Müsəlmanlar
Ölünü basdırandan sonra namazını qılmaq olar?

Ölünü basdırandan sonra namazını qılmaq olar?

Sual: Bir neçə gün bundan qabaq bizim kənddə belə bir hadisə baş verdi: 12 yaşında bir qız uşağını tok vurdu. O dəqiqə xəstəxanaya apardıq. Ancaq heyf ki, öldü. Xəstəxanadan gətirib mollaya xəbər vermədən torpağa tapşırdıq. Molla bunu eşidən kimi qəbristanlığa gəldi. O gələndə biz meyyiti təzəcə basdırıb qurtarmışdıq. Təbii ki, meyyit namazı qılınmamışdı. Məsələni öyrənən molla meyyit namazını ölü qəbirdə ola-ola qıldırdı. Bu nə dərəcədə düzdür? İslamda buna icazə var? Bir də bilmək istəyirəm ki, Şafi məzhəbində ayaqqabı ilə qılınan meyyit namazı haqqında nə deyilir?

Cavab: Əgər ölü hər hansı bir səbəbə görə meyyit namazı qılınmamış dəfn olunubsa, həmin namazı sonradan qəbrin üstündə qılmaq olar. Bunun dəlili aşağıdakı hədislərdir:

Əbu Hüreyrədən rəvayət olunur:

Zənci bir kişi (və yaxud qadın) məscidi süpürüb təmizləyirdi. Bir gün o öldü. Ancaq peyğəmbərimiz onun ölümündən xəbər tuta bilmədi. Yəni, ona bu barədə bir söz deyən olmadı. Bir gün peyğəmbər o şəxsi xatırlayıb soruşdu ki, bu adam heç görsənmir, hardadır belə? Əshabələr cavab verdilər ki, o ölüb. Peyğəmbər dərhal soruşdu: “Məgər onun öldüyünü mənə də deməli deyildiniz?”. Əshabələr: “O belə oldu, filan oldu”, – deyə, həmin adamın əhvalatını danışdılar. Burada ravi deyir: “Əshabələr bu sözləri ilə o adamı kiçik və əhəmiyyətsiz hesab etdilər”. Peyğəmbər buyurdu ki, onun qəbrini mənə göstərin. Ardınca da qəbir üstünə getdi və namaz qıldı. ((Buxari, Cənaiz, 66; Müslim, Cənaiz, 71 (956).))

Səid ibn Müseyyibdən rəvayət olunur: Peyğəmbər Mədinədə deyildi. Bu vaxt Səidin anası ölmüşdü. Həzrəti peyğəmbər Mədinəyə gəldiyi vaxt ona meyyit namazı qıldırdı. Aradan 1 ay keçmişdi… ((Tirmizi, Cənaiz, 47.))

İndi isə o biri sualınıza keçək: Halil Günenç tərəfindən yazılıb hazırlanan böyük Şafi elmihalı adlı kitabda ayaqqabı ilə namaz qılmaq barədə belə deyilir:

“Ayaqqabı ilə meyyit namazı qılmaq düz deyil. Əgər ayaqqabı təzə alınıbsa və hələ kirlənməyibsə, meyyit namazını təzədən qılmaq sünnə deyil. Lakin təkrar olunmağı, yəni, ayrı-ayrı şəxslər və camaat tərəfindən qılınmağı sünnədir”. ((Halil Günenç, büyük Şafii ilmihali, Hilal nəşriyyatı, 2-ci nəşr, s. 177.))

Lakin peyğəmbər (s. a. v.) ayaqqabılı namaz qılıb. Onun dövründə Məscidi-nəbinin (peyğəmbər məscidi) döşəməsində indiki kimi xalça-palaz yox idi. Yer daş və torpaq idi. Ona görə torpağın üstündə namaz qılındığı vaxt ayaqqabıları soyunmaq lazım deyil. Yaxşı olar ki, yerin təmiz olub olmadığına baxılsın və əgər namaz qılmağa mane olan natəmiz bir şey varsa, təmizlənsin. Bu halda ayaqqabılı namaz qılmaq olar.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2845.html

http://www.muselmanlar.com/fitvalar/2847.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.