Müsəlmanlar
Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur?

Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur?

Sual: Böyük hədis alimi Muhəmməd əl-Buxarinin məşhur Səhih-Buxari adlı əsərinin əsl nüsxəsi var? Yəni, onun özü tərəfindən yazılan ilk əsər bu gün əlyazma formasında durur? Yoxsa it-bata düşüb və bizə qədər gəlib çatmayıb? Deyilənə görə müəllif nüsxəsi yoxdur; hal-hazırda bizdə olan nüsxələri də onun tələbələri tərəfindən yazılaraq çoxaldılıb. Əlavə olaraq, tarixi mənbələrdə onun tərcümeyi-halı ilə əlaqədar məlumat da yoxdur. Görəsən, o evlənibmi? Uşaqları olub? Mən bu məsələyə sadəcə olaraq maraq duyuram. Əslində isə bilirəm ki, əl-Buxarinin evlənib evlənməməsinin mətləbə dəxli yoxdur. Çünki əsas olan onun əsəridir. Xahiş edirəm, bu məsələyə bir aydınlıq gətirəsiniz.

Cavab: Hədis rəvayət edən şəxslərin tərcümeyi-halı barədə məlumat verən kitablarda adətən onların hədis təhsili, müəllimləri, tələbələri, kitabları və rəvayət qabiliyyəti (cərh və tədil baxımından vəziyyəti) kimi birbaşa hədis rəvayətinə təsir göstərən cəhətlərinə üstünlük verilir. Lakin hədis rəvayət edən bir şəxsin ailə vəziyyəti, uşaqlarının sayı və bu kimi məsələlərin üzərində əsl mətləblə birbaşa əlaqədar olmadığına görə durulmur. Ona görə də təkcə əl-Buxari və Müslim kimi hədis alimləri deyil, eyni zamanda məzhəblərin rəhbərləri kimi çox məşhur olan alimlərin də tərcümeyi-halları çox bilinmir. Bəli, bu gün əl-Buxarinin həyatı barədə məlumatlar çox da geniş deyil. Ancaq onun müəllimləri (misal üçün, İbn Məndə (v. 395 h/1005 m) Təsmiyətu şuyuxi-l-Buxari adlı əsərində onun 309 müəllimi haqqında məlumat verir), hədis qeyd edib yığmaq üçün çıxdığı səfərlər, tələbələri, kitabları, haralı olmağı, anadan olma və ölüm tarixləri kimi hədis rəvayətinə dair cəhətləri təfsilatla izah edilib.

Əl-Camiu-s-Səhih adlı əsərin müəllif tərəfindən yazılan orijinal nüsxəsi bizə qədər gəlib çatmamışdır. Hal-hazırda mövcud olan Səhih-Buxari nüsxələri Əli ibn Muhəmməd əl-Yunini (v.701 h/1301 m) tərəfindən əl-Buxarinin məşhur tələbələrindən biri olan əl-Firəbrinin nüsxəsinə əsasən hazırlanan nüsxəyə istinad edir. Belə deyilir ki, əl-Firəbri öz nüsxəsini müəllimi əl-Buxarinin məhz özündən 2 dəfə dinləyib.

Cavabladı: Hüseyin Hansu (İstanbul Universitetinin İlahiyyat fakültəsinin dosenti, hədis tədqiqatları kafedrasında müəllim)

QEYD: Almaniyada yaşayan oxucularımızdan biri bizə bu məsələ ilə bağlı belə bir qeyd göndərib:

“İmam Buxarinin 5 qabaqcıl tələbəsindən biri Firəbridir (vəfat tarixi hicri 320, miladi 932-ci il). O, müəllimi Buxaridən həmin kitabı əxz etmiş, o Həməviyə (381/991), o da Davudiyə (467/1074), o isə Əbu-l-Vaxta )553/1158), o isə İbnu-l-Lətiyə (635/1237), o da öz növbəsində Yuniniyə nəql etmişdir”.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.