Müsəlmanlar
Ancaq Allahdan kömək diləmək nə məna verir?

Ancaq Allahdan kömək diləmək nə məna verir?

Sual: Fatihə surəsində: “Ancaq Səndən kömək diləyirik”, - deyə, bir cümlə var. Bəs insanların bir-birindən kömək istəməyi Allahdan başqa bir varlıqdan kömək diləmək demək deyil? Belə edən insanlar şirk günahı edirlər? Yəni, bir insan digər bir insandan borc pul və ya hansısa bir məsələdə kömək istəsə, Allahdan başqasından kömək dilədiyi üçün şirkə düşmür? Əgər məsələ mənim düşündüyüm kimi deyilsə, bu ayəni nə cür başa düşmək lazımdır?

Cavab: Allah Təala insanlara buyurub ki, yaxşı işlər və təqva məsələlərində bir-birlərilə köməkləşsinlər. Bununla əlaqədar Quran ayəsi belədir:

“Yaxşı işlərdə və təqvada köməkləşin (bir-birinizə dəstək olun). Amma günahda və həddi aşmaqda köməkləşməyin. Allahdan qorxun! Onun cəzası ağırdır!” (Maidə, 5/2)

Kəhf surəsinin 95-ci ayəsində də Zülqərneynin insanlardan kömək istədiyini açıq-aydın şəkildə müşahidə etmək mümkündür. Ancaq Allahdan istənən kömək Allahdan başqa bir varlığın edə bilmədiyi köməkdir. Duaların qəbul olunması, fövqəltəbii və föqvəlbəşər kömək, hər şeyi görməyini/eşitməyini/bilməyini istəmək kimi şeylər buna misal təşkil edir. Bunları Allahdan başqa heç kəs bacarmaz. Elə isə bu kimi şeyləri başqa bir varlıqdan gözləmək/ummaq şirkdir. Bu məsələ ilə əlaqədar çoxlu Quran ayəsi var.

Odur ki, Fatihə surəsindəki: “Ancaq Səndən kömək diləyirik”, – cümləsini bu cür başa düşmək lazımdır:

“Səndən başqasının edə bilməyəcəyi şeyləri başqasından deyil, ancaq və ancaq Səndən istəyirik”.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.