Müsəlmanlar

Vəzifə başında olan dövləq qulluqçusu kimdənsə hədiyyə ala bilər?

Sual: Deyilənə görə həzrəti Muhəmmədin dövründə belə bir əhvalat baş verib. Belə ki, zəkat yığan dövlət qullquçularından biri zəkat mallarını peyğəmbərə təhvil verib. Ancaq yanında bəzi şeylər qalıb. Peyğəmbər ondan bu şeylərin nə olduğunu soruşduqda deyib ki, bunlar mənim özümə verilən pay-puyuşdur. Peyğəmbər onun bu sözünün üstündən belə deyib: “Məgər sən ananın evində olsaydın, bu şeyləri sənə verərdilər?”. Sonra o şeyləri həmin adamdan alıb. İndiki dövrə qayıtsaq, bir nəfər dövlət işcisi vəzifə başında ola-ola kimdənsə hədiyyə ala bilər?

Cavab: Görünür ki, siz o dövrün zəkat yığanlarını hazırkı vergi əməkdaşları ilə müqayisə edirsiniz.

Əgər insanlar vergini yığan əməkdaşa: “Bu dövlətin, bu da sənin”, – deyib artıq bir şey verirlərsə, deməli, o işin içində başqa bir iş var.

Bir şeyi də qeyd edək ki, indiki dövrdə zəkatı könüllü surətdə verilən dini bir vergi kimi təqdim edənlər var. Halbuki Quran belə demir. Allah Quranda belə deyir:

“Onların mallarından zəkatı al ki, bununla onları pak edib tə­mizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir.” (Tövbə, 9/103)

Əgər vergi verməli olan bir nəfər vergi yığan əməkdaşa vergidənkənar nəsə verirsə, deməli, o, verməli olduğu əsl məbləği dövlətə vermək istəmir. Hədiyyə verib məsələni ört-basdır etmək istəyir. Bu da bir növ rüşvətdir. Daha doğrusu, rüşvətin bir növüdür. Nəticə etibarilə vəzifə başında olan bir dövlət qulluqçusu hədiyyə almamalıdır. Bu həm qanunlar, həm din, həm də insanlıq baxımından düzgün bir hərəkət deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.