Müsəlmanlar
Xüşu və xüşulu olmaq nə deməkdir?

Xüşu və xüşulu olmaq nə deməkdir?

Sual: Mən namaz qılıram. Amma birdən elə olur ki, özümü Quranın Maun surəsindəki namaz qılanlar kimi hiss edirəm. Bəzən də mənə elə gəlir ki, münafiqlər kimi namaza tənbəl-tənbəl dururam. Elə düşünürəm ki, namazda bir ağırlıq var. Deyilənə görə bunu aradan qaldırmaq üçün gərək xüşulu olasan. Quranda belə bir ayə var? Varsa, xüşu nədir? Mən belə bir ruhani səviyyəyə necə çata bilərəm?

Cavab: Sizin soruşduğunuz Quran ayəsi belədir:

“Köməyi səbr etməklə və namaz qılaraq istəyin. Bu həqiqətən də, ağır bir borcdur. Amma itaətkar olanlar üçün (ağır) deyil.” (Bəqərə, 2/45)

Xüşulu olmaq hörmət qoymaq, itaətkar olmaq deməkdir. Ruhani bir səviyyəyə çatmaq deyil. Bu, özünü aşağıda, Allahı isə uca mərtəbədə görən insanlarda olur. İnsan məhz buna görə Allaha boyun əyir. Əgər bu olmasa, heç kim həmişə namaz qılmaz. Çünki namazı həzz almaq üçün deyil, Allahın əmri olduğuna görə qılmaq lazımdır. Bəzən insanın öz əlində olsa, nə dəstəmaz alar, nə də namaz qılar. Amma Allahın əmrinə tabe olub onu yerinə yetirmək inancı insana o namazı qıldırır. Yəni, bu cür inanmaq onu namazını qılmağa sövq edir. İbadət də elə budur. Yəni, ibadət bir şeyi öz istəyinə müvafiq olaraq deyil, məhz Allah istədiyi üçün yerinə yetirmək deməkdir. Əlavə olaraq, ibadətin insana verdiyi həzzi də heç bir şey verə bilməz.

Quranın Maun surəsində isə bu ayələr var:

“Vay o namaz qılanların halına ki, namazdan qafildirlər (səhlənkardırlar). Onlar riyakarlıq edirlər. Kömək etməyə də mane olurlar”. (Maun, 107/4-7)

Müsəlman namazı başqaları görsünlər deyə deyil, Allahın əmrini yerinə yetirmək üçün qılmalıdır.

Münafiq (iki üzlü, riyakar) isə daxilən inanmadığı halda, özünü inanmış kimi göstərən insana deyilir. Münafiq namazı Allah üçün deyil, özünün cəmiyyət tərəfindən pis qarşılanmamağı üçün qılır. Onun namazını müsəlmanın namazı ilə müqayisə etmək qeyri-mümkündür.

Bunlarla birlikdə namazda xüşu halında olmaq deyilən bir şey də var. Allah Təala belə deyir:

“İman gətirənlər həqiqətən də, gözlədikərinə (ümid etdiklərinə) qovuşublar. O şəxslər ki, namazda Allaha təzim edirlər (hörmətcil və itaətkardırlar)”. (Muminun, 23/1-2)

Bəzi insanlar da xüşulu olmaq üçün namazda öz şeyxi (təriqət rəhbəri) barədə fikirləşirlər. Bu, Allaha qarşı hörmətsizlikdir. Şeytan belə edənə vəsvəsə vermir. O da elə güman edir ki, namazını xüşu ilə qılır. Halbuki, şeytan Allahdan möhlət aldığı vaxt belə demişdi:

“Ey Rəbbim! Məni yoldan azdırmağının müqabilində onlar üçün bu dünyada qəti qurətdə (öz pis əməllərini onlara yaxşı əməl kimi göstərərək) bəzək-düzəklə məşğul olacağam, onların hamısını başdan çıxardacağam. Ancaq sənin bəndələrini, onların ixlaslı (səmimi) olanlarını yox”. (Hicr, 15/39-40)

İxlas əsas etibarilə Allahdan başqa hər şeydən uzaqlaşmaq deməkdir. İbadət vaxtı Quran ayələri və peyğəmbərin (s. a. v.) hədislərində olmayan bir hərəkətə yol vermək ixlası aradan qaldırır və şeytan üçün bir növ zəmin hazırlayır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.