Müsəlmanlar

Zikrin mənası nədir? Bəs zikrin ziddi nədir?

Sual: İbn Abbas qeyd edir ki, insan sözü nisyan sözündən əmələ gəlib. Elə isə zikr sözünün ziddi nisyan sözü ola bilər? Misal üçün, “nisyan edən insana enən zikr” kimi.

Cavab: Zikrin ziddi nisyandır. Mən bununla əlaqədar olaraq Rağib əl-İsfahaninin Müfrədat əsərinə baxdım. Zikrə belə bir məna verilir: Münasibətləri ilə birlikdə qazanılan biliyin hafizədə saxlanmağı (hifz etmək, qorumaq). Bir şeyin hafizədə saxlanmamağı onun unudulmağı deməkdir.

Yaddan çıxarmaq əsasən iki cür baş verir. Siz bir insan olaraq bir şeyi unuda bilərsiniz. Bu, təbii bir haldır. Buna görə də bir cavabdehliyiniz olmaz. Çünki Allah Təala Bəqərə surəsinin axırıncı ayəsində bizim belə dua etməyimizi istəyir:

“Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma (cavabdeh hesab etmə)”.

Odur ki, biz yaddan çıxardığımıza görə məsuliyyət daşımırıq. Amma başqa bir ayədə belə deyilir:

“Onlar Allahı unutdular. Allah da onlara özlərini unutdurdu”. (Tövbə, 9/67)

Burada unutmağın iki növü var. Biri insan olduğu üçün unutmaq. Bunda problem yoxdur. Digəri də əhəmiyyət vermədiyi üçün, üzr istəyirəm, bir şeyi vecinə almadığı üçün unutmaq. Əslində bu halda unudulan məsələ “unudan” insanın yadına düşür. Ancaq deyir ki, əşi, rədd elə getsin, fikir vermə. Allah məhz bu vəziyyətdə olanlara özlərini unutdurur.

Özlərini unudan insanların nə dərəcədə ovlanmağa hazır kəklik kimi olduğunu yəqin siz də müşahidə etmisiniz və edirsiniz. Yəni, bu cür insanlar elə bir vəziyyətə düşürlər ki, artıq özlərini qoruya bilmirlər, özlərinə hakim ola bilmirlər, özünənəzarəti itirirlər. Belə insanların heç bir nüfuz və hörməti olmur.

Bütün bunları xülasə halında ifadə etsək, deyə bilərik ki, zikr sözünün ziddi nisyan – unutmaqdır. Ancaq zikrə yaddan çıxartmağın ziddi kimi yada salmaq, xatırlamaq mənası versəniz, zikrin əsl mənası itər. Zikrdə xatırlamaq mənası da var.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.