Müsəlmanlar
Peyğəmbər bizim bütün əməllərimizi görür?

Peyğəmbər bizim bütün əməllərimizi görür?

Sual: Quranın Maidə surəsinin 109-cu ayəsi bizim hansı halda olduğumuzun peyğəmbərlərə bildirilməməsinin qəti sübutu kimi qəbul oluna bilər? Sualı başqa cür soruşum: Muhəmməd peyğəmbər bu dəqiqə bizim bütün əməllərimizi görür?

Cavab: Tövbələr olsun! Elə əsassız fikirlər səsləndirilir ki, insan təəccübdən nə edəcəyini bilmir! Peyğəmbərimizin bizi görməyindən söhbət gedə bilməz.

Əgər burada şəhid sözü nəzərdə tutulursa (Həcc, 22/78), bilinməlidir ki, bu söz Ərəb dilində həm ismi-fail, həm də ismi-məful kimi işlədilə bilir. İsmi-məful olduğu vaxt görülmüş, müşahidə olunmuş mənalarını verir. Bu, peyğəmbərimizin (s. a. v.) bizim üçün nümunə olması deməkdir. Biz də insanların gözünün qabağında onlara nümunə olmalıyıq. Qısa desək, burada söhbət peyğəmbərimizin bizi görməyindən getmir.

Maidə surəsinin 117-ci ayəsində İsa peyğəmbərin dilindən belə deyilir:

“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən”.

Bu ayədən çıxan nəticəyə görə də bir peyğəmbərin insanları onların arasında (yanında, yaxınlığında) olmadığı vaxt görməyi mümkün deyil.

Allah eyni surənin 109-cu ayəsində belə buyurur:

“Allah elçilərini toplayacağı gün deyəcəkdir: “Sizi nə cür qarşıladılar (insanlar sizə necə cavab verdilər)?” Onlar isə: “Bizim elmimiz yoxdur. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyəcəklər”.

Peyğəmbərlərin bunu bilməyi mümkündürmü? İmanın yeri haradır? Əlbəttə ki, qəlbdir. Peyğəmbər xarici görünüş və hərəkətlərinə əsasən bir insan haqqında: “Bu adam mömindir”, – deyə bilər. Ancaq o insanın daxilində nə olduğunu bilə bilməz. Əlavə olaraq, haqqında fikir söylədiyi insanın ancaq o andakı vəziyyətinə dair nəsə deyə bilər. Sonra nə olacağını bilə bilməz. Çünki insanlar hər dəqiqə dəyişə bilirlər.

Allah Münafiqun surəsində (münafiqlər barədə) peyğəmbərimizə müraciətlə deyir ki, sən onlara valeh olursan, amma onlar əslində inanmırlar; xarici görünüşə aldanma, əslində bu adamlar düşməndirlər.

Habelə, Tövbə surəsində bildirir ki, onlar münafiqliyi o dərəcədə mənimsəyiblər ki, sən bunu ayırd edə bilməzsən.

Nəticə etibarilə iman qəlbdə olur. Peyğəmbərlər qəlbi bilmirlər. Onlar qeybi də bilmirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2512.html

http://www.muselmanlar.com/tedqiqatlar/532.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.