Müsəlmanlar
Namazda təhiyyat verdikdə peyğəmbərə üz tuturuq?

Namazda təhiyyat verdikdə peyğəmbərə üz tuturuq?

Sual: Namazda təşəhhüd duasını oxuduğumuz vaxt: “Əssalamu aleykə eyyuhə-n-nəbiyyu”, - deyib peyğəmbərimizə salam veririk. Bu nə dərəcədə düzdür? Bir kitabda yazılıb ki, namazda: “Əssalamu aleykə” yox, “Əssalamu alə-n-nəbiyyi”, - demək lazımdır. Buna sübut kimi deyilir ki, əshabələr peyğəmbər vəfat etdikdən sonra təşəhhüd duasını bu cür oxuyublar. Görəsən, hansı düzdür?

Cavab: “Əssalamu alə-n-nəbiyyi” deməyin heç bir eybi yoxdur. Demək olar. Mənası: “Salam peyğəmbərə olsun!” deməkdir. “Əssalamu aleykə” də demək olar. Bunda da bir problem yoxdur.

Bu ifadə tərzi Ərəb dilində geniş şəkildə işlədilir. Azərbaycan dilində də bu üslub var. Məsələn, “Salam sənə ey filankəs!”, “Salam filan yer!” demək kimi. Siz belə deməklə onu canlı kimi qəbul etmirsiniz.

İnsanlar evdə oturub uzun müddət əvvəl ölmüş ataları haqqında: “Allah səndən razı olsun ay ata!”, – deyirlər. Onlar belə deyərkən həmin adamın orada olduğunu düşünmürlər, sadəcə olaraq bu cür danışıq üslubundan istifadə edirlər. Bu, təbii bir haldır.

Peyğəmbərə salam vermək də belədir. Bu ifadələrdə peyğəmbərdən nəsə umub istəmək meyl və niyyəti də yoxdur. Qısa desək, bu məsələdə bir problem yoxdur.

Bununla əlaqədar olaraq Cinn surəsinin 18-ci ayəsinə müraciət edib məsələni qarışdırmaq istəyənlər də olur. Həmin ayədə belə deyilir:

“Məscidlər Allahındır. Allahla birlikdə bir başqasını köməyə çağırmayın”.

Sizin sualınızda qeyd etdiyiniz məsələdə hər hansı bir kömək diləmək motivi yoxdur. Burada söhbət peyğəmbərə salamdan gedir. Ondan bir şey istənmir, əksinə, ona sanki bir şey verilir. Yəni, peyğəmbərə xoş diləklər ifadə olunur. Əgər fikir vermisinizsə, təşəhhüd duasında peyğəmbərdən sonra özümüzə və Allahın saleh bəndələrinə də salam veririk.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.