Müsəlmanlar

Əsrlə şam arasında yatmaq təhlükəlidir?

Sual: Əsr namazı ilə şam namazının arasındakı vaxtda yatmaq təhlükəlidir? Deyilənə görə bununla əlaqədar bir hədis var. Xahiş edirəm, bu barədə məlumat verin.

Cavab: İbn Ədiyy, İbn Hibban, Əbu Nueym, İbnu-s-Sünni və Əcluni kimi bəzi hədis alimlərinin kitablarında aşağıdakı kimi bir hədis qeyd edilib:

“Kim əsr (ikindi) namazından sonra yatsa və ağlını itirib havalansa, özünü qınasın. Başqasını və başqa bir şeyi deyil!”

İbn Rahəveyh və Sədani bu hədisin isnadındakı Xalid ibn Qasım haqqında “yalançı”, İmam Buxari və Nəsai “mətruk”, İbn Hibban isə “onun hədisini yazmaq halal deyil”, – deyə öz fikirlərini bildiriblər.

Hədisin digər bir rəvayətində isə Abdulla ibn Ləhia olduğuna görə hədis alimləri də bu hədisi zəif qəbul ediblər. ((Ətraflı məlumat üçün baxın: əl-Heysəmi, məcməu-z-zəvaid və mənbəu-l-fəvaid, 5-ci cild, s. 116; İbnu-l-Cövzi, kitabu-l-mövzuat, təhqiq edən Tofiq Həmdan, 2-ci nəşr, Daru-l-kutubi-l-elmiyyə nəşriyyatı, Beyrut, 2003, 2-ci cild, s. 263; Əbu-l-Həsən Əli ibn Muhəmməd ibn Ərraq əl-Kinani, tənzihu-ş-şəriəti-l-mərfua ani-l-əxbari-ş-şəniati-l-mövzua, təhqiq edən Abdulvahhab ibn Abdullətif, Abdulla Muhəmməd əs-Siddiq, 2-ci nəşr, Daru-l-kutubi-l-elmiyyə nəşriyyatı, Beyrut, 1981, 2-ci cild, s. 290, hədis nömrəsi 30; Muhəmməd ibn Əli əş-Şövkani, əl-fəvaidu-l-məcmua, təhqiq edən Abdurrahman əl-Müəllimi, 2-ci nəşr, Beyrut, 1392 (hicri), s. 216, hədis nömrəsi 649.))

Qeyd edək ki, bu zəif hədisə əsaslanan bəzi alimlər ikindi vaxtından sonra yatmağı məkruh hesab ediblər.

Həmin alimlərin başqa bir əsasları da var. Bu da öz növbəsində ikindidən sonra yatmağın sağlamlıq baxımından zərərli olması haqqındadır. Belə ki, kütləvi informasiya vasitələrində də vaxtaşırı olaraq bu barədə məlumatlar verilir. Buna belə bir misal vermək olar:

“Saat 22:00-də təzyiq və ürək döyüntüsündəki say düşür, saat 04:00-dən sonra təzyiq yüksəlir və ürək döyüntüləri artır. 15:00-18:00 saatları arasında ən yüksək həddə çatır. Deməli, təzyiq və ürək döyüntüsünün yüksək həddə çatdığı və hüceyrələrin ən yüksək səviyyədə metabolizə olduğu bir vaxtda – ikindi vaxtında yatmamaq lazımdır. Əks təqdirdə bu, yüksək təzyiq və ürək xəstəliklərinə səbəb ola bilər.” ((Doktor Aslan Maydadan nəql etməklə İbrahim Işık, Din və elm baxımından yatmaq vaxtları, Təfəkkür jurnalı, il 2006, nömrə 8, Türk dilində: http://www.tefekkurdergisi.com/icerik.asp?dergi=8&konu=216 ))

Materiallardan istifadə zamanı mənbə  göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.