, iman gətirən və saleh əməllər edən istisnadır. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayandır, mərhəmət edəndir”. ((Furqan, 25/68-70.))

Buradakı “Allahla birlikdə başqa bir tanrını köməyə səsləməzlər” cümləsi “Onlar şirkə düşməzlər” deməkdir. Ayənin davamında şirkdən tövbə etmək məsələsi də var.

Aşağıdakı ayə də yuxarıda verilən mənanı qüvvətləndirir:

“De: “Ey özlərinin əleyhinə həddi aşan bəndələrim! Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayandır, çox rəhm edəndir!”. ((Zumər, 39/53.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.